Küçə itlərinin yaratdığı qorxu
Belə bir deyim
var: ev alarkən qonşularının yaxşı və pis olduğunu anlamaq üçün o məhəllədə yaşayan
küçə itlərinə bax. Küçə itləri çox olan məhəllənin insanları da yaxşıdır. Lakin
itlərin insanlara hücumu, xüsusilə 5 yaşlı Zeynəbin bu səbəbdən ölümü bu deyim
haqqında bir də düşünməyə vadar edir. Kiminə görə sədaqətli, kiminə görə əsl
dost hesab olunan heyvanlar bəzən bizi
yanılda bilir.
Son günlər
şahidi olduğumuz hadisələr onu deməyə əsas verir ki, respublikada sahibsiz
heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib. Küçə itlərindən xilas
yolları insanlar tərəfindən birmənalı qarşılanmır. Kimi itlərin güllələnməsini
tələb edir, kimisi isə qısırlaşdırılmasını? Bəs bu problemi həll etmək üçün nə
etməliyik? Kimisə it dişləyərsə, quduzluğun əlamətini neçə müəyyənləşdirmək,
bununla necə mübarizə aparmaq olar?
Quduzluğun əlamətləri nələrdir?
Pediatr Vaqif Qarayev xəstəliyin əlamətlərindən danışıb. Deyir ki, əgər
baş və üz dişlənərsə, xəstəlik ağır keçir və ölümlə nəticələnir: "Xəstəliyin
gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər. Əgər zədə başda, üzdə, yuxarı ətraflarda
olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə xəstəlik çox ağır keçir və
ölümlə nəticələnir. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma
hissi olur. Hərarət 37,2-37,5 dərəcəyə qalxır. Xəstəliyin ikinci dövründə sudan
qorxma, psixomotor oyanıqlıq (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə
keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərində spazma, tənəffüsün
çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət
40-42 dərəcəyə yüksəlir. Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür”.
Həkim vurğulayıb
ki, xəstəlik əlamətləri inkişaf etdikdən sonra vaksin faydasızdır: "İşlənən
nahiyəni sabunlu su ilə təkrar-təkrar yumalı və təcili həkimə müraciət edilməlidir.
Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən istifadə olunur. Xəstəlik
başlanmayıbsa vaksinin effekti var! Xəstəlik əlamətləri inkişaf edibsə, vaksin
bir qayda olaraq faydasızdır”.
"6 min 500 insan heyvanlar tərəfindən dişlənilib”
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə
Stansiyasının xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin
müdiri Rita İsmayılova heyvanlar
tərəfindən dişlənilən insanların statistikasını açıqlayıb. R.İsmayılovanın sözlərinə
görə, il ərzində minlərlə adam sahibsiz
küçə itləri tərəfindən dişlənilir: "Bu ilin ilk 6 ayı ərzində 6 min 500 insan
heyvanlar tərəfindən dişlənilib. Hər il də bu dişləmələrin 90 faizini itlər təşkil
edir. Digər faizlər isə vəhşi heyvanlar - canavar, pişiklər tərəfindən olur. Bu
dişləmələr arasında quduzluq halları da olur. Bu haqda məlumatı Respublika
Baytarlıq Xidmətindən alırıq. İnsanı dişləmiş həmin heyvan müayinə olunur”.
"Çatdıra bilmirik”
Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara
Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov Lent.az-a bildirib ki, şəhərdə o qədər sahibsiz
küçə itləri var, onları yığışdırmağı çatdırmırlar. Ə.Əmiraslanovun sözlərinə
görə, daha çox Bakının qəsəbələrində sahibsiz küçə itləri nəzərə çarpır:
"Sahibsiz küçə itləri ilə bağlı müraciətlərimiz həddən artıq çoxdur. Çatdıra
bilmirik. Hər rayondan hər gün zəng gəlir. Binə, Hövsan, Suraxanının kənar yerləri,
Ələtdə belə itlər daha çoxdur. Elə
Yasamalın özünü də qeyd edə bilərəm. Oradan
bir gündə 80-90 it gətirilir. Məsələn,
bu yaxınlarda Binə qəsəbəsindən bir gündə 40-50 it tutub gətirmişik. Bir il əvvəl bu küçə itləri vurulurdu deyə,
azalma var idi. İndi bu icazə götürülüb deyə, itlərin sayı da artıb”.
Ə.Əmiraslanov deyir ki, sahibsiz küçə itlərinə
qarşı mübarizə ilə bağlı idarə yeni təklif irəli sürüb: " Belə ki, idarənin rəisi
Sabunçu Polis İdarəsinə və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə
müraciət edib ki, bizə iynə verilsin. Həmin iynə keyidici iynədir və itləri
tutmaq üçün ondan istifadə ediləcək. Güllə ilə iynəni itə vuracağıq. İti keyidəcək.
