• cümə axşamı, 18 aprel, 20:58
  • Baku Bakı 21°C

“Köşklərin sayının artırılmasına ehtiyac var”

04.04.14 09:41 1170
“Köşklərin sayının artırılmasına ehtiyac var”
Bir neçə gün öncə Azərbaycan Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə həmin tədbirlə bağlı qəzetimizə açıqlama verərək qurumun ötən müddət ərzində gördüyü işlər barədə ətraflı məlumat verdi.
Mövcud istiqamətdə bir sıra pozitiv meyillərin yarandığını diqqətə çatdıran V.Rəhimzadə müəyyən çətinliklərin aradan qaldırıldığını da vurğuladı: “Dünən (srağagün – red.) təşkil etdiyimiz tədbirdə qəzet yayımının daha da yaxşılaşdırılması ilə bağlı fikirlər, təkliflər səsləndirildi. İclasda qəzet yayımını həyata keçirən "Əks-səda" firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr getdi. Təbii ki, bu zaman daha çox Bakı şəhəri ilə bağlı danışılırdı. Firmanın direktoru Vüqar Həsənli bildirdi ki, rəhbərlik etdiyi təşkilat 91 qəzet redaksiyası ilə müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin satış göstəricilərinin əks olunduğu rəsmi sənədi təqdim etmək imkanındadır”.
MŞ İdarə Heyətinin üzvü qeyd etdi ki, komissiya yarandığı gündən Bakı şəhərində yayımla bağlı xeyli iş görülüb: “Qarşımıza məqsəd kimi ilk növbədə problemlərin aradan qaldırılmasını qoymuşduq. Hesab edirəm ki, görülən işləri uğurlu adlandırmaq olar. Çünki müəyyən addımların atılması vacib olub və biz bunu etmişik. Sevindirici haldır ki, ortada müsbət nəticə var və bu barədə kifayət qədər yaxşı fikirlər söylənilir”.
V.Rəhimzadənin sözlərinə görə, daha çox müsbət nəticə əldə olunması, bu istiqamətdə daha yaxşı işlərin görülməsi üçün tədbirdə İdarə Heyətinin və komissiyanın digər üzvlərinin fikirləri dinlənilib: “Məsələyə münasibət bildirənlər daha çox qəzetlərin satılması ilə bağlı narazılıq yaradan məqamlardan danışdılar. Onlar Bakı şəhərinin müəyyən qəsəbələrində yeni köşklərin yerləşdirilməsinə aid çıxışlar etdilər. Bilirsiniz ki, paytaxtımızda yaşayış yerlərinin sayı artmaqda, yeni-yeni qəsəbələr salınmaqdadır. Bu cür yerlərdə çox zaman qəzet köşkləri olmur. Həmçinin bəzi qəsəbələrin, kəndlərin yeni köşklərlə təmin olunması ilə bağlı məsələlər qabardıldı. Müəyyən rayonlar, məsələn, Suraxanı, Sabunçu, Qaradağın bir çox qəsəbələrində yeni köşklərin qoyulmasına ehtiyac var. Komissiyamız şəhərin digər hansı hissələrinə köşklərin qoyulmasına ehtiyac olduğunu da müzakirə etdi. Müəyyənləşdirdik ki, yeni köşklərin əhalinin daha gur olduğu yerlərə gətirilməsi lazımdır. Bütün bunların həlli ilə bağlı firma rəhbərliyi ilə qarşılıqlı fikir mübadiləsi apardıq. Söylənilənlərin həllini tapmasına çalışırıq”.
Komissiya sədri gələcəkdə hansı işləri həyata keçirməyi planlaşdırdıqları ilə bağlı sualımıza belə cavab verdi ki, üzvlərin müəyyən təklifləri var. Lakin bununla bağlı indidən məlumat verib geniş danışmaq doğru olmaz: “Görəcək işlərimiz çoxdur. Xatırladım ki, prezidentə ötən il noyabrın 24-də «Jurnalistlərin dostu» mükafatını təqdim etdik. Həmin tədbirdə ölkə başçısının redaktorlarla səmimi söhbəti baş tutdu. O zaman yayımla bağlı olan məsələlər də müzakirə olunmuşdu. Mövcud problemlər, narahatlıqlar dilə gətirilmişdi. Qeyd edim ki, bu görüşdən sonra Mətbuat Şurasında qəzet yayımı ilə bağlı komissiya yaradılması qərara alındı. Hesab edirəm ki, komissiya bu günə qədər uğurlu, lazımlı addımlar atıb, xeyli işlər görüb. Onu da deyim ki, müəyyən neqativ məqamlar qalmaqdadır. Qüsurların, çatışmazlıqların aradan qaldırılması üçün işlər davam etdirilir. Bununla bağlı dünən təşkil etdiyimiz tədbirdə bir çox təkliflər irəli sürüldü. Bundan sonra da görülən işlərlə bağlı mətbuatı tez-tez məlumatlandıracağıq”.
İclasda "Əks-səda" firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş müzakirəsinin təşkilini məqsədəuyğun sayıblar. Belə bir toplantının baş redaktorların iştirakı ilə gələn həftə keçirilməsi qərara alınıb.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər