• şənbə, 20 Aprel, 06:20
  • Baku Bakı 14°C

Kürü tökən balığın ovlanması cinayətdir

04.03.17 11:30 6982
Kürü tökən balığın ovlanması cinayətdir
Balıq qida rasionumuzun ən vacib elementlərindən biridir. Vitamin, mineral və proteinlə zəngindir. Ancaq balığın bir "əmması” var. Deyirlər, "r” hərfi olmayan aylarda balıq yeməzlər. Bunu deməyinə hamı deyir, lakin çoxu səbəbin nə olduğunu bilmir. Səbəblərdən biri budur ki, "r” hərfi olmayan aylarda yəni, may, iyun, iyul, avqust aylarında bəzi balıqlarda kürü tökmə mövsümü olur. Bu səbəbdən də, həmin dövrdə kürü tökən balıqları ovlamaq olmaz. Çünki kürü tökən balığı ovlasaq, bu zaman o kürü tökə bilməyəcək və nəsli kəsilmək təhlükəsi yaşayacaq. Ümumiyyətlə, balıqları qorumaq üçün nə etmək lazımdır? Balığın kürü tökən vaxt ovlanmasının qadağan olunub-olunmamasını, qadağa varsa, ona necə riayət olunduğunu, qanuna riayət etməyənlər üçün hansı tədbirin görüldüyünü aydınlaşdırmağa çalışdıq.
Aprel, may ayları balığın kürü tökən vaxtı...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN|) Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi departamentinin baş müfəttişiİsmayıl Yunusov bildirdi ki, qanunda belə bir qadağa var: "Aprel, may ayları balığın kürü tökən vaxtı olduğuna görə həmin müddətdə balıq ovuna qadağa qoyulub. Bu işə nazirliyin nəzdində fəaliyyət göstərən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti nəzarət edir. Mühafizə xidməti bilavasitə bu işlə məşğul olur. Xüsusilə nəzarət edilir ki, həmin qadağan olunmuş müddətdə balıq ovu olmasın. Əgər həmin müddətdə qanuna riayət etməyib balıq ovlayan olarsa, bu zaman inzibatı qaydada protokol tərtib edilir və məsuliyyətə cəlb olunur. Balıq ehtiyatlarına vurulan ziyana görə iddia qaldırılır, müvafiq mühafizə orqanlarına verilir və müəyyən tədbirlər görülür. Bu tədbirlər inzibati cəzalar və cərimələrdir. Ancaq vətəndaş həddi aşarsa və qanun pozuntusu halları bir neçə dəfə təkrarlanarsa, bu zaman cinayət işi qaldırılır”.
Bütün balıqlar eyni vaxtda kürü tökmür...
Amma yaz-yay aylarında ovu qadağan olunsa da, bazalarda balıq satıldığını, kafe və restoranların menyusunda balıq təklif edildiyini də görürük. Bəs bu paradoks haradan qaynaqlanır? Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayevbildirdi ki, balıq ovuna nəzarəti ETSN-nin tərkibindəki Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti edir: "Hansı balıqların tutulması hansı aralıqda qadağandır, bu dəqiq göstərilir. Bütün balıqlar eyni vaxtda kürü tökmür. Elə balıqlar var ki, kürü tökməyə aprelin əvvəllərindən başlayır. Hazırda kürü tökən balıqlar yırtıcı olanlarıdır. Onlar da çox dərində kürü tökürlər deyə, ovlamaq çətindir. Bazarda da onlardan azdır. Hazırda kütləvi şəkildə satılan balıqlar kütüm, çarpan və s-dır. Onların da kürü tökmə vaxtı aprelin axırları, mayın əvvəlləridir. Kürü tökmədən bir az əvvəl əksər balıqlar qidalanmır. Onlar bədənlərində olan piydən istifadə edirlər və müəyyən qədər arıqlayırlar. Ona görə bu ərəfədə tutulan balıqların dadı olmur. May ayına doğru getdikcə həmin balıqların sayının azaldığını görəcəksiniz. Çünki əksər balıqların kürü tökmə vaxtı may ayından başlayır, iyun , iyul, avqust hətta sentyabr ayına kimi davam edir”.
"Balıqçılıq haqqında” qanunda göstərilib ki...
N.Mustafayev həmçinin bildirdi ki, hazırda qüvvədə olan "Balıqçılıq haqqında” qanunda balıqların ovlanma vaxtı göstərilib. "Qanunda göstərilib ki, hansı balıq nə zaman tutula bilər. Bazarlarda indi ən çox rast gəlinən çəki, xanıbalığıdır. Bunlardan xanıbalığı təbii şəraitdə kürü tökə bilmir. Onlara nəsil almaq üçün xüsusi inkubasiya sexlərində iynə vururlar. Bu balıqlar 60-cı illərdə Azərbaycana gətirilib və əsasən şəxsi təsərrüfatlarda yetişdirilir. Bu balıqların xüsusilə Neftçala, Salyan və aran rayonlarında yetişdirildiyini görürük”.
Bu vaxt balıq ovlamaq kütləvi qırğındır
Balıqların ovlanması ilə bağlı balıqçıların fikrini öyrənməsək olmazdı. Onların fikrincə, balıq ovu üçün ən əlverişli mövsüm payız, qış və yaz ayları hesab edilir. Yay, xüsusi ilə də el arasında deyildiyi kimi, adında "r" hərfi olmayan aylarda balıq tutmaq məsləhət görülmür.Balıqçı Malik Mehrəliyev deyir ki, "yayda balıqlar kürü qoyduqları üçün balıq ovu ilə məşğul olmaq məsləhət deyil. Həm hava isti olur, həm də bu vaxt balıq ovlamaq kütləvi qırğın hesab edilir".
Mütəxəssislərin söylədiklərindən belə bir nəticəyə gəlmək olar ki, yay aylarında balıq ovu ilə məşğul olmaq məsləhət deyil.
Sonda yazını bir deyimlə sonladırıram... "Yaxşılıq et at dənizə, balıq bilməsə də, xaliq bilər”. Əgər balığa yaxşılıq etmək istəyirsinizsə, kürü tökən vaxt onları ovlamayın. Yoxsa, bəzi nəsli tükənən heyvanlar kimi balıqların da nəsli kəsiləcək.
Günel Azadə
banner

Oxşar Xəbərlər