• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

Kukla Teatrının istedadlı uşaqları - Fotolar

28.09.16 14:28 2910
Kukla Teatrının istedadlı uşaqları - Fotolar
Ötən gün yolumuzu Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından saldıq. Uzun müddət idi ki, teatrın nəzdində fəaliyyət göstərən "Oyuq” teatr studiyasının uğurlarını mütəmadi olaraq izləyir, onların hansı şəkildə fəaliyyət göstərdiyi, uşaqların tədris prosesi ilə bağlı xəbər almaq istəyində idik. Teatrın qapısından içəri daxil olar-olmaz, bizi studiyanın uşaq qrupunun rəhbəri, Kukla Teatrının baş inzibatçısı, tanınmış yazıçı Səidə Haqverdiyeva qarşıladı. Reportajı hazırlamaq üçün bizə hər bir imkanı yaradan Səidə xanımla studiyanın keçmişi, bu günü və gələcəyi haqqında danışdıq.
"Hər birimiz bir çiçəy”in gətirdiyi uğur
Söhbət əsnasında öyrəndik ki, teatrın baş rejissoru olan mərhum sənətkarımız Rəhman Əlizadə studiyaya maraqlı bir ad düşünüb – "Oyuq”. "Oyuğ”un mənası oyma kukla deməkdir. Kuklanı yonub, oyub onu qəlibə necə salıb gözoxşayan edirlərsə, buraya gələn şagirdləri də cilalayıb gələcəyimiz üçün istedadlı, cəmiyyət üçün yararlı vətəndaşlar yetişdirmək məqsədi güdülür. Gördüyümüz qədəri ilə, istəklərinə nail də olurlar. Bu studiya əvvəllər böyüklər üçün fəaliyyət göstərib. 2012-ci ildə isə teatrın baş inzibatçısı tərəfindən Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq "Hər birimiz bir çiçək” adlı tamaşa hazırlamaq üçün "Kaspi” Təhsil Mərkəzinin kurslarına müraciət edilib. Teatrın direktorunun təşəbbüsü ilə keçirilən bu müsabiqədə 600 nəfər şagirdin içərisindən 60 nəfəri seçilib. 60 nəfərdən də 30-u ilə tamaşa hazırlanıb. "Oyuq” teatr studiyasının hazırladığı bu ilk tamaşa o qədər uğurlu alınıb ki, uşaqlarda məsuliyyət, bacarığın olduğunu görən teatrın direktoru Rəşad Əhmədzadə studiyanın fəaliyyətini davam etdirməyə qərar verib. Sözügedən studiya bu günə kimi həm böyüklər, həm də uşaqlar üçün fəaliyyət göstərir. "Oyuq” teatr studiyasının yaradıcı heyəti hər ay iki tamaşa nümayiş etdirir. Bu tamaşalar kimsəsizlər, uşaq evləri, internat məktəbləri, əlil uşaqlar üçün nəzərdə tutulur.

Bu günə qədər fəaliyyətini uğurla davam etdirən studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva bizimlə söhbətində ilk olaraq "Oyuğ” un uşaqlarının beynəlxalq arenalarda əldə etdikləri nailiyyətlərdən danışdı: "İndiyə kimi Makedoniya, Bolqarıstan, Türkiyə, Rusiya, İran və bir çox başqa ölkələrdə olmuşuq. Əksəriyyətində də qalibiyyət əldə etmişik. Aylin Nəcəfli və Selcan Müseyibova dəfələrlə beynəlxalq festivallarda iştirak edərək qalib olublar. Müsabiqələrə gedirik, fəxri fərmanlarla, mükafatlarla geri dönürük. Sonuncu dəfə Sankt-Peterburqda keçirilmiş "Caz karuseli” ikinci beynəlxalq müsabiqəsində baş mükafata – Qran-priyə layiq görüldük. Uşaqlarımız tamaşa göstərdilər və tamaşanın sonunda mahnı oxudular. Bizim Selcan o tamaşada 3 kuklanın səsini çıxarırdı, Aylin nağılçı idi. Biz orada üç nominasiya üzrə mükafata layiq görüldük. Rusiyada bizim nağıl qəhrəmanlarımızı çox gözəl qarşıladılar”.
Beynəlxalq arenalardan səsləri gələn azyaşlı istedadlarımız
Studiyanın uşaq qrupunun rəhbəri buranın iş strukturundan da danışdı. Bildirdi ki, uşaqlarla həftəsonları məşğul olurlar. Səbəb isə onların vaxtlarını səmərəli keçirmələri və dərslərinə mane olmamaqdır. Səidə xanım mütəmadi olaraq uşaqların dərs qiymətlər ilə də maraqlanır. Deyir ki, əgər studiyanın uşaqlarının qiymətlərində zəiflik müşahidə edirsə, həmin şagirdi studiyadan uzaqlaşdırır: "Təhsil bizim üçün hər şeydən önəmlidir. Uşaqlarımızın hamısı savadlıdır. Studiyamızda 5-15 yaş arasında olan uşaqlar təhsil alır. Biz ayda iki dəfə onlarla psixoloji test edirik. Əgər uşaqlarda hər hansı bir narahatlıq olarsa, valideynlərini bu barədə xəbərdar edirik. Studiyada uşaqlara gimnastika, səhnə hərəkətləri, səhnə danışıqları dərsləri keçirik. Uşaqlara çoxşaxəli şəkildə xidmət göstəririk. Güman etmirəm ki, burada təhsil alan uşaqların hamısı gələcəkdə aktrisa, müğənni olacaq. Ancaq bunu əminliklə deyə bilərəm ki, onlar incəsənəti sevəcəklər. Bizim də məqsədimiz uşaqlara mədəniyyəti aşılamaq, incəsənətimizi sevdirməkdir”.

Səidə xanım bizə "Oyuq” studiyasının bu zamana qədər əldə etdiyi uğurlardan ağızdolusu danışdı. Burada təhsil alan uşaqların hazırda serial və kino aləmində fəaliyyətlərini göz önünə gətirərək, təhsil verdikləri uşaqların səslərinin "Türkvision” kimi beynəlxalq layihələrdən gəldiyini dilə gətirdi: " Ötən il uşaqlar arasında keçirilən mahnı müsabiqəsi olan "Türkvision”un qalibi Nuray Əkbər bizim şagirdimizdir. Bundan əlavə, bu gün ekranlarda, kinoteatrlarda rol alan film və seriallarımızda bizim studiyanın yetirmələri çəkilir. Uşaqlarımız kamera arxasında işləməyi yaxşı bacarırlar. Bu da rejissorların işlərini asanlaşdırır”.
Pedaqoqumuzun proqnozu
Söhbətimizi yekunlaşdırıb, dərs prosesinə şahid olduq. Studiyada uşaqlara dərs keçən quruluşçu rejissor Cəmilə Allahverdiyeva uşaqlar arasında "Oyaq gözəl” tamaşasının məşqlərini edirdi. Cəmilə xanımı görər-görməz, tanıdıq. O, mərhum rejissor Rəhman Əlizadənin ən sədaqətli tələbələrindəndir. 19 ildən artıqdır ki, aktrisa kimi səhnədə öz sözünü demiş Cəmilə xanımı bu dəfə də pedaqoq kimi tanıdıq.

O deyir ki, özündə pedaqoq qabiliyyəti olduğunu heç zaman hiss etməyib: "Özümə rejissor deyə bilmərəm. Çünki mən Rəhman Əlizadənin rejissorluğunu görmüşəm. Onun tökdüklərini az da olsa yığmışam. O ki qaldı uşaqların dərs prosesinə, biz burada uşaqlara səhnə danışığı, davranışı, hərəkətləri öyrədirik. Uşaqlar studiyamıza müsabiqə yolu ilə seçilirlər. Vacib deyil ki, buranı bitirən uşaqlar gələcəkdə müğənni, ya da aktrisa olsunlar. Əgər buradakı uşaqlar həmyaşıdlarından 3 pilləkən yuxarıda dayanırlarsa, demək ki, onlar digərlərindən fərqlənirlər. "Oyuq” studiyasını bitirən uşaqların çox gözəl danışıq qabiliyyəti olur və onlar burada cəmiyyətdə özlərini idarə etməyi öyrənirlər. Gələcəkdə seçdikləri peşədə bu onlara kömək edəcək”.

Cəmilə xanım deyir ki, studiyanın uşaqları burada bir-birilərini dinləməyi, sözünü kəsməməyi, sərbəstliyi də öyrənmiş olurlar. Özünə qapanan uşaq belə burada özünü ifadə edə bilir: "Bura nə məktəb, nə də bağçadır. Çox zaman valideynlər buraya uşaqlarını gözəl danışmaq, həyəcanını dəf etmək üçün qoyurlar. Bir qonaqlığa gedəndə çıxıb uşağının sərbəst şəkildə şeir deməsini istəyirlər. Biz də bunun üçün əlimizdən gələni edirik”.

Studiyanın quruluşçu rejissoru bildirdi ki, tamaşaların ssenarilərini tanınmış yazıçıların əsərlərindən götürürlər və bir qismini də Səidə Haqverdiyeva yazır. O, studiya üçün yazdığı ssenaridə nağıl qəhrəmanlarını bir yerə toplayır: "İndiyə qədər bir neçə tamaşamız olub. Onlardan "Oyaq gözəl”, "Şah və xudpəsənd oğul” kimi tamaşaları misal gətirə bilərik. Tamaşalarımız rəngarəngdir. Biz sadəcə tamaşa göstərmirik. Hər tamaşamızda uşaqlara ötürəcəyimiz bir mesaj olur. Onlara paylaşmaq, yaxşının qədrini bilmək, dost, humanist olmaq kimi hissləri aşılayırıq”.
Uşaqlarla söhbətimizdən
Studiyanın pedaqoqu ilə söhbətdən sonra qəhrəmanlarımızla tanışlığa başladıq. Selcan Müseyibova (Xatun) 3 ildir ki, "Oyuq” teatr studiyasında tədris alır. Teatrı çox sevdiyini deyir: "Kukla Teatrı mənim həyatımda böyük dəyişikliklər edib. Mən burada həm dərs keçirəm, həm də əylənirəm. Biz burada səhnə danışığı, hərəkəti öyrənirik. Cəmilə müəllimə bizə sözlərin necə tələffüz edildiyini tədris edir. Bura mənim həyatımın bir parçasına çevrilib. Səidə müəllimə bizə böyük stimul verir. Onun göstərişlərindən sonra biz daha da həvəslənirik. Mən indiyə qədər saysız obrazlar canlandırmışam. Bir neçə mahnı ifa etmişəm. Bundan başqa, iki filmə - "Ər quyusu”, "Bir ovuc sonsuzluq” və "28 iyun” serialına çəkilirəm. Və bütün bunlar Səidə xanımın sayəsində baş verir”.

3 aydır studiyaya gələn Məryəm Əsədova deyir ki, burada günü xoş keçir: "Valideynlərim məni bura gətirmək istədiklərini deyəndə çox sevindim. Mən rəqs etməyi çox sevirəm. Teatrda "Oyaq gözəl” tamaşasında hind qızı rolunu oynayıram. Bu tamaşada mən hind rəqsi edirəm və hind rəqsini çox sevirəm”.

Bir ildən çoxdur ki, bu studiyaya gələn Xanım Qasımova isə burada "Maşa” və "Məktəbli qız” rollarını oynadığını deyir: "Uşaqlıqdan teatrın vurğunu olmuşam. Düzdür, indi də çox yaşım yoxdur. Ancaq burada özümü rahat və evdəki kimi hiss edirəm. Studiyada bizə ucadan danışmağı öyrədirlər”.
Dörd ildir ki, "Oyuq” studiyasında fəaliyyət göstərən Aysun Cəbrayılova əldə etdiyi uğurlara görə müəllimlərinə minnətdardır: "Onlardan çox şey öyrənmişəm. Mən teatrda pəri, cadugər, tıq-tıq xanım obrazlarını canlandırmışam. Dörd ildə çox rollarım olub. İncəsənətə böyük marağım yaranıb”.
3 aydan artıqdır ki, bu studiyada fəaliyyət göstərən Nəzrin Xəlilova isə bildirdi ki, o, burada düzgün danışmağı, səhnədə özünü idarə etməyi öyrənir. Ən böyük arzusu isə aktrisa olmaqdır: "Məktəb tədbirlərində iştirak edirəm. Cəmilə xanım mənə çox dəstək olur”.

"Türkvision” yarışmasının qalibi, "Cehizsiz gəlinlər” serialının qəhrəmanı balaca Nuray Əkbər iki ildir ki, "Oyuq” studiyasına gəldiyini, burada çox şey öyrəndiyini deyir: "İlk dəfə səhnədə pəri rolunu oynamışam. Cəmilə müəlliməyə təşəkkürümü bildirirəm ki, bizə səhnədəki davranışları öyrədir. Səidə Haqverdiyevanı və Rəşad Əhmədzadəni çox sevirəm. Bilirsiniz ki, mən həm də musiqiçiyəm. Bu il Bülbül adına Orta İxtisas Məktəbinə daxil olmuşam”.
Hind rəqsinin vurğunu olduğunu deyən Selcan Rzayeva isə səhnədə özünü rahat hiss etdiyini deyir. Fatimə İsmayılova da baxmayaraq ki iki aydır buradadır, ancaq elə hesab edir ki, uzun müddətdir stduyanın uşaqları ilə eyni səhnəni bölüşür: "Anam deyib ki, dərslərini oxumasan, səni studiyaya aparmayacam. Mən də var gücümlə dərslərimi yaxşı oxumağa çalışıram ki, bu studiyaya gəlim”.

Mehdizadə Ağasəfər "Şər və xudpəsənd oğul” tamaşasında Pinokio rolunu oynayır. O, deyir ki, burada sözü düzgün tələffüz etməyi, səlis danışığı öyrənib: "Misal üçün, səhnədə profillə dayanmaq olmaz. Ucadan danışmamaq lazımdır ki, zalda əyləşənlər səsimizi eşitsin”.

Əliyev Fərid "Şər və xudpəsənd oğul” tamaşasında vəzir rolunu oynayır. Deyir ki, studiya onun üçün çox maraqlıdır. Əliyev Yılmaz isə Akademik Milli Dram Teatrında "Şah Qacar” tamaşasında Şah Qacarın uşaqlığını oynayır: "Üç ildir ki, bu obrazı canlandırıram. Fuad Poladovla eyni səhnəni bölüşürəm. Buraya isə bir aydır gəlmişəm və buradakı fəaliyyətimdən də çox razıyam”.

Dörd yaşlı İsmayıl isə studiyaya dostları ilə görüşmək üçün gəldiyini bildirir. O, da "Oyaq gözəl” tamaşasında Şirinlərdən birini canlandırıb. Uğur Cəbrayıllı "Oyaq gözəl” tamaşasında Şirinlərdən birini canlandırdığını, səhnədə "Bizim dostlarımızı azad edin!” deyə qışdırdığını əyani şəkildə bizə göstərdi.

Qeyd edək ki, ötən həftə studiyaya uşaqların qəbulu üçün müsabiqə elan olunmuşdu. Hazırda seçilən uşaqlarla bərabər studiyanın 40 nəfərə qədər üzvü var.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər