Kurortlar muzeyi
"Keçən
il mart ayında Truskavetsdə bütün ağaclar çiçək açmışdı. İndi isə hər tərəf
qarla örtülüb. Uzun illərdir ki, şəhər belə soyuq və şaxtalı hava görməmişdi...”
Yerli sakinlər Qərbi Ukraynanın Lvov vilayətinin çox da böyük olmayan bu balaca
şəhərində mart ayının soyuq və qarlı havası ilə üzləşən qonaqlara təbiətin
şıltaqlığından gülə-gülə danışırlar.
Lvovdan
Truskavetsə qədər yolda küçələrin kənarlarını, evlərin damını, həyət-bacaları
örtən qarın bəyazlığı insana qəribə bir nostalji gətirir. Şaxtalı havanın sakinlərini
evlərə qovduğu kiçik kəndlər, az qala meşəni xatırladan hündür ağaclar, balaca
taxta evlər, uzun-uzadı boş torpaq sahələri bir -birini əvəzlədikcə Truskavets
– kurortlar muzeyi görünür...
Karpatyanı ölkələrin "mirvari”si
Truskavets
şəhərini Karpatyanı ölkələrin "mirvari”si adlandırırlar. Sakit, rahat və balaca
şəhər istirahət və müalicə olunmaq istəyən insanlar üçün əsl tapıntı hesab
olunur. Truskavets bütün dünyada təbii mineral su ehtiyatları və təbii
karbohidrogenlərlə məşhurdur. Karpat dağlarının ətəklərində yerləşən unikal balneoloji və kurort şəhərini əhatə edən sıx Karpat meşələri – təbiətin ecazkar tablosunu
xatırladır. Şəhər 19-cu əsrdən özünün müalicəvi mineral su mənbələri və reabilitasiya
mərkəzləri ilə məşhurdur. Burada hər il minlərlə insanın üz tutduğu
sanatoriyalar, poliklinikalar, müalicəvi su ocaqları, çoxlu sayda özəl
pansionatlar var. Truskavetsə qaraciyər, böyrək, ürək, mədə, osteoxondroz və s.
problemləri olan insanlar gəlir. Şəhərin bütün infrastrukturu, demək olar ki,
insanların sağlam və rahat istirahətləri və müalicəsi üçün qurulub. Bu şəhərə gələn
insanların yaş həddi isə "pansionatlar və sanatoriyalar qocalar üçündür”
deyimini çoxdan alt-üst edib. Məsələn, məşhur "Karpatı” sanatoriya-otelində
uşaqdan tutmuş böyüyə qədər bütün yaşlarda insanlara rast gəlmək mümkündür.
Yüksək və keyfiyyətli xidməti, personalın və həkim kollektivinin peşəkarlığı
demək olar ki, bu sanatoriyanı dünyada tanıdıb. "Karpatı”da dincələnlər və
müalicə olunanlar təkcə bu xidmətin şahidi olmurlar, həmçinin sanatoriyada
keçirilən mədəni tədbirlərdən zövq alırlar.
Dağ, meşə, göl...
Truskavetsin tədqiqatçısı İvan
Skibak
təkcə şəhərin tarixi haqqında məlumat vermir, həmçinin Truskavetsin tarixi
tikiləri ilə tanışlığa həvəslə bələdçilik edir. "Truskavetsin coğrafi ərazisi
gözəldir - dəniz səviyyəsindən 350-400 m hündürlükdə yerləşir” - deyə tədqiqatçı
söyləyir: "Dağlarla və meşələrlə əhatələnib, yaxınlıqda göl var – bu da təmiz
dağ havası deməkdir. Gözəl təbiət, rütubətli olsa da, yumşaq iqlim, müasir
Avropa səviyyəli kurortların olması, müasir tibbi avadanlıqlar, uyğun otellər
insanların müalicəsi və istirahəti üçün əla imkan yaradır”. İ.Skibakın
araşdırmasına görə, şəhərin ilk yazılı mənbəsi 1427-ci ilə aiddir. Arxeoloji
qazıntılar ilk tapıntıların eramızdan əvvəl 4-5-ci əsrlərə aid olduğunu göstərir:
"Şəhərdəki qalalar, kilsələr hamısı Truskavetsin qədimliyindən xəbər verir”. Tədqiqatçı
şəhərin adını dünyaya tanıdan kurortun tarixindən də danışır: "1828-ci ildə
Truskavets kurortunun əsası qoyulub. Keçən il kurortun 190 illiyi qeyd edilib.
Qəzetlərdə bu mənbələr haqqında məlumat yayılandan sonra isə Truskavetsin şöhrəti
dünyaya yayılmağa başlayıb. Ancaq Truskavetsin kurort kimi inkişafı asan
olmayıb. Gah dövlətin nəzarətində olub, gah sahibkarların nəzarətinə keçib”.
Truskavetsdə
yerləşən ən qədim Byüvetin əsası 19-cu əsrdə qoyulub. Baxmayaraq ki, Truskavetsin müalicəvi suları çoxdan məlumdur, bu mənbələr haqqında ilk dəfə
olaraq 1578-ci ildə tanınmış həkim Voyçex Oçke yazıb. 1721-ci ildə isə
droqobıçlılar neft və ozokerit tapıblar və bu yolla əldə etdikləri kerosin küçələrin
işıqlandırılması üçün istifadə olunub. Daha sonra isə içməli su məqsədi ilə bir
neçə su mənbələri tapılıb. 1833-cü ildə "Mariya”, 1835-ci ildə "Naftusiya”,
1842-ci ildə xlorid və sulfatlı "Sofiya”, 1858-ci ildə «İmanuel və Anna» və s.
su mənbələri aşkarlanıb. 1892-ci ildə şəhərdə Vaşmutun inqalyasiya (maddələrlə
nəfəs alma vasitəsilə müalicə) sistemi ilə bağlı mərkəzin tikilməsi Truskavetsi
Avropa sağlamlıq səviyyəsinə qaldırıb. Burada otellər, villalar, pansionatlar
tikilib. "1911-ci ildə Truskavets Raymund Yaroşın rəhbəri olduğu kommersiya
aksioner cəmiyyətinin əlinə keçib. Yaroş qarşısına kurortu avropalaşdırmaq məqsədini
qoyur. Yeni sahib küçələrin və park ərazilərinin işıqlandırılmasını həyata
keçirib. 1909-cu ildə çox da böyük olmayan dəmir yolu stansiyası qurulub.
Truskavets dəmir yolu vasitəsilə Lvov, Vyana, Varşava, Praqa, Krakov, Berlinlə əlaqəli
olub. 1913-cü ildə kurortun inkişafında qazandığı uğurlara görə şəhər böyük
qızıl medalla təltif olunub. Dəmiryolu çəkiləndən sonra isə insanlar kurorta
axınla gəlməyə başlayırlar. Daha sonra burada da Sovet hakimiyyəti qurulub və
bütün villalar onların əlinə keçib”. Tədqiqatçının
sözlərinə görə, Truskavetsin aktiv inkişafı sovet dövründə – 50-60-cı illərdə
başlayıb. Şəhərin baş planı da məhz o dövrdə qurulub.
Sonrakı
illərdə də şəhərdə istirahət edənlərin sayı artıb. Müharibədən əvvəlki illərdə
şəhərdə bir neçə sanatoriya fəaliyyət göstərib. Truskavets zaman-zaman
ümumittifaq sağlamlıq mərkəzi statusunu alıb, bura hər il on minlərlə insan üz
tutub.
Truskavets, həmçinin kilsələri, qalaları, muzeyləri və digər tarixi
abidələri ilə zəngindir. Müqəddəs Nikolay kilsəsi, Müqəddəs Pokrov kilsəsi, arqan
musiqi konsertlərinin keçirildiyi Polşa katolik kilsəsi, muzeylər, restavrasiya
olunmuş digər tarixi tikililər şəhərin simasını bəzəyir. Şəhərə üz tutan
insanlar, həmçinin onun tarixi siması ilə tanış olur, böyük, yaşıl parklarında
istirahət edir, Karpat meşələrinə səyahət edirlər. İnsanlarının mehriban olması
da gələn qonaqlara xoş təsir edir. Bazarda, küçə kənarında satılan yerli məhsulların
dadına baxıb alıcısı olmaqla, satıcıların üzündə sevinci görməyin ayrıca ləzzəti
var. Həmçinin şəhərdə türk, hind, çin, özbək, gürcü və s. xalqların mətbəxlərinə
də rast gəlmək olur. Şəhərin mağazalarında "Azəriçay”a rast gəlmək isə ayrıca
qürur hissı doğurur.
Maqomayevin mahnıları
Truskavets
şəhərində vaxtilə məşhur insanlar qonaq olub. Bu şəhərin qulaqlarında hələ də
Müslüm Maqomayevin nəğmələri səslənir. Mədəniyyət sarayında məşhur müğənni dəfələrlə
çıxış edib. 1975-ci ildə tikilən «Truskavets» qonaq evini "Maqomayev bu oteldə
qalırdı” deyə xüsusi rəğbətlə göstərirlər. "Həmçinin Polad Bülbüloğlu, İosif
Kobzon, Sofiya Rotaru və b. ulduzlar həmin mehmanxanada qalırdılar. O zaman
artıq Truskavets Sovet İttifaqının beynəlxalq səviyyədə olan ən nüfuzlu kurortu
sayılırdı. Sonra otellərin sayı artmağa başladı”. İndi "Truskavets” oteli "Truskavets 365 hotel” adı ilə fəaliyyət göstərir.
Uyğun qiymətləri və xidmətləri turistləri uzun illərin bu məşhur otelinə cəlb edir.
Keçən
il bu şəhərdə dünyanın 67 ölkəsindən insanlar istirahət edib. Bu da Truskavets
sanatoriyalarının dünyada tanınmasından xəbər verir. Həkimlərin dediyinə görə,
Kanada, ABŞ, Avropa ölkələri, keçmiş Sovet İttifaqının bütün ölkələrindən bura
müalicə və istirahətə gəliblər. Bu şəhər azərbaycanlıların da sevimli istirahət
yeridir. Həmçinin azərbaycanlı iş adamlarının bu şəhərdə restoranları, ticarət
mərkəzləri fəaliyyət göstərir. O cümlədən azərbaycanlı iş adamları bu şəhərdə
müalicəvi otelin tikintisini də nəzərdə tutublar: "Yeni investisiyalar gələndə,
təzə otellər tikiləndə, bu xidmətin keyfiyyətinə, rəqabətə yaxşı təsir edir.
İnsanlar daha çox gəlir. Şəhər rəhbərliyi turizmin inkişafı, turistlərin daha
çox cəlbi üçün əlindən gələni edir”. «Karpatı», «Mirotel», «Green Park», «Rixos
hotel”, "Lisova Pisnya”, "Truskavets 365 hotel” və s. otellər yüksək xidməti ilə
seçilən otellər sırasına daxildir. Şəhər turizmin inkişafı üçün bütün
potensialından istifadə edir. Əlbəttə, hələ xidmətin tam ideal olduğunu da demək
olmaz. Ancaq turist cəlbi, xidmət səviyyəsini yüksəltmək, infrastrukturu
yaxşılaşdırmaq üçün şəhər demək olar ki, dəridən-qabıqdan çıxır. Şəhər təkcə
müalicəvi turizmi ilə deyil, həmçinin turizmin digər növləri üzrə də xidmətlərini
nəinki təklif edir, hətta onları günü-gündən yaxşılaşdırır. Şəhərdəki turizm
şirkətləri ilə yanaşı, otellərin özləri də Ukraynanın yaxın şəhərlərinə, hətta
xarici ölkələrə ekskursiyalar təklif edirlər. Ona görə də şəhərin adının təkcə
insanların müalicəsi ilə bağlı olmasını istəmirlər: "Truskavetsdə müalicəvi və
istirahət turizmi ilk yerdədir. Bununla yanaşı, piyada, piknik, dağ-xizək,
tibbi, təbiət və s. turizm növləri də əla inkişaf edib”.
Bir
sözlə, Truskavetsdə turizm adına hər şey var. Əsas odur ki, insanlar gərgin həyat
ritmindən uzaqlaşıb arada öz istirahət və müalicələri haqqında düşünsünlər.
Təranə Məhərrəmova
Truskavets