• cümə, 26 Aprel, 22:56
  • Baku Bakı 22°C

Kür çayında su artır - Açıqlama

27.03.14 11:32 1196
Kür çayında su artır - Açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Nazirlikdən verilən məlumata görə, mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən 46 m3/san artaraq 214 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 3.5, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Mart ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 2, I Şahsevəndə 3, Bəhramtəpədə isə 2.5 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.05-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
banner

Oxşar Xəbərlər