• cümə axşamı, 28 mart, 20:28
  • Baku Bakı 13°C

Kürsüsevərlər Rusiyanı işğal edib

05.06.13 09:54 2106
Kürsüsevərlər Rusiyanı işğal edib
Rus mənbələri abxaz anasına görə onu abxaz, rus dilində yazdığına görə rus yazıçısı adlandırırlar. Ancaq mənbələr Fazil İskəndərin Suxumidə iranlı kərpic zavodu sahibinin ailəsində doğulduğunu göstərir.
İndi onun 85 yaşı var. Ayaq üstdə çətin durur. Fikrini də qısa cümlələrlə ifadə edir. Ancaq bu yaşa çatana qədər onlarla nəsr və şeir kitablarına imza atıb. Əsərlərinin çoxu ekranlaşdırılıb. Sovet kinosunun arxivində onun əsərləri əsasında ekranlaşdırılan.......”Böyuk seksin kiçik nəhəngi”, “Xoşbəxt tapıntılar zamanı”, “Çeqem dedektivi”, “Qanuni oğru”, “Yaxşı olarkən ayrılaq” və s. filmlər yer alıb.
Əsl yazıçı olmağa cəhd
- Fazil Abduloviç, sizi həyatda ən çox sevindirən nədir?
- Yaxşı kitab məni daha çox sevindirir. Bundan əlavə, əlbəttə, yaxşı adamlar. Nə vaxt ki, onlarla tanış oluram biz yaxınlaşırıq. İllər keçdikcə insan münasibətləri zəifləyir. Gənclikdə isə o, daha böyük məna daşıyır.
- İnsan yaşa görə çox dəyişir?
- O insana baxır.
- Siz xoşbəxtsiniz ki, məşhur yazıçı olmusunuz?
- (Gülümsəyir) Amma mən bu barədə düşünmürəm. Amma ümumilikdə ədəbiyyata verdiklərimə görə məyus deyiləm.
- Siz şöhrətpərəst idiniz?
- Hə, olmuşam, amma ölçüsündə. Şöhrətə çox da can atmamışam.
- Yazıçı üçün əsas nədir?
- Özünün şəxsi, ən güclü hisslərini yaradıcılığa gətirmək. Baxır ki, hər yazıçı bunu necə həll edir. Ən güclü hisslərə toxunmaq yazıçının daxili imkanlarını üzə çıxarır. İncəsənətin əsas ləzzəti nə vaxtsa nəyisə təkrar etmək deyil, indi olanları göstərməkdir.
- Siz uşaqlıqda bilirdiniz ki, yazacaqsınız?
- Yox, əlbəttə… Mən ümumiyyətlə, ədəbiyyatı həmişə çox sevirdim və çox oxuyurdum. Uşaqlıqda, gənclikdə və başqa illərdə. Görünür, başlanğıcda hansısa həvəs vardı, amma mən onu hiss etmirdim. Amma sonra… tədricən… Uşaqlıqda atam mənə «Taras Bulba»nı oxuyurdu. Bu, mənim qəlbimə təsir edirdi. Ancaq bu hisslər yaradıcılıqla bağlı deyildi. Mən bu barədə düşünmürdüm. Mənim həyatımda ədəbiyyat həmişə əsas olub. Mənim ona marağım böyük idi, ancaq həyatımın marağı kimi deyildi. Sonradan belə alındı... Mən əsl yazıçı olmağa çalışırdım.
Ruh… ruh…
- Sizin üçün uşaqlıq nə deməkdir?
- Mən uşaqlıqda çox yazırdım və indi çox şeylər xatırlayıram. Onlar çox sevincli və kədərli təəssüratlardır. Uşaqlıq - dünya ilə yaranan ilk münasibətdir.
- Sizin heç vaxt abxaz dilində yazmaq meyliniz olmayıb. Bu qədər aydın rus diliniz hardandır?
- Bütün hallarda rus dili mənim üçün əsas dildir. Mən rus məktəbində oxumuşam. Suxumidə hamı rus dilində danışırdı. Abxaz dili isə bizim ev dilimiz idi. Abxaz dilində yazmağı məsləhət görürdülər, amma mən deyilənlərə qulaq asmırdım. Mən ümumiyyətlə, alman, ingilis dillərini öyrənmişəm, amma hazırda iki dili bilirəm – rus və abxaz dillərini.
- Sizə yazmağa nə kömək edirdi?
- Fikrimcə, ilk növbədə istedad və əmək. Mən dərhal başa düşdüm ki, hekayələr üzərində çox işləmək lazımdır ki, o, layiqli çıxsın. Əvvəlcə necə yazılmalıdırsa elə yazırdım. Sonra isə hər cümlə üzərində işləyirdim. Düzəlişlər edir, yenidən “maşinka”da çap edirdim. Hətta, iki-üç dəfə çap etdiyim vaxtlar olurdu. “Maşinka” sınırdı, hərflər qaçırdı. İşə on səhifə ilə başlayırdım, amma bəzən 90 səhifə ilə bitirirdim.
- Olub ki, heç yazmaq istəməmisiniz.
- Bu, ilhamın olmaması ilə bağlı olub. Mən heç vaxt özümü yazmağa məcbur etməmişəm. Olub ki, aylarla yazmamışam. İş əhvalla bağlıdır. Demək, ürək istəməyib. Amma sonra mən günlərlə və gecələrlə yaza bilirdim. Müəyyən şeylər vardı ki, məni məyus edirdi. Mən bir çox şeylərdən imtina edirdim.
- Alkoqol və ədəbiyyat…
- Fikrimcə, yazıçıya alkoqoldan uzaq olmaq lazımdır. Mən həmişə ayıq vəziyyətdə yazmışam.
- Elə yazıçılar olubmu ki, onlarla həqiqətən dostluq etmisiniz?
- Olub, amma əksəriyyəti məndə elə də təsir buraxmayıb. Mən həmişə özümü müstəqil hiss etmişəm. Mənim heç kimlə dərin yaradıcılıq yaxınlığım olmayıb.
- Ədəbiyyatda gülüş vacibdir?
- Əgər səndə bu istedad varsa – yumoru hiss edir və başa düşürsənsə, bu, çox gözəl xüsusiyyətdir. Əgər yoxdursa, bunu süni surətdə ortaya atmaq lazım deyil. Səfehliyi çıxdıqdan sonra yumor həyatın laliq sevincidir. Səfehliyi anlamaqla biz yumora sevinirik, baxmayaraq ki səfehliyi çıxdıqda həyatda dərrakədən başqa heç nə qalmır.
- Maraqlı formula var, yəni bunun üzərində düşünməyə dəyər: Sizin ciddi ehtiraslarınız olub?
- Yox… Bəlkə də olub... Sevmək... Bu, ən ciddi ehtirasdır.
- Bəs qorxu?
- Qorxu da olub. Amma hansısa təşviş dərəcəsinə çatmayıb. Dövlət polisi qarşısında qorxu var idi.
- Bəs sizi ümidsizlikdən nə xilas edir?
- Hansısa daxili məqsədəuyğunluqla yaşamağı bacarmaq, ali məqsədi müşahidə etmək, qəfil zərbələrdən qorxmamaq. Vacibdir ki, arzuolunmaz bəhanələrlə insanların üzərinə və lazımsız istiqamətlərə getməyəsən. Namuslu, ləyaqətli və xeyirxah olmaq lazımdır. Əlbəttə, insanda əsas olan vicdandır. Vicdan insanı yumşaldır, bu, təbiət tərəfindən verilən böyük bəxşişdir. Fikrimcə, güclü vicdan hissindən kənara çıxmaq çətindir. Vicdan hissi həyatı yüngülləşdirməyə və yaşamağa kömək edir.
