• çərşənbə axşamı, 23 aprel, 23:39
  • Baku Bakı 20°C

Kunq-fu üzrə açıq respublika turniri keçirilib

20.01.19 22:45 637
Kunq-fu üzrə açıq respublika turniri keçirilib
Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Kunq-fu Federasiyasının və "Şərur” idman klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan kunq-fu üzrə açıq respublika turniri keçirilib.
AZƏRTACxəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən federasiyanın prezidenti, polis mayoru Nurlan Aslanov 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur kimi həkk olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, həmin gün Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür: "Bu, xalqımızın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir. Bu tarixi yaşadıb yaddaşlara həkk etmək hər birimizin borcudur. Bugünkü bütün qələbələrimizi şəhidlərimizə həsr edirik!”.
Sonra çıxış edən "Şərur” idman klubunun direktoru Ceyhun Əliyev yarışın təşkilində əsas məqsədin şəhidlərimizi yad etmək, eyni zamanda, perspektivli idmançıların aşkar edilərək gələcəkdə beynəlxalq yarışlara hazırlamaq olduğunu bildirib. "Bu cür yarışların təşkili idmançıların potensialının aşkar edilməsində mühüm əhəmiyyət daşıyır. Məqsədimiz idmançılarımızın Azərbaycanı beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil etmələrinə nail olmaqdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, turnirdə 300 idmançı birincilik uğrunda mübarizə aparıb. 10 çəki dərəcəsində seçilmiş finallar qala gecəsində peşəkar döyüşlərlə davam etdirilib.

banner

Oxşar Xəbərlər