Kubalı pianoçu və bəstəkarın Bakıda konserti olub

Kubalı pianoçu və bəstəkarın Bakıda konserti olub

Mədəniyyət
19 Oktyabr 2012, 16:01 1177
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı davam edir. APA-nın məlumatına görə, oktyabrın 18-də Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində kubalı pianoçu və bəstəkar Qonzalo Rubalkabanın konserti olub. Cazmenin Azərbaycan səhnəsində çıxışı da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festival çərçivəsində Bakı Caz Mərkəzində səhnəsində gənc caz ifaçılarının konserti olub. Oktyabrın 25-dək davam edəcək festivalda tanınmış caz ifaçıları və qrupları - Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu (ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), ölkəmizdən Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Natiq Şirinov, Tofiq Cabbarov və başqaları iştirak edir.
Qonzalo Rubalkaba Latın Amerikasının caz özəlliklərini təqdim edə bilən mahir musiqiçi, məşhur pianoçudur. Musiqidə daim axtarışda olan Q.Rubalkaba Havanada keçirilən caz festivalında İspan və Afrika ritmlərinə Kuba ritmləri əlavə edərək öz qeyri-adi ifaçılığı ilə şöhrət qazanıb. Kubalı musiqiçi öz virtuozluğu ilə hamını heyrətə gətirərək 1996-cı ildə "ən yaxşı pianoçu" kimi “Grammy” mükafatına layiq görülüb.