• cümə, 19 Aprel, 21:53
  • Baku Bakı 24°C

“Kukla oynatmaq aysberqin görünən hissəsidir” - Fotolar

16.10.19 10:00 939
“Kukla oynatmaq aysberqin görünən hissəsidir” - Fotolar
- İçinizdə hansı heyvana məxsussunuz? Ac olanda, özünüzü yorğun hiss edəndə, daxilinizdə hansı heyvana məxsus olduğunuzu hiss edə bilirsinizmi?
- Müəllim, məsələn, mən ac olanda canavar kimi yemək yeməyə başlayıram. Bəzən özümü elə məhz canavara da bənzədirəm.
- Onda dur, elə canavar kimi hərəkət et, görüm?
Bu dialoqa AbdullaŞaiq adına Azərbaycan Dövlət Kukla Teatrında keçirilən ustad dərslərində şahid olduq. Özünəməxsus spesifik xüsusiyyətlərə malik olan Kukla Teatrı zamanın tələbini əsas götürərək, treninqlərə start verib. Qeyd edək ki, uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "kuklaçı aktyor, kuklalarla çalışmağı bacaran rejissorlar yetişdirilmir” kimi iradlar səsləndirilir. Kukla Teatrının səlahiyyətli nümayəndələri də hər dəfə bu iradı mədəni şəkildə təsdiqləsələr də, vəziyyətdə dəyişiklik olmurdu. Nəticədə, teatrın yaradıcı heyəti vəziyyətlə barışıb, teatra üz tutan gənc aktyorlardan kuklaçı yetişdirməyə qərar verib.

Burada sistemli şəkildə davam edəcək dərsləritanınmış teatr rejissoru və aktyoru, uzun illər (1987-1993) Dövlət Kukla Teatrının baş rejissoru olmuş Namiq Ağayev aparır. Teatra yeni gələn gənclər ilk növbədə kuklanın mexanizmini, onun hazırlanma prosesini öyrənməlidir. Teatrın truppasına daxil edilən gənc aktyorlara kukla oynatma sənəti, fərqli texnikalarla hazırlanmış kukla nümunələrini obraza çevirmənin incəlikləri tədris edirli. Bundan başqa, aktyorlara səs, ifadə, hərəkət üzrə təlimlər keçirilir. Maraqlıdır ki, təlimlərdə nəinki gəncləri, istedadlı sənət adamlarını, kinoşünasları, teatrda müəyyən müddət çalışan aktyorları belə görmək mümkündür.


Treninqdə iştirak edən kinoşünas Sevda Sultanova deyir ki, kukla sənətinin incəliklərini məhz Namiq Ağayevdən öyrənmək üçün burdadır. O, bildirir ki, N.Ağayev kuklaya yaxından bələd olan nadir sənətkarlardandır: "Treninqdə gənclərə bu sənətin sirlərini öyrədən Namiq müəllim əsl sənətkar energetikası olan nadir insanlardandır. İncəsənət sahəsində sənətkarın energetikasının xüsusi rolu var. Təəssüf ki, bizim rejissorların əksəriyyətində sənətkar energetikası deyilən bir şey yoxdur. Namiq müəllim isə canı-qanı ilə əsl sənətkardır. Onda falş yoxdur. Namiq Ağayev Azərbaycanın barmaqla sayılası peşəkar kuklaçılarındandır. Onun bu gün tələbələrə master-klass keçirməyi mənim üçün bu sənəti məhz ondan öyrənmək fürsətidir. Yəni bu treninqdə özümə təcrübə toplamağa çalışıram. Burada o energetikanın yaranma səbəblərini öyrənməyə çalışıram. Elə rejissorlar var ki, vizual baxımdan möhtəşəm işlər görürlər. Ancaq mən onlarda falş hiss edirəm və o mənə heç nə vermir. Hesab edirəm ki, insan emosiya baxımından yenilənməlidir, bu, çox önəmlidir”.
Teatrın baş rejissoru, əməkdar artist Qurban Məsimov bizimlə söhbətində bildirdi ki, bu treninqdə əsas qazanan tərəf kuklaya həvəsi olan və bu sənətin dərinliklərinə yiyələnmək istəyən gənclərdir: "Kuklaçı dünyası tamamilə fərqlidir. Biri var dram teatrının dünyası, biri də var kuklaçının aləmi. Aktyor klassik düşüncə tərzinə sahib olduqda, Kukla Teatrında daha rahat işləyə bilir. Aktyorun özünün plastikası nə qədər zəngindirsə, onu kuklaya ötürməyə çalışır. Bunları bacarmayan aktyorun özünü tapması çox çətindir. O ki qaldı keçirilən ustad dərslərinə, yeni mövsümdən teatrımıza yeni aktyor və aktrisalar cəlb olunublar. Təbii ki, onlar Kukla Teatrında tamaşa hazırlamasında bu prosesi bilmədikləri üçün belə treninqlər keçirmək qərarına gəldik. Namiq Ağayev öz sözünü demiş sənətkarlardandır. Onun düşüncə tərzi, dünyaya baxış bucağı tamamilə fərqlidir. O, bir kuklaçı kimi sözünü demiş sənətkardır. Hətta sizə deyim ki, mənim incəsənət estetikam onun hazırladığı tamaşalarla formalaşıb. Düşündük ki, teatrımıza yeni gələn aktyorlara təməl bazası olaraq onun treninqləri keçirilsin. Gənclər kuklanın idarə edilməsi, kukla dünyası ilə tanış olsunlar. Bilirsiniz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kukla Teatrı üçün aktyor yetişdirmir. Aktyorlar da məcbur olur ki, teatra düşəndən sonra hər şeyi təcrübə ilə öyrənsinlər”.
Teatrın baş rejissoruna "bəs nə üçün teatrın öz rejissorları bu missiyanı üzərinə götürmədi” sualını ünvanladıqda isə, bildirdi ki, Namiq Ağayevin bu sahədə yetəri qədər təcrübəsi və istedadı var. Rejissor teatrda hər hansı tamaşanı işlədikdə, orada oynayan aktyorlar yenidən yoğrulur: "Aktyor rezin kimi olmalıdır və hər bir rolu canlandırmağı bacarmalıdır. Rejissorlar da bu gün hazır materialla işləmək istəyir. Onsuz da rejissor hər zaman aktyora öyrədir. Ancaq ayrıca öyrətməyə o qədər də zamanı yoxdur. Bu, bütün teatrlarda belədir. Kastinq elan olunanda, qılınc oynada bilən, vokala malik, rəqs imkanları olan aktyorlara üstünlük verilir. Əgər bu qabiliyyətlər yoxdursa, həmin aktyor seçilmir”.
Az əvvəl treninqdə tanınmış kinoşünasları və müəyyən müddət teatrda müxtəlif səpkili obrazlar yaradan gəncləri də gördüyümüzü bildirdik. Rejissor isə bəzən treninqdə teatrın istedadlı aktyorlarının da iştirak etməsində heç bir qəbahət görmədiyini dedi: "Onlar yeni nələrisə öyrənmək, Namiq Ağayevin biliklərindən yararlanmaq istəyirlər. Mən özüm də bəzən bu treninqləri dinləyirəm. Mən daha çox əşyalarla işləməyi xoşlayıram. Ancaq Namiq Ağayev parça və qəzetlərlə çalışır. Məsələn, o, cansız parçanı səhnədə necə gözəl canlandırmağı ən xırda detalına qədər izah edir. O, sıfırdan başlayıb uşaqları yoğurub bir tamaşa hazırlamaq istəyir. Niyə də olmasın ki? Düzdür, bunu bir laboratoriya şəklində davam etdirmək niyyətindəyik. Düşünürəm ki, bu ustad dərsləri vasitəsi ilə gənclər kukla dünyası ilə daha yaxından tanış olacaqlar. Bu sahəyə yiyələnəcəklər və bizim işimiz daha rahat olacaq. Teatrda aktyorları bir orduya bənzətsək, Namiq Ağayev həmin ordunun təlimi ilə məşğuldur. Bu bizə döyüşdə, yəni səhnədə çox lazım olacaq”.
Ustad dərsləri bitdikdən sonra gənclərin ustadı ilə söhbət etmək şansı əldə edirik. Namiq Ağayev deyir ki, ilk olaraq teatrın direktoru Rəşad Əhmədzadədən təklif alıb və belə bir təklifə "yox” demək günah olardı: "Mən də kuklaçı olduğuma görə bu təklifi qəbul etdim. Burada hamımız həmkarıq. Mən nəzəri danışmağı sevmirəm. Onun üçün hər şeyi praktikada tətbiq etməyə daha çox üstünlük verirəm. Bu gün ikinci dərsimizdir. Mən bu gənclərin potensialını dəyərləndirir, ilkin aparatı qururam. Gənclər çox həvəslidirlər. Rejissorun vəzifəsi aktyorun beynində lazımi hüceyrəni oyatmaqdır. Əgər o hüceyrə oyaqdırsa, bu əladır, yatıbsa, onu aktivləşdirməyə çalışıram. Gənclərlə işlədikdə görürəm ki, onlar canlı enerji ötürürlər”.
Namiq Ağayev qeyd edir ki, alışdığımız kukla min janrdan biridir. Heyf ki, o janr özü haqqında yanlış məlumat yaradıb: "Kukla oynatmaq aysberqin görünən hissəsidir. Görünməyən hissə isə onun nəfəsi, plastikası, rəqs və təməldir. Əgər təməl hazırdırsa, aysberqin üst hissəsini qurmaq çətin deyil. Bu gün əşyanı hiss etmək növünü öyrənirik. Əsas odur ki, əşyanı hiss edə bilsinlər. Gərək rejissor əlinin altındakılardan istifadə edə bilsin. Mən hazır məhsulla işləməyə çətinlik çəkirəm, bunun üçün hər şeyi sıfırdan başlamağı xoşlayıram”.
Rejissordan üzün müddət öncə baş rejissoru olduğu teatrda treninq mütəxəssisi kimi çalışmağın necə bir hiss olduğunu soruşduq. "Bu dəfə mənim işim yarı-yarıya asanlaşıb” dedi: "Təcrübə öyünmək üçün deyil. Artıq təcrübənin də hörməti var. O dönəmdə çox gənc idim. İnsanlarla münasibətdə az təcrübəm var idi. Gözlənilməz hərəkətlərə-əməllərə sahib idim. İndisə tamam fərqli düşünürəm. Kukla oynadan aktyorlar birini yaratmaq-yaşatmaq vergisinə sahibdirlər”.
Rejissor qeyd edir ki, treninqin nəticəsi bir tamaşa olacaq: "Hələ ki ilkin mərhələdir. Gənclər öyrənməyə meyllidirlər. Öyrətmək isə peşəmizdir. Kukla oynatmaq kuklanın yaranışından başlayır. Onlar bu treninqdə iştirak etməklə kamilləşəcəklər. 2-3 aya rahat şəkildə özümüzə məxsus bir tamaşa hazırlayacağıq. Hələ hansı tamaşa olacağı müəyyən deyil. Hər hansı bir janrdan azad, özünəməxsus bir tamaşa hazırlamaq istəyirik. Mənim öz metodum var. Bir tamaşa hazırlayanda, ilk növbədə aktyorlara, atmosferə və tələbata baxırıq. Kukla az danışmalıdır. Ona görə deyirlər ki, Kukla Teatrının özəl və spesifik xüsusiyyəti var. Kukla Teatrında rejissor, ssenarist, aktyor olmur, kəs kuklaçı olur”.
Ustad dərsləri bitdikdən sonra teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova ilə söhbət edirik. Həmidə xanım bildirir ki, N.Ağayev çoxillik sənət təcrübəsini bölüşməklə yanaşı, aktyorlara kukla aktyoru və rejissoru kimi özünü ifadə sərbəstliyi, həmçinin obraza çevirdiyi kuklasını mexanizm olaraq mənimsəmək vərdişləri də aşılayacaq. Bu dərslərin təşkilində məqsəd incəsənət profilli ali və orta ixtisas təhsili məktəblərimizdə kukla teatrı aktyorluğu, kuklaçılıq və ümumilikdə kukla sənətinin oyun və texniki tərəflərinin öyrədilməməsi baxımından mövcud çatışmazlıqları aradan qaldırmaqdır. Dərslər müddətində rejissorun aktyorlarla oyun-tamaşa, praktiki materiallarla işləmə vərdişləri də təkmilləşdirilir. Teatrın təşkil etdiyi bu dərslərdə digər kukla teatrı aktyorları, həmçinin bu sahəyə maraq göstərən şəxslərin iştirakı sərbəstdir.

Bizə isə bu mötəbər layihəyə uğurlar arzulamaq qalır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər