AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kurık Limanı vasitəsilə dörd milyon tondan çox yük daşınıb

Kurık Limanı vasitəsilə dörd milyon tondan çox yük daşınıb

Təfsilat
15 Dekabr 2019, 19:20 348
Qazaxıstanın Kurık Liman Bərə Kompleksi vasitəsilə indiyədək dörd milyon tondan çox yük daşınıb. Limanda hər gün yüklərin daşınması üçün eyni vaxtda dörd və ya səkkiz bərədən istifadə edilir.
 
AZƏRTAC xəbər verir ki, cari ilin on bir ayında liman vasitəsilə 1,2 milyon tondan çox müxtəlif yük daşınıb. Yüklərdən 760 min tonu idxal, 485 min tonu isə ixrac yönümlü olub.
 
Hazırda liman vasitəsilə taxıl, kömür, neft məhsulları, gübrələr, kimyəvi maddələr ixrac, ərzaq, sənaye avadanlıqları, tikinti materialları və digər mallar isə idxal olunur. Limana yüklər Çin və Mərkəzi Asiya ölkələrindən gəlir, onların əksəriyyəti tranzit yüklərdir. Yüklər Kurık Limanından Xəzər dənizi vasitəsilə Azərbaycana – Bakı Limanına, oradan isə Gürcüstan, Türkiyə və Avropa ölkələrinə göndərilir.
 
Qeyd edək ki, hazırda limandan Azərbaycana müntəzəm daşımalar mövcuddur. Ələt-Kurık-Ələt istiqamətində yükdaşımalar həyata keçirilir.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Bakı Beynəlxalq Dəniz Limanı ilə Kurık Limanı arasında memorandum imzalanıb. Kurık Limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzində yerləşir.