- Siz mömin adamsınız?
- Sizə necə deyim… Mən Allaha inanmağa meyilliyəm. Amma özümdə güclü möminlik hiss etmirəm. Əgər insan dindardırsa, demək, o, qəlbinin dərinliklərində inamlıdır.
- Kitablar insanlara kömək edir?
- Mütaliə zamanı, xüsusən gərçəkdən xoşum gələn kitabları oxuyarkən mənim ruhum yüksəlir, özümü möhkəm hiss edirəm.
- Ədəbiyyatda əsas olan nədir: dil, süjet, ideya?
- Ruh… ruh…
- Sizcə ideya da mütləqdir?
- Əlbəttə, ruh özünün hansısa ideyasını möhkəmləndirir. Ədəbiyyatın məqsədi ədəbi olmasıdır. Birincisi, düzlük və istedad, ikincisi, ustalıq. Fikrimcə, mərhəmət fikrin özündə olmalıdır və bu fikir mənim iradəmdən asılı olmayaraq yaranır.
- Doğulandan bu günə qədər?
- Hə, bu günə qədər.
- Bəs Lermontov?
- O, pessimist və dahi idi.
- Bəs siz?
- (Gülümsəyir) Demək çətindir. Yaranışdan optimistəm və hansısa optimist fikirlərə tabe oluram. Öz oxucuna faydalı ola biləcəyini unutmamaq vacibdir.
- Siz yazdığınız zaman oxucu sizin üçün vacib idi?
- Mən bu barədə düşünmürdüm. Amma şüuraltı lazım idi.
- Siz «Xəbərlər»i izləyirsiniz?
- O qədər də yox. Mən gənclik illərində siyasətə daha çox meyilli idim. Mən özümü o qədər də saxlaya bilmirdim və hansısa kollektiv və ya şəxsi etirazları yazırdım. Buna görə kifayət qədər zərbələr aldım. İndi isə baş verənlərlə o qədər də əlaqəli deyiləm.
- Necə fikirləşirsiniz, cəmiyyətin ideal mexanizmi mümkündürmü?
- Yox, ideal cəmiyyət mümkün deyil. Çünki insan yaranışdan ideal deyil. Yadda saxlamaq lazımdır ki, kollektiv məsuliyyət olmur. Yalnız şəxsi məsuliyyət hissi var. Xəcalətdən yalnız fərdi surətdə qızarmaq olar, kollektiv surətdə yox.
- Bugünkü Rusiya haqqında nə düşünürsünüz?
- Fəlakətlər əlbəttə, çoxdur. Mənə elə gəlir ki, kürsüsevərlər Rusiyanı işğal ediblər.
- Kürsüsevərlər? Siz məmurları nəzərdə tutursunuz?
- Onları deyirəm. Bu çətin vəziyyətdən çıxmaq o qədər də tez olmayacaq. Məncə Rusiya öz qüvvəsini və öz təsir gücünü buraxmamalıdır.
- Keçmiş cəbhədən qalan yaxşı miraslar nədir?
- Mənim fikrimcə, hakimiyyət yazıçının nə yazdığına az fikir verməlidir. Əvvəllər bu, daha ciddi idi. Bu, mənə həmişə toxunurdu ki, istedadlı insanı çap etmirdilər. Guya onun istedadı düzgün istiqamətlənməyib. Çox yazdıqlarım var ki, mən onları heç yerə çap olunmağa verməmişəm. Əvvəlcədən bilmişəm ki, senzura buraxmayacaq. Amma bu gün yazıçıların nüfuzu azalıb. Ancaq rus ədəbiyyatının əsası deməyə imkan verir ki, onun inkişafı dayanmayacaq.
- Bəs, çıxıb getmək cəlbedici deyildi?
- Heç vaxt. Bu, insandan asılıdır.
“Literaturnaya qazeta”dan tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər