• cümə axşamı, 25 aprel, 18:49
  • Baku Bakı 21°C

Kriteriyasız qərar

07.06.18 18:32 967
Kriteriyasız qərar
Avropa institutları Cənubi Qafqaz regionunun digər ölkələrindən fərqli olaraq hər zaman Azərbaycanı hədəf seçirlər. Biz bunu son olaraq, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, də ölkəmizə qarşı qəbul etdiyi sonuncu qətnamə ilə bağlı da müşahidə etdik. İndi isə bu qurum yenidən Azərbaycanda "siyasi məhbus” məsələsini gündəmə gətirib. Belə ki, AŞPA-nın Büro iclasında belə bir qərar qəbul edilib. AŞPA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, məruzəçi assambleyanın iyunun 25-dən 29-dək Fransanın Strasburq şəhərində keçiriləcək sessiyada təyin ediləcək.

Qeyd edək ki, Azərbaycanda "siyasi məhbus”lar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini 2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla AŞPA-nın 24 deputatı irəli sürmüşdü.Maraqlıdır ki, son vaxtlar AŞPA-da güclü anti-Azərbaycan əhval-ruhiyyəsi müşahidə olunur. Azərbaycan rəsmiləri heç vaxt ölkədə "siyasi məhbus” olması ilə bağlı fikirləri qəbul etməyiblər. Lakin hər il bəzi vətəndaş cəmiyyəti institutları müxtəlif rəqəmləri əks etdirən siyahılarla çıxış edirlər. Ekspertlər hesab edir ki, əslində "siyasi məhbus” olduğu iddia edilən şəxslər törətdikləri konkret əməllərə görə məsuliyyətə cəlb olunublar.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Çingiz Qənizadə bildirdi ki, hər zaman bu quruma "siyasi məhbus” kriteriyasının nə olduğuna dair aydınlıq gətirməsini istəmişik: "Bu kriteriyalar məlum olarsa, bundan sonra Azərbaycan tərəfi müəyyən etsin ki, onların qeyd etdiyi insanlar "siyasi məhbus”dur yoxsa, deyil. Çünki hələ AŞPA-nın özündə "siyasi məhbus” kriteriyasının hansılar olduğunu dəqiq bilən yoxdur. Onlar özlərinə lazım olan ölkələrdə qanun çərçivəsində həbs olunmuş şəxsləri istədikləri halda siyasiləşdirirlər. Hansısa vətəndaş cəmiyyətinin və ya siyasi partiyanın nümayəndəsi ölkənin qanunlarını pozarkən ona qarşı hüquqi tədbirlər hərəkətə keçiriləndə o zaman bunun siyasi olduğunu deyirlər. Amma başa düşmürlər ki, qanun siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün eyni olmalıdır. Azərbaycan Avropa Şurası ilə birgə problemli məhbuslar bağlı İşçi Qrupu yaradıb. Biz məsələni belə irəli sürdük ki, ola bilsin hansısa məhkəmə çəkişməsi, istintaq vaxtı və sair məsələdə prosessual hüquq pozulub. Amma bu siyasi deyil və dedik ki, bu məsələni araşdıraq. Bu istiqamətdə də işlər həyata keçirildi. AŞPA-nın baş katibinin nümayəndəsi də bu proseslərdə iştirak etdi və Azərbaycan prezidentinin təşəbbüsü ilə bu məsələlərə baxıldı. Bununla bağlı xeyli müzakirələrimiz oldu. Yenə də onlar məruzəçi təyin edəndə adını "siyasi məhbus məsələləri üzrə” qoydular. Təbii ki, biz bunu qəbul etmirik və ölkəmizdə "siyasi məhbus” anlamı yoxdur. Qanun pozan, lakin siyasi fəaliyyətlə məşğul olan ayrı-ayrı insanlar var. Prezident İlham Əliyev də zaman-zaman onlara humanizm nümayiş etdirir və əfv sərəncamları imzalayır, cəzalarını azaldır və s. Azərbaycan nümayəndə heyəti iyunun 24-də AŞPA-ya gedəcək. Yəqin ki, orada bu məsələlərlə bağlı müəyyən danışıqlarımız baş tutacaq. Biz öz mövqeyimizdə qalırıq və hesab edirik ki, "siyasi məhbus” yox, Avropanı və onun ayrı-ayrı institutlarını maraqlandıran məhbuslarla bağlı Azərbaycanla fikir ayrılığı var. Bunun da qanuna uyğun olub-olmamasını müzakirə etməyə hazırıq”.

Ç.Qənizadə əlavə etdi ki, "siyasi məhbus” adı altında olan hər bir məsələ Azərbaycan qarşı qeyri-obyektiv münasibətin nəticəsidir: "Onsuz da müxtəlif məsələlərdə Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Bu baxımdan hesab edirəm ki, Avropa institutlarında Azərbaycana yanaşma birmənalı deyil. Avropa qurumlarının ikili, üçlü standartlarının təsiri ölkəmizə münasibətdə özünü göstərir”.

Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev bildirdi ki, Azərbaycanın əsas dəyərlərindən biri qanunun aliliyinə riayət edilməsidir: "Çünki, qanunların aliliyini təmin etmədən hüquqi dövləti formalaşdırmaq mümkün deyil. İnsan hüquqlarına hörmət Azərbaycanın demokratik inkişafının prioritet xəttidir. Bütün sivil cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xüsusi qayğı ilə yanaşılır. Ölkəmizdə bu dəyərlərin - insan hüquqlarına hörmətin, ehtiramın yüksək səviyyədə olduğunu hər kəs təsdiqləyə bilər. Çünki Azərbaycanın iqtisadi, siyasi, demokratik sahədə əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətə yaxşı tanışdır.Ölkəmizin gündən-günə güclənməsi, beynəlxalq məkanda söz sahibinə çevrilməsi dünyanın diqqətini respublikamıza yönəldə bilib. Azərbaycanın uğurlarına sevinənlərlə yanaşı, ciddi narahat olanlar da var. Beynəlxalq miqyasda fəaliyyət göstərən anti-Azərbaycan şəbəkələr, hətta sapı özümüzdən olan ”balta”lar Azərbaycanın beynəlxalq imicini zədələmək üçün bütün vasitələrə əl atırlar. Acınacaqlı haldır ki, belə şəbəkələr məqsədlərinə çatmaq üçün külli miqdarda qrantlar hesabına Azərbaycanın milli maraqlarına xələl gətirmək üçün dayanmadan fəaliyyət göstərirlər”.

N.Həmzəyev vurğuladı ki, güclü anti-Azərbaycan əhval-ruhiyyəsi müşahidə olunan AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edilməsi növbəti dəfə ölkəmizə yönəlmiş qərəzli münasibətdən xəbər verir: " Maraqlı haldır ki, qeyri-obyektiv şəkildə Azərbaycanı hədəf seçən AŞPA digər ölkələrdə siyasi məhbusların olmasına göz yumur. Beynəlxalq sənədlərdə, konvensiyalarda yer almayan "siyasi məhbus" anlayışını niyə məhz Azərbaycana şamil edirlər? Bu sualların cavabı əslində aydın şəkildə bəllidir. Əslində xarici anti-Azərbaycan qüvvələrin tapşırıqları əsasında cızılan ssenarilərin tərkib hissələri artıq heç kəsə sirr deyil. Məqsəd "siyasi məhbus” adı altında məkrli planlarını həyata keçirmək, başqa bir dövlətin daxili işinə qarışmaq, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına şərait yaratmaqdır. Lakin onlar unudurlar ki, Azərbaycan dünyanın ən təhlükəsiz və sabit ölkələrindən biridir. Ölkə prezidenti İlham Əliyev demokratiya yolu ilə irəliləyən Azərbaycanda söz, mətbuat, əqidə azadlığının qorunmasına yönəldilmiş islahatların tətbiqini günün ən aktual problemi kimi qarşıya qoyub. Bu demokratik islahatlar kimlərəsə xoş gəlmək üçün yox, Azərbaycan xalqının daha xoş, firavan yaşaması üçün aparılır”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər