Kvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq
Müəssisələrdə
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər
üçün kvota üzrə iş yerlərinin ayrılmasına, həmin şəxslərin kvota üzrə işlə təmin
edilmələrinə elektron nəzarət sistemi qurulacaq.
Sistemin
qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərinin
elektron infrastrukturunun yaradılması çərçivəsində həllini tapacaq. Nazirliyin
mərkəzləşdirilmiş elektron informasiya sistemində gələn ilin əvvəllərində hazır
olması nəzərdə tutulan məşğulluq altsistemi Əmək Müqaviləsi Bildirişi üzrə
Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində işləyəcək. İşəgötürənlərin
elektron sistemə təqdim etdikləri məlumatlar əsasında müvafiq müəssisələrdə
işçilərin və ştatların sayı, qanunvericilik əsasında işçi sayına uyğun
kvotaların ayrılması vəziyyəti operativ şəkildə müəyyən olunacaq. Bu da həmin
sahədə müəssisələrdə yol verilən nöqsan və çatışmazlıqları aşkar etməyə imkan
verəcək.
Xatırladaq ki,
29 iyun 2018-ci il tarixli "Məşğulluq haqqında” Azərbaycan Respublikası
Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən
şəxslərin kateqoriyalarına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə
edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə
yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.
Qanunvericiliyə əsasən,
müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı
sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5
faizi miqdarında kvota yeri həmin insanlar üçün müəyyən edilməlidir.