İt 10-15 dəqiqəyə ayılır. Bu halda iti tutmaq daha asan olur. Təklifə baxılıb və
bu istiqamətdə kömək gözlənilir. Bu
yaxınlarda bu məsələ həllini tapacaq.
İcazə verilsə, bütün küçə itlərinə qarşı bu tədbirləri görəcəyik”.
"İtlərin başı kəsilir”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Nəzarəti Xidmətinin mətbuat
xidmətinin rəhbəri Yolçu Xanvəli bizimlə söhbətində bildirdi ki, hər il
baytarlıq laboratoriyalarında sahibli və müvafiq qurumlar tərəfindən tutulmuş
heyvanların müayinəsi təşkil edilir: "Baytarlıq nəzarəti xidmətinin kənd təsərrüfatı
nazirliyinin kollegiyası tərəfindən qəbul edilmiş tədbirlər planı var. Bu plana
uyğun olaraq, digər xəstəliklərlə yanaşı quduzluq xəstəliyinə qarşı da sahibli
və qeydiyyatda olan itlərdə vaksinasiya tədbirləri aparırıq, başları kəsilərək laboratoriyaya gətirilir. Quduzluq
xəstəliyi itin başında olur. Buna görə, baytar həkimləri tərəfindən baytarlıq təlimatına
uyğun olaraq, şübhəli bilinən, quduzluq nişanələri müşahidə edilən itlərin başı
kəsilir. Müayinə edildikdə, nəticə müsbət
olarsa, bu barədə baytarlıq idarələrinə, yerli icra orqanlarına, səhiyyə
ocaqlarına məlumat verilir. Bütün respublika üzrə it, iribuynuzlu heyvanda belə əlamət özünü
göstərirsə, baytarlıq laboratoriyasında quduzluğa görə onlar mütləq müayinə
edilir”.
"Xəstəlik nəzarətdədir”
Y.Xanvəli
vurğuladı ki, Azərbaycanın bütün bölgələrindən quruma quduzluqla bağlı müraciətlər
daxil olur: "Ən çox meşə və meşəətrafı ərazilərdə bu hallar qeydə alınır. Şəki-Zaqatala
zonasından, eləcə də digər bölgələrdən müraciətlər daxil olur . Bir daha qeyd
edirəm ki, bu xəstəlik tam nəzarətdədir”.
"Ərazinizdə olan itləri qısırlaşdırın...”
"Baku Street Dog Rescue” ("Bakı küçələrində itlərinin xilası”) təşkilatının Azərbaycanda
rəhbəri, İngiltərə vətəndaşı Natali Foster deyir ki, itlərin çoxalmasının qarşısını almaq
üçün onların güllələnməsi insanlıqdan kənar hərəkətdir. Onun sözlərinə görə,
itlər mütləq qısırlaşdırılmalıdır: "Nə qədər yaxşı insan olsa da, bir nöqtədən
sonra itlər çoxalmağa başlayır. Çoxaldıqdan sonra razı insanlarla yanaşı,
narazı insanlar da olur və həmin ərazidən itləri təmizləyirlər. Bu problemi həll
etmək üçün axtalaşdırma proqramını həyata keçirmək lazımdır. Yəni küçədə olan
heyvanları sevə bilərsiniz, onlara yemək verə bilərsiniz. Amma həqiqətən küçədə
olan heyvan problemini həll etmək istəyirsinizsə, axtalaşdırmaq məsələsinə
ciddi yanaşmaq lazımdır. Kömək etmək lazımdır ki, küçədəki sahibsiz itlər
qısırlaşdırılsın, onlar yeni balalar doğmasın, küçədə artmasınlar. Ayrı-ayrı
klinikalar, təşkilatlar var. Endirimli proqramlar edirlər. Bir neçə iti aşağı
qiymətlə qısırlaşdırırlar. İtlər məskunlaşdıqları yeri öz əraziləri kimi
qoruyurlar. Məsələn, sizin ərazidə itlər
varsa, onları qısırlaşdırsanız, artmayacaqlar və sizin məhəlləyə sahiblənib öz əraziləri
kimi qoruyacaqlar”.
Bəs xaricdə vəziyyət necədir?
Sahibsiz
it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası
bu yiyəsiz dördayaqlılar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələrinin olmasıdır.
Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Məlumat üçün
bildirək ki, qonşu Türkiyədə küçələrdə yaşayan və ya sahibləri tərəfindən
atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində isə
heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya
konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların
kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu, yaxud da
qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini
pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini,
ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi
ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir.
Aygün ƏZİZ