• çərşənbə axşamı, 19 mart, 10:54
  • Baku Bakı 8°C

Körpə uşaqların göz zəifliyinin səbəbi nədir? - Araşdırma

18.05.18 14:41 6946
Körpə uşaqların göz zəifliyinin səbəbi nədir? - Araşdırma
Əlinin 3 yaşı var. Bir ilə yaxındır ki, uzağı yaxşı görmək üçün eynəkdən istifadə edir. Bu problemdən əziyyət çəkən yalnız Əli deyil. Əlinin həmyaşıdları, hətta ondan yaşca kiçik olan bir çox uşaq uzağı normal görə bilmir və eynək taxmaq məcburiyyətində qalır.

Əvvəllər insanlar müəyyən yaş həddindən sonra eynək taxardı. Lakin illər keçdikcə bu xəstəlik cavanlaşdı. Bu gün orta məktəblərdə siniflərə daxil olarkən 10-20 il əvvələ nisbətən, daha çox eynəkli uşaqlara rast gəlirik. Məktəb dövründəki uşaqların göz zəifliyinin səbəbini planşetlər, telefonlarla əlaqələndirirlər. Hətta "kitabı çox oxuduğuna görə gözləri zəifləyir” deyənlər belə var. Bəs Əli kimi azyaşlı uşaqların göz zəifliyinin səbəbi nədir?

İnsan orqanizminin ən əsas duyğu qabiliyyətlərindən biri olan görmə uşaq dünyaya gəldikdən 3-4 ay sonra inkişaf etməyə başlayır. Göz dünyanın gözəlliklərini bizə göstərən, öyrənmə və qavrama qabiliyyətimizin 85 faizini bizə bəxş edən və beyindən sonra ən mürəkkəb orqanımızdır. Göz zəifliyinin cavanlaşması, yeni doğulan uşaqların bu çətinliklə üzləşməsi həyəcan təbili çaldırır.


"Miyopiya xəstəlik deyil, qüsurdur”

Oftalmoloq-cərrah Günay Əliyeva deyir ki, yaxından görmə - miyopiya anadangəlmə qüsurdur və sonradan yaranmır: "Miyopiya elə bir göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur. Miyopiyalı insan yaxından yaxşı gördüyü üçün xəstəliyin adına yaxından görmə də deyilir. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir - göz öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır. Əsasən anadangəlmə və genlərlə keçən qüsurdur ki, göz alması normadan böyük olur və ona görə də, yaxını yaxşı, uzağı pis görürük”.

Həkim deyir ki, bu, anadangəlmə qüsur olsa da, məktəbəqədər dövrdə özünü kəskin büruzə verə bilər: "Bu xəstəlik bir çox hallarda, genetik olur. Əgər valideynlərin ikisində də yüksək dərəcəli miyopiya varsa, demək olar ki, uşaqda yüz faiz olacaq. Əgər valideynlərin heç olmasa, birində göz mənfiliyi varsa, onda uşaqları da 50 faiz bu problemlə qarşılaşa bilərlər”.

Həkimin sözlərinə görə, vaxtından erkən doğulan uşaqlarda yüksək dərəcədə miyopiya olur. Ona görə də, vaxtından tez doğulan uşaqları göz həkiminə göstərmədən xəstəxanadan çıxarmaq olmaz: "Damarlar tam inkişaf etmədiyi üçün erkən doğulan uşaqlarda bu problem özünü büruzə verir. Erkən doğulan uşaqlar bir çox hallarda uzağı yaxşı görmür. Biz miyopiyaya xəstəlik demirik. Bu, anadangəlmə qüsurdur və gözün quruluşu ilə bağlıdır”.

Həkim vurğulayır ki, genetik ötürülən xəstəliklərin müalicəsi yoxdur: "İrsi ötürülən problemlər xəstəlik deyil, qüsurdur. Artıq göz anadangəlmə qüsurlu olur və quruluşu da fərqlidir. Xəstəlik olanda, müalicəsi mümkündür. Biz sadəcə nəzarətdə saxlayırıq ki, uşağın gözü həmişə işləsin, göz tənbəlliyi yaranmasın. Bizim vəzifəmiz uşaqlarda tənbəl gözlülüyün qarşısını almaqdır. Onu da 0-7 yaşına qədər effektiv müalicə edirik. Göz tənbəlliyinə səbəb olan şərtlər mümkün qədər tez aradan qaldırılmalı və vizual sinir stimullaşdırılmalıdır. Ona görə də, uşaqları daha erkən müayinəyə gətirib, həkimin dediklərinə əməl etmək lazımdır. Uşaq doğulandan sonra ilk 6 ay müddətində kontrol müayinə edilməlidir. Əgər hər şey qaydasındadırsa, ildə bir dəfə göz müayinəsinə gətirmək lazımdır”.

"Valideynlər problemi vaxtında hiss etmirlər”
Oftalmoloq-cərrah Qəmər Əliyeva "Kaspi”yə açıqlamasında bildirdi ki, əvvəllər valideynlər uşaqlarında göz problemlərini hiss etmirdilər: "Bizə müraciət edən valideynlər tez-tez deyirlər ki, əvvəl bir sinifdə bu qədər eynək taxan, zəif görən uşaq olmurdu. Mən bunu onunla əlaqələndirirəm ki, əvvəllər valideynlərimiz uşaqlarının görmə orqanlarına o qədər də diqqətli yanaşmırdılar. Çünki bizə müraciət edən gənc, orta yaşlı xəstələrimizin bir çoxunu müayinə edəndə, bəlli olur ki, uşaqlıqdan yaranan patologiyadan əziyyət çəkirlər. Buna da səbəb valideynlərinin problemi vaxtında hiss etməmələridir. İndi valideynlərin dünyagörüşü daha çoxdur, televiziya, internet vasitəsilə daha çox bilik əldə etmək imkanları olduğundan, həmçinin məktəblərdə müayinələr olduğu üçün patologiyalar daha tez aşkarlanır”.
Uşaq heç vaxt gözünün pis görməsindən şikayətlənmir
Həkim yeni doğulan uşaqların göz problemi yaşamamağı üçün valideynlərə məsləhətlərini bildirdi: "Çirkli əşyalar, çirkli əllərlə gözə toxunmamağı məsləhət görərdim. Çünki göz iltihablarının çoxu gözə çirkli əllərlə toxunarkən yaranır. Çox vacib 3 simptom var ki, istərdim valideynlər bunlara da fikir versinlər və bu hallardan hansı ilə rastlaşsalar, təcili həkimə müraciət etsinlər. Gözün həddindən artıq sulanması, qızarması və göz bəbəyinin ağ olması bir çox xəstəliklərin səbəbi ola bilər. Bir də telefonla şəkil çəkəndə uşağın gözünə düşən işığın fərqli olmasına diqqət etmək lazımdır. İşıq düşəndə gözdə qırmızı refleks alırıq. Qırmızı refleks çox fərqli olanda, məsələn, çox ağ, yaxud qırmızıdırsa, həkimə müraciət etmək məsləhətdir. Bu o demək deyil ki, hamısında patologiya çıxacaq, sadəcə, işimizi ehtiyatlı tutmalıyıq. Çünki uşaq heç vaxt gəlib sizə gözünün pis görməsi ilə bağlı şikayətlənməyəcək. Onun müqayisə üçün görüntüsü olmur. Uşaq elə bilir ki, hamı onun kimi görür”.

Gözün forması xəbərçidir

Həkimin də dediyi kimi, göz zəifliyi ilə doğulan uşaqlar 100 faiz görməni bilmədiyi üçün gözlərinin zəif olduğunun fərqinə varmırlar. 30 faiz görməsi olan uşaq elə bilir ki, elə görmə bundan ibarətdir. Ona görə də, burada məsuliyyət valideynlərin üzərinə düşür. Məsələn, 7-ci sinifdə oxuyan Aydının valideyni deyir ki, oğlu eynək taxanda ilk sözü "Eynəklə həyat necə gözəldir!”, "Ana, eynək taxmadan hamı ətrafı belə görə bilir?” olub.

Uşaqlarda hər hansı problem olmasa belə, anadan olanda, bir, üç, altı yaşlarda mütləq göz müayinəsinə aparılmalıdır. Ailədə, genetik olaraq görmə ilə bağlı hər hansı problem varsa, o zaman daha diqqətli olmaq lazımdır. Bundan əlavə, gözlərin forması və uşaqların hərəkətləri gələcəkdə görmə probleminin ola biləcəyinin xəbərçisi olur. Türk həkimlər deyir ki, valideynlər bu nüanslara xüsusi diqqət yetirməlidir:

Uşağınız sizinlə təmas qurarkən gözləriniz bir-birinə paralel dururmu? Gözlərdən birində daxilə, ya da xaricə sürüşmə, ya da iki göz bir-birindən müstəqil hərəkət edirmiş kimi təəssüratı varmı? Oxuyarkən və ya televiziya seyr edərkən başını davamlı bir istiqamətə çevirmə, başını əymə, bir gözünü bağlı tutma, tez-tez göz qırpma, gözlərini ovalama, oxuyarkən və ya yazarkən çox yaxından baxma, sətir sürüşdürmə və ya davamlı barmaqla təqib etmə, yaxın işləri sevməmə, qısa müddətdə diqqət dağılması, ayaqqabı bağlama və ya düymə düymələmək kimi əl-göz koordinasiya tələb edən işlərdə çətinlik çəkirmi? Baş ağrısı şikayəti olurmu? Əgər uşağınız sadaladığımız hərəkətləri edirsə, göz pozuqluğu olma ehtimalı yüksəkdir.


Genetik həkim Zakir Bayramov isə deyir ki, göz problemləri ilə bağlı olan xəstəliklər müxtəlif genlərlə nəsildən-nəslə ötürülür: "Nəslə ötürülən gen resessiv (gizli) və ya dominant (əsas) olmasından asılı olaraq xəstəliyin necə büruzə verməsi də dəyişir. Genlər gözün torlu qişasına, büllura, göz sinirinə birbaşa təsir edir. Yalnız onu qeyd etmək kifayətdir ki, indiyə qədər görmə qabiliyyətinin tam itməsi ilə doğulan uşaqların 60 faizindən çoxunda diaqnoz genetik olaraq təsdiqlənir”.

Məlumat üçün bildirək ki, göz problemi yaşamamaq üçün uşaqların qida rasionuna da diqqət edilməsi vacibdir. Daha çox vitaminli qidalardan istifadə edilməsi məqsədəuyğundur. Balıq məhsullarına, eləcə də meyvə-tərəvəz, süd və süd məhsullarına üstünlük verilməlidir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər