• cümə, 29 Mart, 00:00
  • Baku Bakı 7°C

Kürd referendumu İran və Türkiyəni birləşdirir

06.10.17 09:00 1441
Kürd referendumu İran və Türkiyəni birləşdirir
Yaxın Şərqdə baş verən son hadisələr, xüsusən də Suriyadakı gərginlik, eləcə də İraqın şimalında kürdlərin referendum təşəbbüsü regionun nüfuzlu dövlətləri - İran və Türkiyəni ciddi şəkildə narahat edir. Heç kimə sirr deyil ki, Qərb bu layihəni ortaya atmaqla bölgədə növbəti bir gərginlik ocağı yaratmaq istəyir. Məhz bu təhlükə də iki əzəli rəqib - İran və Türkiyəni bir-biri ilə yaxınlaşdırmağa məcbur edir. Hər iki ölkə liderləri ilk gündən referendum təşəbbüsünü sərt şəkildə tənqid edərək, bunun regionda gərginliyə səbəb olacağını bildiriblər.
Müşahidəçilər hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri Yaxın Şərqdə müəyyən layihələr gerçəkləşdirmək istəyən ölkələrə bir mesaj kimi qəbul olunmalıdır. Və əsas da o qeyd edilir ki, Yaxın Şərqdəki vəziyyət region dövlətlərinin öz təhlükəsizliklərini təmin etmələrini zəruri edir. Düzdür, iki ölkə arasında ziddiyyətlər mövcuddur. Lakin mövcud durumda onların vahid mövqedən çıxış etmələrinə ehtiyac yaranıb. Yəni, bu onların öz maraqlarına xidmət edir. Bununla yanaşı, səfər Yaxın Şərqdə maraqları olan ölkələrə bir mesaj kimi qəbul olunmalıdır. Yəni region dövlətləri artıq öz maraqlarını qorumaq məcburiyyətində qalacaq və xarici müdaxilələrə qarşı vahid mövqe nümayiş etdirəcəklər. Hazırda yaranmış vəziyyət Türkiyə və İran ilə yanaşı, İraqı da onların ətrafında birləşdirir.
Prezidentlərin ikitərəfli görüşündə əsas xətt İraq Kürd Muxtariyyətində müstəqillik elan ediləcəyi halda, Türkiyə, İran və İraqın birgə hərbi əməliyyat keçirə biləcəyi olub. İran və Türkiyə prezidentləri bəyan ediblər ki, onların ölkələri bölgədəki sərhədlərin dəyişməməsi üçün müvafiq addımları atacaq. Prezident Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib ki, "biz regionda sərhədlərin dəyişdirilməsini qəbul etməyəcəyik”. O bildirib ki, "Türkiyə, İran və İraqın regiondakı strateji məqsədlərini müdafiə etmək üçün ciddi və zəruri tədbirlər görməkdən başqa seçimi qalmır”.
Referendumu qanunsuz adlandıran Ərdoğan deyib ki, bu sayaq hadisələr kürd regional hökumətinin təklənməsinə səbəb olacaq. O bildirib ki, "bundan sonra daha qətiyyətli addımlar atılacaq və Türkiyə ilə İranın atacağı çox ağır addımlar var”. Ərdoğan əlavə edib ki, rəsmi Ərbil "sərxoş” olduğu üçün nə etdiyini bilmir: "Referendumun keçirilməsinə zəmin yaradanlar bunun cəzasını çəkəcəklər. Bərzani geri addım atacaq, referendumu ləğv edəcək. Onsuz da referendum qanuni deyil. Bu işi özləri bitirməlidirlər. Əks təqdirdə, müəyyən vaxt ərzində qəti addımlar atmağa məcbur olacağıq”. İraq Kürd Regional Rəhbərliyində təşkil edilən müstəqillik referendumunun yalnız İsrail rəhbərliyi tərəfindən tanındığını xatırladan Ərdoğan İsrail kəşfiyyatı MOSSAD ilə razılaşma nəticəsində qəbul edilən qərarın legitim ola bilməyəcəyini vurğulayıb.
