• çərşənbə axşamı, 23 aprel, 19:53
  • Baku Bakı 20°C

Külli miqdarda narkotik gətirən 2 nəfərə 26 il cəza verildi

03.06.13 16:08 1311
Külli miqdarda narkotik gətirən 2 nəfərə 26 il cəza verildi
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Elməddin Kərimov və Elxan Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində həbs ediliblər. Elməddin Kərimov, Elxan Quliyev və adları istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, Elməddin Kərimov, Elxan Quliyev, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İranın Cəfər və Əziz adlı vətəndaşları arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, sonuncular külli miqdarda narkotik vasitəni İranda satış məqsədilə qanunsuz olaraq əldə edib, qaçaq yolla Füzuli rayonu istiqamətindən İrandan Azərbaycana gətirib və Arayatılı kəndi yaxınlığında Elxan Quliyevə təhvil veriblər.
Elxan Quliyev də həmin narkotik vasitələrin Elməddin Kərimova İmişli rayonunun Bəhramtəpə qəsəbəsinin yaxınlığında verilməsi barədə sonuncu ilə razılaşıb. Elməddin Kərimov idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə İmişli rayonunun Bəhramtəpə qəsəbəsinə gələrək Elxan Quliyevi gözləməyə başlayıb.
Lakin sonradan Elməddin Quliyev görüş yerini Beyləqan rayonu ərazisinə dəyişib. Elxan Quliyev yolüstü taksi avtomobili ilə Elməddin Kərimovun gözlədiyi yerə gəlib sonuncunun idarə etdiyi avtomaşınla yenidən Füzuli rayonuna qayıdaraq həmin narkotik vasitələri təhvil verməyi planlaşdırıb. Lakin Elxan Quliyev Beyləqan rayonu ərazisində, onu gözləyən Elməddin Kərimov isə İmişli rayonunun Bəhramtəpə qəsəbəsində saxlanılıblar.
Elxan Quliyevin yaşadığı Füzuli rayonunun Arayatılı kəndində yerləşən evində keçirilmiş baxış zamanı 1 kiloqram 200 qramdan artıq heroin, 2 kiloqram 901,1 qram olan tiryək və 1 kiloqrama yaxın həşiş qatranı aşkar edilərək götürülüb.
banner

Oxşar Xəbərlər