Kürlük edə bilməyən Kür - MÜSAHİBƏ
Rza Mahmudov:
"Zaman gələcək, sudan təkrar istifadə edəcəyik. Xəzər dənizinin suyunun
duzsuzlaşdırılması məcburiyyətində
qalacağıq. Texniki su məsələsi həll olunmalıdır. Suvarmada, avtomobillərin
yuyulmasında şirin sudan deyil, texniki sudan istifadə edilməlidir”.
İqlim dəyişir, qlobal
istiləşmə gedir, bunun fonunda dünyada su qıtlığı problemi yaşanır. Ölkəmizdə
də bunun təsirlərini son illər hiss edirik. Ən çox göz önündə olan isə Kür
çayında suyun azalması, Xəzərin səviyyəsinin çəkilməsidir. Belə situasiyada
ölkəmizin ekologiyasını nə gözləyir? Suallarımızı Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun Qurunun
hidrologiyası və su ehtiyatlarışöbəsinin müdiri, hidroloq
alim Rza Mahmudov cavablandırdı.
"İnsanların
ətraf mühitə təsiri inkaredilməzdir”
- Bir
vaxtlar suyunun "Dəli Kür” adlandırılan Kür çayının suyu illərdir azalır. Kür
kürlük edə bilməyəcək vəziyyətə necə gəldi?
- Bu gün
dünyada 2 təbii problem varsa, biri iqlim dəyişikliyi, biri də su
çatışmazlığıdır. Rus alimi və iqlimşünası Voyeykov deyib ki, çaylar iqlimin məhsuludur.
Təkcə Kürdə deyil, bütün çaylarımızın axımında azalma müşahidə edilir. Bu
proses yalnız bizim ölkədə yox, bütün dünya su hövzələrində baş verir. Qlobal
istiləşmə dünya okeanlarından tutmuş kiçik su hövzələrinə qədər öz təsirini
göstərməkdədir. Birbaşa səbəbi təbii və antropogen amillərlə bağlıdır. Yəni
insanların ətraf mühitə təsiri inkaredilməzdir.
- Qlobal
istiləşmənin çaylarda suyun həcminə təsiri hansı formada gedir?
- Qlobal istiləşmə, ilk növbədə qar-buz örtüyünə təsir göstərir.
Dünyanın qar-buz örtüyü azalırsa, deməli, çayların qida mənbələri azalır. Məsələn,
Tufandağ, Şahdağ, Bazardüzündə buzlaqların sahəsinin az da olsa azalması, bu
dağların hövzələrində olan Qusarçay, Qudyalçayın suyunun axımına birbaşa təsir
göstərir. Qlobal miqyasda temperaturun artması çayların qida mənbələrinə,
axımın formalaşmasına, axımı formalaşdıran amillərə təsir göstərir. Orta
temperaturun artması ilə çaylarda illik axım azalmaqla yanaşı, həm də rejim dəyişkənliyi
baş verir.
- Rejim dəyişikliyi deyəndə nəyi nəzərdə
tutursunuz?
- Çayların azsulu, çoxsulu və daşqın dövrləri var.
Məsələn, əvvəl öyrəşmişdik ki, qışda yağan qar yazda əriyirdi, çaylarda çoxsulu
dövr müşahidə edilirdi, daşqınlara səbəb ola bilirdi. Ancaq indi öz suyunu
yazda verməli olan qar ehtiyatının bir hissəsi temperaturun artması ilə əlaqədar
qışda əriyir və azsulu dövrdə axım artır. Yəni qar öz suyunu yaza çatdıra
bilmir, bir hissəsi tez əriyir. Buna görə, Kür və digər çaylarda yaz aylarında əvvəllər
müşahidə etdiyimiz gursulu dövrün davamiyyəti və axım həcmi, hətta maksimal su
sərfləri azalır.
Lakin qış aylarında çaylarda azsulu dövr axımı artmağa başlayır.
"Mingəçevir
su anbarı kompleks məqsədlidir”
- Qlobal istiləşmə səbəbindən tamamilə quruyan
çaylar var?
- Yayda
qida mənbələrinin təsirindən quruyan çaylar, xüsusən arid-iqlim zonalarında həmişə
olub, lakin son dövrlərdə qlobal istiləşmə və onun regional təsirləri dünyanın
müxtəlif yerlərində nəinki çay, hətta digər su obyektlərinin də səviyyəsinin kəskin
aşağı düşməsinə və ya tamamilə qurumasına
səbəb olub. Buna misal olaraq Aral, Urmiya kimi gölləri və ya Xəzər dənizinin
son illərdə səviyyəsinin kəskin azalmasını göstərmək olar. Bu, təbii ki, iqlim
dəyişmələrinin təsirindən həmin su obyektlərinin, onların sutoplayıcı hövzələrinin
su balans elementlərində baş verən dəyişikliklə bağlıdır. Bununla belə iqlim dəyişməsində
daima bir sinxronluq müşahidə edilir. Paleoiqlimşünaslıqdan məlumdur ki, hər
bir istiləşmədən sonra soyuqlaşma - buzlaşma dövrü əmələ gəlir. Hələlik istiləşmə
davam edir.
- "İnsanların
təsiri” dedikdə, nələr nəzərdə tutulur?
- Tarixən
insanlar suya olan tələbatı ödəmək üçün həmişə çay və digər su obyektlərinin ətrafında
məskunlaşıblar. Bu, eramızdan əvvəl də belə olub, bu gün də belədir. Həmişə də
dövrün elmi- texnoloji inkişaf səviyyəsinə uyğun olaraq, su obyektlərinə
antropogen təsirlər göstəriblər. Belə təsirlər həm kəmiyyətcə, həm keyfiyyətcə
olduğundan, su obyektlərində əsaslı antropogen dəyişmələr baş verir.
- Kürün
suyu çox olanda Mingəçevir su anbarında ram olunurdu. İndi isə Kürün suyunun
azalmasında anbarların rolu olduğu bildirilir.
- Dünya praktikasında böyük çaylar üzərində əhalinin suya, suvarmaya
olan tələbatını ödəmək üçün su anbarları tikilməsi geniş yayılmış sistemdir.
İki cür su anbarları var: xüsusi məqsədli və kompleks məqsədli tikilənlər. Mingəçevir
su anbarı kompleks məqsədlidir. Yeni yaradılanda da məqsədi Kür çayının
axınının tənzimlənməsi idi. Mingəçevir su anbarı olmayanda yaz dövründə Kür
çayının aşağı axarında Salyan, Neftçalada böyük daşqınlar, subasma hadisələri
baş verərdi. Nəticədə həmin ərazidə rütubətin artması və xəstəliklərin
yayılması müşahidə edilirdi. Kənd təsərrüfatının, yaşayış sahələrinin suyun
altında qalmasına səbəb olurdu. Bu su anbarı birinci növbədə Kür çayının
axımını tənzimləməklə xəstəliklərin qarşısını aldı, bitkilərin vegetasiya
dövründə suya olan tələbatını ödədi. Kür çayı üzərində Mingəçevir anbarının
tikilməsi suvarma, su təchizatı əkinçilik enerji alınması baxımından bu gün də
böyük əhəmiyyətə malikdir.Axımın azalması, əsasən, iqlimdən asılıdır. Ancaq
bu gün çaylarda axımın az olması anbarlarda yığılan suyun az olması ilə
bağlıdır. Çünki su anbarlarını doldura bilmirik ki, lazım olanda daha çox su ilə
təmin edilsin. Bu, Türkiyədə də belədir, digər ölkələrdə də. İstər-istəməz su təminatında
problemlər yaranır. Bunlar bir-biri ilə bağlı yox, biri digərindən asılı məsələdir.
"Təbiət elə yaranıb ki, hər şey balanslıdır”
- Kürdə suyun azalması iqtisadiyyata və
ekologiyaya nə kimi təsir edir?
- 1977-ci ildə Xəzər dənizinin səviyyəsində kəskin
azalma müşahidə olunanda bununla məşğul institutlar belə bir layihə
hazırlamışdılar ki, şimala axan bəzi çayları Volqaya yönəltsinlər, Volqanın
axımını artırsınlar, o da Xəzərin suyunu artırsın. Xəzərin səviyyəsi 80-85 faiz
məhz balans elementlərindən olan çay axımlarından, xüsusən Volqa çayından
asılıdır. Qaraboğazgöl körfəzini kəsdilər, Xəzərdə suyun səviyyəsinin cüzi
artımına nail olundu. Lakin ekoloji əks proses baş verdi. Qaraboğazgöldən çoxlu
duz atmosferə buxarlandı, Orta Asiyanın, xüsusilə Türkmənistanın bir sıra əraziləri
duz küləklərinin təsiri altında qaldı. Məhsuldarlıq aşağı düşdü, havaya, təbiətə
təsir göstərdi. Ekoloqlar həyəcan təbili çaldılar ki, bunu etmək olmaz. Bununla
ekosistemi pozmuş oluruq. Təbiət elə yaranıb ki, hər şey balanslıdır. Elə oldu
ki, Xəzərin səviyyəsi 1995-ci ilə kimi 2,5 metr artdı. Kür çayında axımın
azalması və ya bu gün su anbarlarında səviyyənin azalması, sözsüz ki, ətrafa,
ekoloji mühitə təsir göstərməlidir. Su təchizatı, sudan istifadə ilə bağlı
balans pozulur.
- Əsas mənbəyi
Kürün suyu olan - Salyan, Neftçala kimi yerlərin yaşayış üçün əlverişsiz
olacağı ilə bağlı fikirlər səsləndirilir.
- Tarixdə
Misir, Orta Asiya, Mərkəzi Amerika və s. yerlərdə böyük mədəniyyətə malik müxtəlif
sivilizasiyalar olub. Müəyyən müddət onlarda birdən quraqlıq yaranıb. İqlim dəyişib,
məhsuldarlıq olmayıb, bir sıra sivilizasiyalar evlərini, əkin sahələrini, öz mədəniyyətlərini
qoyub başqa yerə köçüblər. Bu, elmi əsasla sübut olunub. İqlimlə bağlı yerdəyişmələr
həmişə olub. Amma bu gün elmin, texnikanın inkişaf etdiyi dövrdə elə bir vəziyyət
yaranacağına inanmıram. Hansısa formada həmin ərazidə su təchizatı ilə bağlı
problem öz həllini tapacaq. Salyan, Neftçala kimi yerlərin yaşayış üçün əlverişsiz
olacağına inanmıram. Ancaq bu gün NASA –
Amerika Milli Kosmik Agentliyinin alimləri dünyada qlobal iqlim dəyişməsini
regional aspektdən təhlil edib xəritələr hazırlayıblar. Orda göstərilir ki, gələcəkdə su çatışmazlığı, temperaturun yüksəlməsinə
görə məcburi miqrasiyalar ola bilər.
"Mineral suların da səviyyəsində
azalma müşahidə olunur”
- Xəzərin də suyunda azalma qeydə alınır. Əgər
proses bu cür davam edərsə, suyunun çəkilməsi Xəzərətrafı ölkələrə nə kimi təsir
edəcək?
- Xəzərin səviyyəsinin
artıb-azalması Xəzərətrafı ölkələr, Xəzər hövzəsi, ekosistem üçün, əlbəttə,
problem yaradır. Bir metr artıb, bir metr azalması da problemdir. Xəzərin səviyyəsinin
artıb-azalması Xəzərətrafı ölkələrin balıq təsərrüfatından tutmuş, sənayeyə, kənd
təsərrüfatına, ümumiyyətlə, bütün infrastruktura təsir göstərir.
- "Azərbaycan
Respublikasında mineralsubulaqlarıtükənməzdir” deyirlər.
- Səth
və yeraltı sular qarşılıqlı əlaqədədir. Bəzi yerlərdə yeraltı sular çay
sularını, bəzi yerlərdə çay suları yeraltı suları qidalandırır. Mineral sular
yeraltı sular hesab edilir. Yeraltı suların formalaşmasında səth sularının payı
çoxdur. Mineral suların da səviyyəsində
azalma müşahidə olunur.
- Azərbaycan şirin su təminatı
aşağı olan ölkələrdəndir. İşğaldan azad edilmiş ərazilərimiz şirin su cəhətdən
zəngin bölgə hesab edilir. Ölkənin su təminatında bu ərazi hansı paya malik ola
bilər?
- Biz torpaqlarımızla yanaşı,
havamızı, suyumuzu, meşəmizi azad etdik. Bu yerlərdə 600-dən çox irili-xırdalı
çay var. Düzdür, onun cəmi 5 faizinin uzunluğu 5 kilometrdən çoxdur. Amma nə qədər
bulaqlarımız, göllərimiz var. Ümumiyyətlə, iqlim dəyişikliyindən öncə Qarabağdakı
su ehtiyatımız 2,14 kubkilometrə qədər idi. Bu gün müxtəlif modellərlə, peyk məlumatlarına əsasən
bəlli olur ki, Qarabağ ərazisinin də su ehtiyatlarında azalma müşahidə edilir və
bu rəqəm 1,93 kubkilometr təşkil edir. Amma bununla belə, o bölgənin ölkəmizin su təminatında böyük əhəmiyyəti var.
Bunun faydalarını görəcəyik.
-
Qlobal istiləşmə fonunda yaranacaq su probleminə ölkəmiz nə dərəcədə hazırdır?
- Azərbaycan əhalisinin kənd təsərrüfatı və içməli su
təchizatı ilə bağlı tələbatını ödəmək, yaranacaq problemlərin qarşısını almaq
üçün dövlət səviyyəsində işlərə çoxdan başlanıb. Proqnoz xarakterli tədbirlər həyata
keçirilir. Çoxsaylı su anbarlarının tikilməsi, yeni su mənbələrinin
axtarılması, Qəbələ su xəttinin çəkilməsi və s. işləri misal olaraq qeyd edə
bilərəm. Məsələn, 5-10 il əvvəl su evlərə saatla gələrdi, indi 24 saat su ilə təmin
olunan evlərin sayında böyük artım var. Ölkəmiz qabaqlayıcı tədbirlər görür.Eyni
zamanda sudan istifadə mədəniyyəti, ekoloji mədəniyyət formalaşmalıdır. Bu sahədə
də ölkəmizdə işlər gedir. Avropada bu işlərə, tutaq ki, 40-50 il əvvəl başlanıb
və sudan istifadə mədəniyyəti bu səviyyəyə gəlib çatıb. Bizdə də bu işlər
aparılır və istər-istəməz zamanla sudan istifadə mədəniyyəti formalaşacaq.
"Hər birimiz israfçılığın
qarşısını almaq üçün çalışmalıyıq”
- Sudan
istifadə mədəniyyəti ilə bağlı nələri diqqətdə saxlamalıyıq?
- İstər
yeraltı, istər yerüstü sərvət olsun, onlardan istifadə edərkən ətraf mühitə təsir
dərəcəsi nəzərə alınmalıdır. Elmi əsaslara, proqnozlara istinad olunmalıdır.
İsrail də Azərbaycan kimi şirin su cəhətdən aztəminatlı ölkələr sırasındadır.
Amma onlar sudan təkrar istifadə edir. Zaman gələcək, hətta buna da gedəcəyik.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması (indi də işlər gedir) məcburiyyətində
qalacağıq. Məsələn, XIX əsrin əvvəllərində ingilis alimləri gəlib Xəzərin
suyunu duzsuzlaşdırırdılar, Bakının su ilə təminatında bu sudan istifadə
edilirdi. Şollar suyu sonradan çəkildi. Texniki su məsələsi həll olunmalıdır.
Suvarmada, avtomobillərin yuyulmasında şirin sudan deyil, texniki sudan istifadə
edilməlidir. Kür çayında lazım oldu-olmadı nasoslar qoyulur. Buna nəzarət
vacibdir. Sudan istifadədə israfçılığın qarşısını almaq üçün hər kəs evində
diqqətli davranmalıdır. Hər birimiz ekoloji mədəniyyət, sudan istifadə mədəniyyəti
ortaya qoymalıyıq.
- Qənaətimiz
dünyanın üzləşəcəyi su problemini nə qədər müddət ləngidə bilər?
- Ekoloji mədəniyyət,
sudan istifadə mədəniyyəti suyun artıb-azalmasından asılı olmayaraq həmişə
olmalıdır. Bu gün isə xüsusi diqqət tələb edir. Su ehtiyatları, çayların
axınının azalması baxımından özümüzü hazırlamalıyıq. İşimiz də getsin, amma az
su ilə çox iş görmək bacarığını formalaşdırmalı, israfa getməməliyik. Bizdən bu
gün tələb olunan budur. İndiki dövrdə su ilə bağlı problemdən çıxış yolu olaraq
hər birimiz israfçılığın qarşısını almaq üçün çalışmalıyıq. Zaman gələcək, təbiət
öz sözünü yaxşı mənada deyəcək.
Aygün
Asimqızı
Fotolar: Global Media Group/ Rəşad Mehdiyev