İran dövlət başçısı Həsən Ruhani də öz növbəsində bəyan edib ki, əsas məqsəd bölgədə sülh və sabitliyi bərpa etməkdir: "İraq və Suriyanın ərazi bütövlüyünə dəstəyimiz tamdır”. Onun sözlərinə görə, tərəflər danışıqlar zamanı bölgədə separatçılığa qarşı olduqlarını vurğulayıblar: "Ölkələrimiz separatçılığı qəbul etmir. İraq əhalisi dostumuzdur. İraqın şimalındakı bəzi qüvvələr separatçılıq edirlər. Terrorçuluğa qarşı mübarizə hər iki dövlətin əsl hədəfidir. Bunun adı İŞİD, PKK olsa da, ona qarşı birgə mübarizə aparacağıq”. Əlavə edib ki, İran Türkiyədə investisiya həyata keçirməyə hazırdır: "Biz də türk iş adamlarına lazımlı dəstəyi verəcəyik. İki ölkə arasındakı ticarət dövriyyəsini 30 milyard dollara qaldırmağı planlaşdırırıq. Sərhəd qapıları 24 saat xidmət edəcək. Hər iki ölkə ticarəti milli valyuta ilə aparacaq”. H.Ruhani bildirib ki, Türkiyə İranda karbohidrogen yataqlarına sərmayə qoymağa razılıq verib: "Turizmin inkişaf etdirilməsi barədə də razılıq əldə edilib”.
R.T.Ərdoğan deyib ki, iki ölkənin bankları qarşılıqlı şəkildə işləyəcək: "İran banklarının Türkiyədə, Türkiyə banklarının İranda şöbələri açılacaq. Enerji sektorunda əməkdaşlığımızı davam etdirəcəyik. Mədəniyyət və turizm nazirlərimiz öz aralarında əməkdaşlığı davam etdirəcəklər. Bu sahədə təcrübəmizi İranla bölüşməyə hazırıq. Turizm sektorundakı sərmayəçilərimizi İranda fəaliyyət göstərməyə təşviq edəcəyik”.
Yeri gəlmişkən, Ərdoğan İranın ali rəhbəri Əli Xameneyi ilə də görüşüb. Bu görüşdən sonra Xameneyi kürd referendumunu "bütün regiona xəyanət aktı” adlandırıb. Görüşdə Xameneyiİran və Türkiyə arasındaiqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, İranla Türkiyənin İslam dünyasının önəmli məsələlərində əməkdaşlıq və razılığının təsiredici və önəmli olduğunu qeyd edib. Ali dini lider İran və Türkiyə arasındaiqtisadi əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayıb: "Təəssüflər olsun ki,geniş potensiala baxmayaraq,son bir neçə ildəiqtisadi əməkdaşlığın səviyyəsizəifləyib. Bu sahədə daha çox fəaliyyət və səy göstərmək lazımdır”.Xameneyiİraq Kürdüstanında keçirilən referendumu region üçün təhlükə adlandırıb:"İran və Türkiyəbu kimi hadisələr qarşısında mümkün olan bütün vasitələrdən istifadə etməlidir. İraqhökuməti dəbu məsələdə ciddi qərar qəbul etməli və əməl etməlidir”. Görüşdə Türkiyə prezidenti İraqKürdüstanı məsələsində İran,İraqvə Türkiyənin birgə və eyni vaxtda addımlar atmasının zəruriliyini vurğulayıb.
Yeri gəlmişkən, kürd referendumu ilə bağlı Rusiya hələ də gözləmə mövqeyindədir. Kremlin bu neytrallığı isə onu deməyə əsas verir ki, Moskva kürd dövlətinin yaranmasında maraqlıdır. Məsələn, ötən gün prezident Vladimir Putin deyib ki, Moskva regiondakı vəziyyətin nəzarətdən çıxmaması məqsədilə kürd referendumu məsələsinə qarışmayacaq. Kreml İraqın ərazi bütövlüyünə tərəfdar olduğunu bəyan etsə də, onu faktiki olaraq parçalamağa yönələn kürd referendumunu pisləməyib. Putin Moskvada deyib ki, "bizim bəyanatlarımız ehtiyatlı və təmkinlidir və biz regiondakı situasiyanın qızışmasını və ya partlamasını istəmirik”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər