• cümə, 29 Mart, 08:45
  • Baku Bakı 5°C

“KÖRPÜ”NÜN ÜSTÜNDƏ GƏLƏCƏYƏ CAN ATAN ÜMİDLƏR

03.05.14 13:30 1916
“KÖRPÜ”NÜN ÜSTÜNDƏ GƏLƏCƏYƏ CAN ATAN ÜMİDLƏR
Tarixən müəyyən zaman kəsiyində mövcud olan hər hansı ictimai-iqtisadi quruluş qəflətən dağılanda onun diktə etdiyi ideologiya çərçivəsində (yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-istəməz xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleləri gözlənilmədən qopan tufanın, qəzəbli qasırğanın daşa-divara çırpdığı xəzəllərə bənzəyir, bütövlükdə cəmiyyətin mənəvi dünyasında isə bu qəfil “zəlzələ” dərin bir “boşluq” əmələ gətirir və həmin “boşluğu” doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür.
Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf ki, sovet dönəmindən sonra arada yaranan müvəqqəti “boşluğ”un gətirdiyi sərbəstlik “sərməstliyə” rəvac verdi. “Mən ədəbiyyat yaradıram” deyə-deyə dil boğaza qoymayanlar meydanı boş görüb qələmə sarıldılar, özü də birbaşa ağır zəhmət, səriştə, nəfəs tələb eləyən “roman” janrına girişdilər. “Roman” adı təntənəli səslənir axı. Nəticədə ideyasız, məzmunsuz, cəfəngiyatla dolu qalın-qalın “əsərlər” meydana gəldi. Özündənmüştəbehlik, heç bir ədəb-ərkan çərçivəsinə sığmayan ifrat inkarçılıq, kökünə xor baxmaq meylləri ədəbi əxlaq normasına çevrildi. Belələri xırda məişət problemlərini dedektiv elementlərlə “zənginləşdirməklə” yanaşı, dili yaman günə qoyur və elə zənn edirlər ki, “burada tək onlardı, Bağdadda da kor xəlifə”. Yaddan çıxarmayaq ki, zaman amansız hakimdir, onun ələyinin gözündən keçmək elə də asan deyil.
Çağdaş Azərbaycan romanı janrında son iyirmi ildə müşahidə etdiyim xaotik durumdan həmişə narahat olurdum, lakin ümidimi itirmirdim. Elə əsərlər gözləyirdim ki, orada bədii sözün geniş imkanlarından yararlanmaqla yaşadığımız real həyat bitkin obrazlarla, həm də son dərəcə səmimiyyətlə canlandırılsın, müxtəlif dünyagörüşlü personajların bir insan kimi daxili psixoloji durumu, yaşantıları əks olunsun və yazıçının tutduğu mövqe-- həyat fəlsəfəsi, dünyaya baxışı, oxucuya təlqin etmək istədiyi ideya aydın hiss edilsin, özünəməxsus ifadə tərziylə seçilsin, oxucu hər sözün, hər cümlənin ab-havasında yazıçının məhrəm nəfəsini duysun, ona ürək qızdırsın. ZAMAN və MƏKAN məhfumları cərəyan edən hadisələrin fonunda, daha doğrusu, fövqündə dayansın. Xoşbəxtlikdən, sayca az olsa da dəyərli əsərlər yarandı və bu əsərləri o yazıçılar yaradıblar ki, onlar öz köklərinə bağlı, dünya ədəbiyyatında gedən proseslərə bələd olan qələm adamlarıdır. Onların arasında gənclərin də, orta və yaşlı nəslin də nümayəndələri var.
Bu yaxınlarda “Azərbaycan” jurnalında (N:1, 2014) cavan yazıçı Natiq Məmmədlinin “Körpüdə ümid” romanını oxudum, çox sevindim, təkrar oxumaq ehtiyacı duydum, hətta romanın çapına görə jurnalın baş redaktoru İntiqam Qasımzadəyə zəng vurub təşəkkür də elədim, əsər haqqında səmimi fikir mübadiləsi də apardıq. Doğrusu, son vaxtlar oxuduğum nəsr əsərlərinə təkrar qayıtmağım yadıma gəlmir. Mən N. Məmmədlini istedadlı bir jurnalist kimi tanıyırdım, heç tarix elmləri namizədi olduğunu da bilmirdim. Romanı mütaliə etdikcə mətnin yetkin bir yazıçı qələmindən çıxdığını hiss edirsən; hər şey yerli-yerindədir—süjet xətti də, obrazlı dil də, işarə vurduğu son hədəf də. Yazıçının heyrətamiz dərəcədə müşahidə qabiliyyəti var ki, bu da yazıçı üçün əsas şərtdir. Axı, romanı oxuyan hər kəs ətrafında gördüklərinin dəqiq və bədii təsvirini görəndə, yazıçıya qəlbən inanır və özünü hadisələrin iştirakçılarından biri sayır—ya suçlu, ya suçsuz. Lakin yuxarıda qeyd etdiyim kimi, belə bir mükəmməl əsər, heç şübhəsiz, birdən-birə-- “roman yazmaq” xəstəliyinə tutulub, “köçdən qalmamaq” naminə yazıla bilməzdi. Zənnimdə yanılmamışdım. Öyrəndim ki, N. Məmmədlinin “Qanun” nəşriyyatı tərəfindən 2012-ci ildə “Ləyaqət düsturu” adlı hekayələr kitabı nəşr olunub. Tapıb oxudum və mənə elə gəldi ki, bu hekayələrin heç biri birbaşa yazılmayıb. Yazıçı onları illərlə ürəyində gəzdirib, sonra hər sətrinin üstündə titrəyə-titrəyə kağıza köçürüb. Hekayə yazmaq o qədər də asan deyil. Qısa, ritorikadan uzaq şeir yazmaq nə qədər çətindirsə, hekayə yazmaq da bir o qədər zəhmət tələb edir. Dörd sətirlik bayatının məna yükü insanı heyrətləndirir. Xırda bir epizodun dar çərçivəsində obraz yaratmaq, həyat həqiqətlərinin müxtəlif rənglərinin sözlə rəsmini çəkmək də yalnız istedadlı yazışıya nəsib olur. Kitabda on səkkiz hekayə çap olunub və hər biri oxucunun əlindən tutub yazıçının məqsəd və məramına doğru apara bilir. Ləyaqətini itirmişlərin (“Ləyaqətin düstürü”) öz “ləyaqətini”nə utanıb-qızarmadan maddi mənada qiymət qoymasına və ətrafındakıların gülünc təmənnalarına necə ürəkdən gülməyəsən, yaxud göz yaşına həsrət qalan korun (“Korun gördüyü gələcək”) gerçəkləri gözlülərdən daha sərrast dərk etməsinə, onun sızıltılarına, həmçinin klounun çəkdiyi əzablara (“Kloun”) və s. necə soyuqqanlı baxasan və necə göyü-göyüm göynəməyəsən?! “Dolma” hekayəsindəki təəssübkeşlik hisslərindən mütəəssir olmaya bilmirsən. “Yaxşı anaların oğulları”, “Vaxtı keçmiş sitatlar”, “Bütün maymaqların yükü” və s. hekayələrində təsvir olunan real həyat həqiqətləri oxucunu düşündürür, həmçinin güclü yumor, dialoqların təbiiliyi, təhkiyənin rəvanlığı oxucu ilə yazıçının həmsöhbət olmasına zəmin yaradır.
Məqsədim “Körpüdə ümid” romanına münasibət bildirmək olsa da, hekayələr məni öz ardınca çəkib apardı. Xüsusilə “Mənim birinci yalanım” hekayəsini oxuyanda məni kövrək, acılı-şirinli nastolji hisslər bürüdü. Son zamanlar “nastolji hisslər” deyəndə dodaq büzürlər. Bu, “Bəlkə də qaytardılar” söhbəti deyil, əzizlərim. Bu, yaşadığımız və bir daha geri qayıtmayacaq ömrümüzün bir parçasıdır və bu hisslərin heç bir siyasətə, rəyasətə dəxli yoxdur. Digər hekayələrindəki obrazların psixoloji durumunun, onların ətrafının ən xırda detallarına qədər dəqiq təsviri bir yana, bu hekayəni nümunə gətirməklə oxucu həmkarlarıma üzümü tutub demək istəyirəm ki, yuxarıda qeyd etdiyim “Yazıçının (Natiqin) heyrətamiz dərəcədə müşahidə qabiliyyəti var.” cümləsini işlədəndə əsasən “Mənim birinci yalanım”ı nəzərdə tuturdum, çünki buradakı həqiqi həyat epizodları mənə daha doğmadır və özüm onların şahidiyəm.
O ki, qaldı öz obrazına, yəni intizarla, ürəyi çırpına-çırpına ilk məqaləsini gözləyən gəncə, onun keçirdiyi hisslər mənə o qədər doğmadır ki...İlk gəncliyimdə mən də şeirlərimin çapını belə ürəkçırpıntısıyla gözləmişəm. Kim bilir bəlkə də sexlərdə, yaxud uzun koridorda qəzetin ottiskləri qoltuğunda redaksiyaya tələsən Natiqə dəfələrlə rast gəlmişəm. Bu tale mənə tanışdı. Çoxlarının bəyənmədikləri, bin tutub dayanmadıqları, az məvacibə qane olmadıqları işə Natiqi nə çəkib gətirmişdi?! Əlbəttə, SÖZ! Sevə-sevə yazmaq ehtirası onu hər cür məhrumiyyətə dözməyə vadar etmişdi. Xoşbəxtlikdən, o zəhmət hədər getməyib. O, ömrünü-gününü girov qoya-qoya arzusuna çatıb, biz oxucular isə istedadlı bir yazıçı qazanmışıq! Natiq həyatda gördüyünü, duyduğunu ədəbi xammala çevirməyi, yazıçı təxəyyülünün süzgəcindən keçirməyi bacardığına görə nə yazırsa təbii və səmimi alınır. Təbiilik və səmimilik isə yazıçıya hörmət də gətirir, rəğbət də qazandırır.
Bu məqamda Xalq yazıçısı Anarın “Ləyaqətin düsturu” hekayələr kitabına yazdığı “Ön söz”dən bir parçanı xatırlatmaq yerinə düşərdi: ”Natiqin hekayələrində qaldırılan mətləblər dünyanın özü qədər qədimdi: insan xislətinin dəyişməz naqislikləri, zamanın islah edə bilmədikləri cılızlıqlar, gerçəklikdəki problemlərin böyük əksəriyyətini Tanrı bəndəsinin məhz özü tərəfindən törədilməsi və s...Natiq Məmmədlinin püxtələşmiş qələmi var. İnanıram ki, o, gələcəkdə yeni uğurlu əsərlər qələmə alacaq. Bu inamla da ona çətin, əzablı yaradıcılıq axtarışlarında uğurlar arzulayıram.” Ağsaqqal yazıçımızın arzusu çin oldu—Natiqin püxtələşmiş qələmindən samballı bir roman meydana çıxdı.
***
“Körpüdə ümid” romanında hadisələr böyükdən kiçiyə hamımızın yolu düşən müqəddəs məkanlardan birində – rəmzi olaraq, Ümidqovan kəndinin adıyla adlandırılan pirdə cərəyan edir. Yazıçı bu məkanı təsadüfi seçməyib. Cəmiyyətin bütün zümrələri gah gizli saxladıqları, gah da aşkar büruzə verdikləri niyyətlərlə, bir sözlə müxtəlif təmənna ilə bu ziyarətgaha gəlirlər. Müəllifin yazdığı kimi: ”Müqəddəsliyi dünyaya nur saçan pirə üz tutanların arasında müsəlmanı da var, xristianı da, hələ Allahını tanımayan, ya da tanımaq istəməyən imansızı da. Ləyaqətli də bura gəlir, əclafın da, düzün də yolu burdan keçir, əyrinin də. Heç kimə fərq qoymur Ümid Piri, elə bu üzdən də qaçan da ona sığınır, qovan da. Çox nadir hallarda elə insanlar da tapılır ki, onun yanına tək dərdlərinə şəfa tapmaq, ümidlərinə ümid qatmaq üçün yox, həm də dünyanın kirlətdiyi ruhlarını təmizləmək, saflaşdırmaq üçün gəlirlər. Bu dünyanın ayaqlaşa bilmədiyi sürətindən, pozulmuş nizamından gileylənən kim varsa, hamısının da olmasa da, yalan olmasın, yarısının yolu burdan keçir.” Bu da pas tutmuş cəmiyyətin günaha bulaşmış ayrı-ayrı fərdlərindən ibarət insan mənzərələri!...Bu mənzərənin dəyişməsi mümkündürmü? Mümkün deyilsə, demək, gələcəyə ümidlə baxmağın da, ona bel bağlamağın da heç bir əhəmiyyəti yoxdur. Təmənnalarını, məhrəm arzularını kağıza yazıb Pirin bacasından atan bu insanlar bircə dəfə diqqətlə öz ürəklərinin içinə boylanmağı heç ağıllarına da gətirmirlər və öz istəklərinin pak, yaxud çirkin olmasının fərqinə varmadan Pirdən pənah umurlar.
Əsərin əsas qayəsi olan “mütləq dəyişmək, mütləq dəyişilmək” ideyası yazıçının “Korun gördüyü gələcək” hekayəsində də hərəkətverici amildir. Bu, o deməkdir ki, əgər həmin gələcəkdə “adamların əlindən Allah da bezar” olacaqsa, “yaradanı göydə yox, yerdə” axtaracaqlarsa, o gələcəkdən “yasəmən ətri” gəlməyəcək. (Romandakı armud ağacı da çiçək açmayacaq.) Görünür yazıçının ürəyində bir sağalmaz dərd kimi qövr eləyən həmin bəşəri ideya onu rahat buraxmayıb, nəhayət, demək istədiklərini romanın personajlarının diliylə, həm də daha geniş müstəvidə oxucuya çatdırmaq istəyib. Cəmiyyətdə baş verən proseslri incəliklərinə qədər daha əhatəli işıqlandırmaq üçün yazıçıya belə geniş meydan lazım idi. Ümidqovanlı Qırmızı Xudu, Qələm Bəkir, Yoğun Minə, Burun Qasım, Qız Telli ...və Pirdəli həm də Ümid Pirinin daimi sakinləridir. Öz ayamalarına uyğun əməllərə sahib olan bu adamlar da (Qız Telli və Pirdəli istisnadır.) müxtəlif yerlərdən gələn və Pirdən təmənna umanlardan daha ağır günah içindədirlər. Pirə rahat qazanc mənbəyi kimi baxan və istənilən vaxt dərhal zamanın rüzgarının əsdiyi səmtə əyilməyi bacaran bu maskalı fırıldaqçılar da cəmiyyətin müəyyən təbəqəsini təmsil edirlər. Qırmızı Xudu əli belində umumi nəzarətçi vəzifəsini canla-başla yerinə yetirir, həm də gecələmək istəyənlərə səxavətli Allah adamı kimi öz evində yer verir və bu “əməlisaleh adam”ın evində yatdınmı, elə Pirin üstündə yatmış sayılırsan; Qələm Bəkir dua yazır, özü də yazdığı “daşdan keçir, “açılmayan qapıları açır”; Yoğun Minənin “ağır nəfəsi” ölünü dirildir, Burun Qasımın da “şəfalı əlləri” ağrıyan əzalarına toxundumu, anadangələmə olursan və s. Pirə gələnlərin nəzərində bu adamlar artıq “ipək kələfi kimi yumşaq və xeyirxah insan” statusunu qazanıblar. Düz deyiblər ki, ağası Gülüm olanın başına külüm olar. Pirə gələn müsafirləri ətirli çaya qonaq eləyən Qız Telli isə bu ocağın müəddəsliyinə tapınan, evdə qız qarıyan, çarəsiz qalıb öz kəm taleyilə barışan, Allahın sadəlövh, mağmun, bəlkə də ən təmiz bəndəsidir. Bəs Pirdəli? Onun barəsində bir az sonra.
Pirə pənah gətirənlərin hamısı ucdantutma naqislərdən ibarət deyil. Onların arasında didərgin düşdüyü doğma Qarabağda dəfn olunmaq üçün bir parça torpaq arzulayan, son qismət üçün Pirə yalvaran ağbirçək, düşgün bir qarı da var, eyni zamanda öz həmkarının arxasınca nifrin yağdıran otuz-otuz beş yaşlı, tez-tez televizorda göründüyü kimi “qarayanız, ensiz çiyinlərinə tökdüyü şəvə kimi qara saçları, hisə verilmiş balıq kimi qupquru qurudulmuş qolları, sinəsi” ilk baxışdan nəzərə çarpan şəhərli bir qadın da. İndi o “ağzı sulana-sulana ona baxan jurnalistlərə yox, sanki Yoğun Minəyə müsahibə verirdi (əlbəttə pıçıltı ilə). Bu dəfə başı çıxmadığı şeylərdən deyil, özündən danışırdı, həyatının qalan hissəsinin konturlarını cızmaq, qabağına çıxacaq kişili- qadınlı rəqiblərini əzib keçmək, yəhərsiz-yüyənsiz qeyri-müəyyən gələcəyin cilovunu öz əlində saxlamaq ehtirası ilə danışırdı” (...):
-Gəldim ki, Minə bacı, yardım eləyəsən. Qızıla tutaram səni, pir haqqı!
-Niyə sənlə yola getmir? Səbəbini bilirsənmi?
- Yaxşı bilir ki, əvvəl-axır mən onun yerinə keçməliyəm. Bax, mən bacın! Elə özüm də gecəmi gündüzümə qatıb onun üçün əlləşirəm. Burda da yekə bir əmma var, bizdə öz xoşuyla yerini verən kimdi, ya gərək səndən qabaqkı ölə, ya da ki, tutub damlayalar, ayrı yolu yoxdur. Bilirəm o, qazdan ayıq kişidi, türməyə salmayacaqlar, bir qalır ölməyini gözləmək. Buna da mənim səbrim çatmaz, bəlkə ömrüm də...Bir də sən mənim içimi bilirsən deyə açıq danışıram, qorxuram vaxt gələr fırıldaqçı olduğumu başa düşərlər.
-...Məndən sənə məsləhət, heç qorxub eləmə, biri var balaca yalan, yəni dedi-qodu, arvad söhbəti, biri də var böyük yalan, yəni camaatın ürəyindən xəbər verən yalan. Canın yanmasın, sənin yalanın ikincisindəndir.”
Bu da Pirə gələnlərin miskin niyyəti. Şərhə ehtiyac varmı? Elə ona görə də hadisələrin təsvir olunduğu üçüncü gün uzun illərdən bəri müsafirlərin öz əlləriylə “təmənnalı arzu və istəklərini” yazdıqları və bacadan atdıqları kağız parçalarını qəfil qalxan külək sovurub yerlə-yeksan eləyir..Pirdəli demişkən,” Pir daha bu çirkinliyə, iyrəncliyə dözməyib üsyan elədi, üsyan.
Kimdir Pirdəli? Yazıçının yaratdığı bu obraz onun amal, əqidə və arzularının tərcümanıdır. Pirdəli müasir dövrümüzün gözü yaşlı Kefli İsgəndəridir, çünki onun dərdi İsgəndərinkindən daha ağır, daha dözülməz, daha çarəsizdir. (Deyəcəklərim mənim subyektiv fikirlərimdir, kimsə razılaşmaya bilər). Ona görə ki, Kefli İsgəndər cəhalət dünyasının zülmətində yanan şam, ümid işartısı idi, həm də o, xurafatın mür-müc elədiyi avam, fağır, mağmın adamların əhatəsindəydi. Müsəlman ola-ola açıq-aşkar şərab içirdi, hələ üstəlik bu avam adamların nöqsanlarını üzlərinə vurur, qəh-qəhə çəkib gülürdü. İrəli durub onu daş-qalaq eləyən yox idi, ona görə yox ki, o şəhərin hörmətli adamlarından birinin -- Hacı Həsən ağanın oğlu idi, ona görə ki, xurafatın tüğyan etdiyi,mollların meydan suladığı bir zaman kəsiyində əli-qolu, dili bağlı , yazı-pozu bilməyən, imza yerinə barmaq basan, bir əlcə məktub, bir idarəyə beş kəlməlik ərizə yazdırmaq üçün saatlarla mirzələrin sağ yanını kəsdirən, əlmuzdu verib min dəfə baş əyən bu yazıqların, əslində Kefli İsgəndərə daxili rəğbətləri vardı, onun dediklərinə ürəklərində haqq verirdilər, lakin dillərinə gətirməkdən qorxurdular. Hətta İsgəndər uşaqları başına yığıb dərs keçəndə də molla görənə qədər görməməzliyə vururdular. Şeyx Nəsrullahın fırıldaqları üzə çıxanda İsgəndər qəbiristanlıqda onların gözlərinin içinə tüpürmüşdü. Susmuşdular. Pirdəli isə “ağıllılar”ın əhatəsində, sözün məcazi mənasında yeganə “ağıllı dəlidir”. Onların arasında uşaqlar bir yana, ən qocası da nəinki adını yazmağı bilir, hətta dünyanın gərdişindən də baş çıxarır. Bir dəstə avam, lakin ürəyi təmiz adamları bir ağıllı öz ardınca çəkib apara bilər. Vay o gündən ki, hamı “ağıllı”ola, hərənin də öz nəfsinə uyğun təmənnası. O zaman heç nəyi dəyişmək mümkün deyil. Pirdəli insanların mənəviyyatında yaranan bu dibsiz uçurumu görür, qübarlanır, xısın-xısın ağlayır. Tək-tük təmiz adamları nəzərə almasaq, Qırmızı Xudu, Qələm Bəkir, Burun Qasım və Yoğun Minəkimilər, o cümlədən müxtəlif şəhər və kəndlərdən Pirə gələn mənəviyyatına xal düşümüşlər, Allahından qorxmayan “ağıllı buqələmunlar” onların naqisliklərini, cılızlığını görən Pirdəlini güncə qısanayıblar. Ürəyi partlamaq dərəcəsinə çatan Pirdəli, nəhayət, dərdini danışmağa adam tapır-bu, dili tutulmuş on iki yaşlı Ümiddir. Atası ürəyi istəyən vəzifəyə keçəndən sonra təzəcə aldığı yaraşıqlı maşınına qaraj tikmək üçün qapılarındakı gövdəsi qucaq tutmayan armud ağacını kəsir, hələ bir parça torpaq üstündə gor qonşusu ilə də qırğına çıxır. Bu həngaməni görən uşağın dili tutulur. Son çarə kimi onu Ümid Pirinə gətirirlər. Ağacların arxasından boylanan Pirdəli: “Uşağın boğazında söz qalıb”,-deyir. O saat “dəlidir, fikir verməyin” deyib nənəsinin, digər müsafirlərin fikrini yayındırırlar. Pirdəli gələn müsafirlər arasında hələ ki tərtəmiz dünyası ləkələnməmiş bu uşaqla dil tapır, onun ürəyini oxuyur...və onların söhbəti baş tutur. Pirdəli illərlə ürəyində gəzdirdiyi dərdləri uşağa açır, çünki gələcəyin nicatını onda görür:
--Atanın səhvlərini düzəldə-düzəldə, yarımçıq işlərini sahmana sala-sala addımlasan, tısbağa da səni ötüb keçəcək, zaman burnunu ucuna toxunaraq, uçacaq, nə zamana adamı olacaqsan, nə də ondan qabağa keçən. Ataların səhvlərini düzəltmək elə atana oxşamaq deməkdi, atasına oxşayan oğullar dünyanı dəyişə bilərmi heç? (...)
--Bəs sən niyə dəyişmədin? Bəs sən niyə dəyişdirmədin? Heç atana oxşamırsanmı?
--Mən cəhd elədim, dəyişildim, amma dəyişdirməyə gücüm çatmadı, sənin yolunu gözlədim, gec gəldin. Mən Qırmızı Xudunun oğluyam, görürsən ki, atama oxşamıram. Onun mənim əvəzimə verdiyi qərarın üstündən yekə bir xətt çəkdim...Ən azı bilirəm ki, daha Qırmızı Xududan sonra Ümidqovanda bir dənə də ona oxşayan adam qalmayacaq. ...Bura kimi mən gəlmişəm, indi növbə sənindi. Dəlilik mənim, dəyişdirmək sənin qismətinə düşüb, qardaşım...Hər şey sənə bənddi, səndən sonra Ümidqovan da dəyişiləcək. Hər şey bu qədər asandı, hər şey bu qədər çətindi... Bu adamları dəyişməsən, ovcuna sıxılıb canına hopan torpağa “vətən” deyə bilməyəcəksən....
--Dilim nə vaxt söz tutacaq?
--Dilin sabah axşam, pirin başına sonuncu dəfə dolanarkən açılacaq, bu, onun sonuncu möcüzəsi olacaq...
Əsl möcüzəni isə Ümid kimi oğulların kökündən dəyişdirib yenidən qurduğu dünya olacaq. Orada haqq-ədalət hökm sürəcək, sakinləri də mənəviyyatca pak insanlar olacaqlar.
Roman çox maraqlı bir sonluqla bitir. Ümid evə qayıdır, artıq dili açılıb, atası ilə üz-üzə gələndə soruşur:
--Dədə, özün necəsən?
--Lap yaxşıyam, başına dönüm. Desəm inanmayacaqsan, qapımızın ağzındakı yekə armud ağacı yadındadırmı, yazqabağı qurumuşdu, o gün baxıram, quru kötükdən təzə zoğ qalxıb, inanırsan. əlim üzümdə qaldı.
--Ay dədə, yoxsa təzə qulluğundan çıxmısan?
--Başına dönüm, sən hardan bildin?! Çıxmısan deyəndə, çıxartdılar dədəni, arşınımız düz gəlmədi.
--Deyirsən armudun kötüyü cücərib. Hə?...
Əsərin dili çox gözəldir, müəllif sözdən kasadlıq çəkmir. Hekayələrindəki şirinlik, yumor hissi burada da özünü göstərir. Ən başlıcası, obrazların dilindəki rəngarənglik--hərənin özünəməxsus danışıq tərzi, öz yer-yurdunu nişan verən ləhcəsi əsərin ümumi ahənginə xüsusi ovqat qatır. Təkrarsız təbiət təsvirləri isə obrazların psixoloji durumunun açılmasında müstəsna rol oynayır. İnanıram ki, ürəkyanğısıyla yazılan bu əsər çağdaş ədəbi nümunələr sırasında öz layiqli yerini tutacaq. Bizsə müəllifdən yeni-yeni əsərlər gözləyirik. Yazıçı bu inamı özü yaradıb, bu haqqı da bizə özü verib...
30. 04. 2014.
ETİBAR ETİBARLI
banner

Oxşar Xəbərlər