• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

“Kristal”da şərtlər dəyişmir - Şou-biznes

27.07.15 11:06 4711
“Kristal”da şərtlər dəyişmir - Şou-biznes
Oxumaqla yanaşı, qrupun rəhbəri və hər iki üzvü şeir də yazır
Qrup ifaçılığının Azərbaycanda uzun müddət davam etmədiyinə hər zaman şahid oluruq. Nə qədər məşhurluq olsa da, heyət yenilənir və bir müddət sonra dağılması xəbərini eşidirik. Amma qızlardan ibarət “Kristal” qrupu haqqında bu sözü demək olmaz. Düzdür, heyəti dəfələrlə dəyişsə də, qrup illərdir fəaliyyətini davam etdirir. Hazırda iki qızla səhnədə addımlayan qrup redaksiyamızın qonağı oldu. Onlarla qrupdakı işləri, bir-biri ilə münasibətləri, digər qruplar və s. mövzularda söhbət apardıq.
- İstirahət edirsiniz, yoxsa iş başındasınız?

Gülüm: Orucluq ayı ərəfəsində işlərimiz bir az zəifləmişdi. Toylar yox idi. Amma yenə bu günümüzə min şükür. İndi artıq toylar da başlayıb və işlərimizin başındayıq. Biz elə biz-birimizin yanında olanda istirahət edirik.
- Günay sonradan gəldi, amma Gülüm 7 ildir ki, qrupdadır. Bir-birinizə uyğunlaşma çətinliyiniz olmadı ki?

Gülüm: Yox. Qətiyyən elə bir şey olmadı. Çox pozitiv xanımdır. Ona görə də bir-birimizə uyğunlaşma problemi yaşamadıq. Mən qrupda olduğun müddətdə daha iki qız dəyişikliyi olub. Amma əvvəlki qızlarla da yaxşı uyğunlaşmışdıq. Heç biri ilə problemim olmayıb.
Günay: Uyğunlaşmaq mənasında mən də çətinlik yaşamadım. Zamanla işlərimizi görürük və inşallah da davam edəcəyik.
- İrəlidə hansı proyektlər var?

Gülüm: Yeni mahnılar yazdırmışıq. Böyük səs-küyə səbəb olan “Baxma” adlı mahnımız çıxıb. Bu mahnının dövrü yoxdur. Bütün fəsillərdə dinləyicisi var. Mədinə xanım bu mahnıya klip çəkdirməyi fikirləşir. «Şərikli çörəy»ə artıq klip çəkildi. İnşallah, yüksək səviyyəli bir klipi tamaşaçılara təqdim edərik.
- Necə fikirləşirsiniz, solo, yoxsa qrup?

Gülüm: Qrup və solo ifaçılığının hər birinin ayrıca çətinlikləri var. Solo elədir ki, ifaçı bir çox işlərdə təkdir. Amma qrupda məktəb keçirsən, sanki bir baza yığırsan. Qrupda ifaçılardan birinin səsi qaydasında olmayanda digər ifaçı onu ört-basdır edir. Amma soloda ifaçı ancaq özüdür. Yəni hərəsinin öz fərqliliyi var.
Günay: Hər şeyin öz vaxtı var və o, zamanında olanda daha gözəl olur. Məsələn, mən qrupa 6 aydır ki, gəlmişəm. Mənə qrup yaxşıdır, qrupda çalışmağı sevirəm. Çünki qrupda hədsiz əzizlənirəm. Düşünürəm ki, soloda bir az böyük olacam, çox qərarları özüm verəcəyəm. Belə şeydən qorxuram. Belə daha yaxşıdır ki, bütün qərarları Mədinə xanımla verirəm. Yəni mənə rahatdır. Əmin oluram ki, bu qərarı verdimsə, Mədinə xanım da razıdırsa, deməli, yaxşı olacaq.
Gülüm: İnşallah, mən solo ifaçılığa başlamağı düşünürəm. Solo oxusam da, Mədinə xanım həmişə mənimlə olacaq. Yansınlar, partlasınlar “Kristal” qrupunun üzvləri kimi qrupdan ayrılsam da, Mədinə xanım mənimlə işləyəcək.
- Birdən Mədinə xanım üçüncü qızı da gətirmək istədi?

Gülüm: “Kristal” qrupunda üç qız olanda digər qruplar da üç qız edirlər. Biz iki olandan bəri iki nəfərlik qruplar dəbə mindi. İndi Mədinə xanım 5-10 nəfərlik qrup etsə, hamı elə edəcək.
- Qrupda sizdən əvvəl olan ifaçılardan danışaq. Ən çox bəyəndikləriniz kimlərdir? Əlaqəniz varmı?

Gülüm: Mənim heç kimlə əlaqəm yoxdur. Ən çox bəyəndiyim Mədinə xanımdır. Tədbirlərdə, məclislərdə Həmidə ilə tez-tez qarşılaşırıq. Özəl əlaqəmiz yoxdur.
Günay: Mənim heç biri ilə əlaqəm yoxdu. Ancaq Mədinə xanımı tanıyıram. Hətta Gülümlə də şəxsi əlaqəmiz yoxdur.
- Digər qruplardan özünüzə rəqib gördükləriniz var?

Gülüm: Hər qrupun özünə görə fəaliyyəti var. Hərə öz işi ilə tanınır.
Günay: Bizim heç kimlə işimiz yoxdur. Hərə öz işini görsə, daha yaxşı olar. Bir də ki, mən özümüzdən başqa qrup tanımıram. Bunu lovğalıq mənasında demirəm. Həqiqətən tanımıram. Özüm də bu qrupa gəlməmişdən qabaq ancaq bu qrupu tanımışam. Qrupda oxuyacağımı əzizlərimə, qohumlarıma bildirəndə dedilər ki, “Kristal” qrupunda? Mən deməmişdən artıq bildilər. Çünki onlar da ancaq bu qrupu tanıyırdılar.
- “Kristal” qrupu sizdən əvvəl yaxşı idi, yoxsa indi daha yaxşıdı?

Gülüm: Hər heyətin özünə görə uğurları, nailiyyətləri olub. Bizim də özümüzə görə uğurlarımız, nailiyyətlərimiz var. Özümüzə görə də dinləyicilərimiz, sevənlərimiz var.
- Həyata keçirmədiyiniz hansı işlər var ki, onlar hələ reallaşmayıb?

Gülüm: Həyata keçməyən arzular, məqsədlər çoxdur. İnşallah, onlar da həyata keçiriləcək.
Günay: Təbii ki, bizim arzularımızın, planlarımızın reallaşması üçün zaman lazım olacaq. İnşallah, zamanla onlara da nail olacağıq. Biz məhz bu arzularımızın yerinə yetməsi üçün çalışırıq.
- Bəs qrupda hər hansı işlə bağlı ən çox kimdən ideya, təklif gəlir?

Günay: Mədinə xanım, Gülüm və mən, hər üçümüz gözəl şeir də yaza bilirik. Gecənin hansı saatında kim bədahətən şeir yazırsa, o dəqiqə Mədinə xanıma göndəririk. Mədinə xanım bizdə belə bir istedadın, həvəsin olmasına çox sevinir. Təkliflərimiz olanda Mədinə xanımla yüngülvari iclas edirik.
Gülüm: Mədinə xanım qrupun bir neçə mahnısının söz müəllifidir. Mən çox gec-gec yazıram. Amma Günay yaxşı yazır, hətta yazdıqları ilə ağlatmağı da bacarır.
- Mədinə xanımın iradları ən çox nə ilə bağlı olur?

Günay: Mən Mədinə xanımı qrupuna gələndən bezdirmişəm. Mənimlə bağlı iradlar ən birinci artıq çəkimin olması ilə bağlı idi. Kilolu olmağım Mədinə xanımı narahat edirdi. Şükür Allaha, o da yavaş-yavaş yerinə oturur. Mədinə xanımı sevindirirəm. Sonra, mən bir az oğlan xasiyyətliyəm. Mədinə xanım yerişimə, duruşuma, danışığıma, saçımın formasına, bir sözlə, hər bir şeyə çox diqqət edir. Bunlara uyğunlaşmaq bir balaca vaxt alıb. Sözün düzü, artıq uyğunlaşmışam. Zamanla tutulan iradların düz və mənim xeyrimə olduğunu görürəm.
Gülüm: Hər bir insanın müəyyən səhvləri ola bilər. Həyat davam edirsə, deməli müəyyən iradların tutulması da normaldır.
- Bildiyimə görə, qızlara qrupa gələndə müəyyən şərtlər qoyulur. O şərtlər qalırmı? Gülüm bir dəfə demişdi ki, Günay gələndən sonra Mədinə xanım bəzi kriteriyalardan vaz keçdi. O hansı kriteriyalar idi?

Gülüm: O şərtlər mənə işləyir, amma Günaya yox.
Günay: Əslində heç bir kriteriyasından vaz keçməyib. Mədinə xanımın bizə telefon işlətməyə icazə vermədiyini hər kəs bilir. Hətta bir-birimizlə də əlaqəmiz yoxdur, nömrələrimizi də bilmirik. Nömrəmizi ailəmiz və Mədinə xanım bilir. Ətrafla əlaqəmiz olmur, telefonlarımız da yoxlanır. Sadəcə olaraq, Mədinə xanım məndə bir şeyi hiss edib. Mən şəkil çəkməyi çox sevirəm. Yol ilə gedərkən belə gözəl nə isə görsəm, mütləq şəkil çəkdirməliyəm. Mədinə xanım da qrupa təzə gələndə qəlbimə dəymirdi. Sonra dedi ki, birdən-birə sənin üstünə düşüb “bu, olmaz, o olmaz” deməyim düzgün deyildi. Bu, psixoloji bir şeydir. Mədinə xanım isə psixologiyanı çox gözəl bilir. O, mənim üstümə birdən-birə düşsəydi, hürkərdim. Zamanla mən qaydalara uyğunlaşdım. Artıq telefonu mənim əlimdə heç kəs görmür. Bundan əlavə, mən çox şıltağam. Yəqin ki, zamanla bu da yoluna düşəcək. Sadəcə, Mədinə xanım o xasiyyətimə də birdən-birə reaksiya vermədi. Sakit-sakit başa saldı. İndi görürəm ki, hər şey yavaş-yavaş yerinə oturur. Gülümün qətiyyən telefona əl vurmadığını gördüm. İndi mən də şəkil çəkmək istəmirəm, bəzi hərəkətlərimi unutmuşam. Hər şey zamanla öz yerini tapır. Demək istəyirəm ki, mən gələndən sonra heç bir qayda dəyişməyib. Gülüm solo ifaçılığa başlayacaq, yerinə başqa qız gələcək. Öz xeyiri, ruzusu ilə gəlsin. Əsas odur ki, Mədinə xanım demişkən, əqidəli xanım olsun. O xanım da bilsin ki, qrupda heç bir şərt dəyişmir.
- Azərbaycandan kənarda fəaliyyətiniz gözlənilirmi?

Gülüm: Təbii ki, gözlənilir. Yarımçıq işlərimiz də var. Ümumiyyətlə, bizə əvvəlcədən demək düşmür.
Günay: İşlərimiz çoxdur. İnşallah, reallaşdıqca hamısından xəbəriniz olacaq. Öncədən deyərik, birdən alınmaz. Ona görə iş təqdim olunanda demək yaxşıdı.
- Seriallara çəkilən müğənnilər çoxdur. Sizə təkliflər gəlirmi?

Gülüm: Təkliflər olur, amma təbii ki biz onları araşdırıb, rollarla maraqlanmışıq. Elə rollar olub ki, Mədinə xanımın xoşuna gəlmir deyə təklifi qəbul etməmişik.
Günay: Təbii ki bizə uyğun rol təklif etsələr, Mədinə xanım razılaşar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər