AZE | RUS | ENG |

Krımın ilhaqı separatizm probleminə beynəlxalq diqqəti artıra bilər

Krımın ilhaqı separatizm probleminə beynəlxalq diqqəti artıra bilər
Qərbin postsovet məkanındakı münaqişələrdə əsil günahkarı neytrallaşdırmasının məqamı yetişib


Krımda keçirilmiş 16 mart referendumu ilə Rusiyanın «anşlüz» planı demək olar ki, son mərhələsinə çatıb. Prosesdə yalnız Rusiyanın Krımın bu «arzusuna» rəsmən razılıq verməsi qalıb. Lakin hər şeyin referendumla sona çatacağına inanmaq doğru olmazdı.

Rusiya da «həlledici döyüş»ün 16 martda olmadığını yaxşı bilir. Krım xəmirinin hələ çox su aparacağını deməyə əsas verən Qərbin Rusiyanın bu addımına verdiyi sərt reaksiyalardır. Bir-birinin ardınca əsas Qərb dövlətləri, başda ABŞ olmaqla Rusiyanı ciddi şəkildə hədələyirlər. Qərb üçün Ukraynanın həlledici istehkam olduğunu nəzərə alsaq təzyiqlərin davam etdiriləcəyini proqnozlaşdıra bilərik.

Bunun ən azından ilkin mərhələdə hansı formada olacağını Qərb dövlətlərinin bəyanatlarından sezmək mümkündür. Növbəti mərhələlərdə hansı tədbirlərin görüləcəyini isə zaman göstərəcək.

Bəziləri haqlı olaraq Krım məsələsi ilə Rusiyanın özünü böyük bəlaya saldığını düşünür. Proseslərin təhlili bu fikirdə həqiqət payının heç də az olmadığını göstərir.

Hələ ötən ilin noyabr ayında keçirilən Vilnüs sammiti öncəsi bəzi politoloqlar Rusiyanın bu mərhələdə Avropaya qalib gələcəyini proqnozlaşdırırdılar. Lakin sammitsonrakı proseslər Ukraynada hakimiyyət dəyişikliyinə qədər irəliləməklə bu proqnozları alt-üst etdi. İnanmaq olar ki, işin bu yerə çatacağı heç rus başbilənlərinin də ağlına gəlməzdi. Fakt isə ortadadır. Qərb Ukraynanın Rusiyayönümlü hakimiyyətini qısa müddətdə devirdi. Rusiya bunun qarşısını almaqda faktiki olaraq aciz qaldı. Deməli, hazırda sərgilədiyi əzələ nümayişinə baxmayaraq Rusiya Qərblə uzun müddət ərzində başa-baş mübarizə aparmaq iqtidarında deyil.

Lakin artıq Rusiya bu oyuna girib, geri çəkilməyə isə yer yoxdur.

Hazırkı mərhələdə bir növ Rusiya Ukraynanın itirilməsini özünün şərəf məsələsi hesab edir. Bu itirilmə 2005-ci ildəki itirilmədən fərqlidir. Xatırlasaq görərik ki, həmin dövrdə də Ukraynada qərbyönümlü qüvvələr hakimiyyətə gəlmişdi. Lakin o zaman Ukraynanın Qərblə - Avropa İttifaqı ilə inteqrasiya münasibətləri assosiasiya sazişi imzalayacaq səviyyədə deyildi və eyni zamanda Gömrük İttifaqının yaradılması da gündəmə gəlməmişdi.

Məhz bu məqamlar Rusiyanın bu gün Ukraynadan iki əlli yapışmasını şərtləndirir.

Lakin bu maraqları Rusiyanın müstəqil bir dövlətin ərazi bütövlüyünü pozmasına, işğala, separatizmi dəstəkləməsinə əsas ola bilərmi?
Əlbəttə ki yox. Rusiyanın bu metodu ümumiyyətlə onun etibarlı tərəfdaş imicinə uzun müddətdir ki, böyük ziyan vurmaqdadır. Separatizm ocağı yaratmaq və ondan təzyiq vasitəsi kimi istifadə etmək Rusiya ilə tərəfdaş olan istənilən dövləti onunla güvənli münasibətlərdən çəkindirir. Separatizm regional siyasətdə Rusiya üçün, bir növ, ənənəvi siyasi təzyiq alətinə çevrilib.

Bununla bölgədə münaqişəli situasiyalar, gərginliklər yaratmaqla ölkələrin, xalqların, cəmiyyətlərin inkişafına mane olmaqla dövlətləri özündən asılı duruma salmaq niyyəti güdür.

Bunun da nəticəsidir ki, bölgə xalqlarında, cəmiyyətlərində Rusiyaya qarşı inamsızlıq mühiti formalaşmışdır. Əslində belə vəziyyətdən Rusiyanın özü də itirir. Çünki güc, təzyiq metodlarının daim işlək olması üçün bu dövlət xeyli miqdarda resurs sərf etməli olur.

Bu məqam Krım məsələsində də özünü açıq-aşkar büruzə verməkdədir. Yayılan məlumatlara görə, Qərblə münasibətlərin pisləşməsindən sonra kəskin şəkildə dəyərdən düşən rublun məzənnəsinin qorunub saxlanması üçün Rusiya milyardlarla dollar vəsait sərf etməli olub.

Rusiyanın separatizmə dəstək verməsi onun dostlarının sayını da getdikcə azaltmaqdadır. Ukrayna kimi bir dövlətin itirilməsi isə gələcəkdə Rusiyaya qarşı böyük bir cəbhənin açılmasına gətirib çıxara bilər. Çünki MDB dövlətləri içərisində öz iqtisadi və hərbi qüdrətinə görə ikinci olan Ukraynanın antirusiya mövqedə dayanması hazırda bir sıra ehtiyatlı mövqe sərgiləyən dövlətləri də «ürək»ləndirə bilər. Belə ki, separatizmdən əziyyət çəkən nisbətən kiçik dövlətlərin Rusiyaya qarşı açıq fəaliyyətə keçməsi təhlükəli idisə, Ukrayna ilə müttəfiqlik və bununla da dolayısı ilə Qərbin dəstəyini almaqla Rusiyaya qarşı geniş antiseparatizm koalisiyası yaradıla bilər.

Rusiyagönümlü hakimiyyət dönəmində Ukrayna separatçılıqdan əziyyət çəkən ölkələrə dəstək verərkən Rusiyanın maraqlarını mütləq şəkildə nəzərə alırdısa, artıq belə bir halın olmayacağı yəqindir və onu da ehtimal etmək olar ki, indən belə Ukraynada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Rusiya ilə bu dövlətin münasibətləri soyuq olacaq. Çünki Krımın işğalı ilə Ukraynada hansısa siyasi qüvvənin barışacağı inandırıcı deyil.

Bəlkə də Krım separatizminin meydana çıxması postsovet məkanında bu aspektdə yaşanan problemlərin daha da ciddiyyətlə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsi üçün bir şansdır. Çünki Krımla bağlı problemin müzakirəsi zamanı propaqanda xatirinə də olsa, Rusiyanın bu aspektdə digər fəaliyyətləri də gündəmə gətiriləcək. Məhz belə bir situasiyanın yaranması bir növ arzuolunandır. Çünki vəziyyətdən istifadə edən «zərərçəkən» dövlətlər diplomatik fəaliyyətlərini artıraraq müxtəlif beynəlxalq müstəvilərdə Rusiyaya təzyiqin gücləndirilməsinə nail ola bilərlər.
Belə təzyiqlərə isə Rusiyanın uzun müddət ərzində dirəniş göstərməsi ağlabatan deyil. Buna ən azından Rusiyanın maliyyə-iqtisadi potensialı imkan verməyəcək. Çünki hazırda bir neçə cəbhədə üz-üzə gələn Rusiya ilə Qərbin imkanları bərabər deyil. Gec-tez Rusiyanın geri çəkilməsi labüddür. Ya Suriya cəbhəsində, ya da Ukrayna cəbhəsində bu, özünü qısa müddət ərzində hiss elətdirə bilər. Lakin onun bu cəbhələrdən birindən geri çəkilməsi Qərbin öz təzyiqlərini dayandıracağı anlamına da gəlmir. Çünki son 20-25 ilin geosiyasi proseslərinin izlənilməsi göstərir ki, Qərb Rusiyanı bütün regionlarda sıxışdırmağı qarşısına məqsəd qoyub. Qərb Rusiya ilə heç bir uzunömürlü razılaşmaya gəlmək niyyətində deyil.

Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi kontekstində gözlənilən digər bir proses, yuxarıda ötəri toxunduğumuz Ukraynanın separatizmdən əziyyət çəkən digər ölkələrlə yaxınlaşmağa cəhd edəcəyi ehtimalı ilə bağlıdır. Bu isə fəaliyyəti passivləşmiş GUAM-ın yenidən aktuallaşmasına gətirib çıxara bilər. Qurumun aktivləşməsi Rusiyanın bölgədəki aqressiyasını, separatizmə dəstəyini Qərbin yardımı ilə neytrallaşdırmağa imkan verə bilər.

Lakin bu prosesin uğuru Qərbin ikili standartlar mövqeyindən çıxış edib-etməməsindən də böyük ölçüdə asılıdır. Çünki uzun illərdir separatizmdən əziyyət çəkən digər postsovet ölkələrinə münasibətdə Qərb Ukraynaya göstərdiyi həssaslığı nümayiş etdirməyib.
Ümumiyyətlə Ukrayna məsələsində Rusiyanın açıqdan-açığa təkləndiyi ortadadır. Rusiya Ukraynanın özünə meyilli və demokratik yolla seçilmiş prezidentinin Qərb tərəfindən devrilməsinə Krımın referendum yolu ilə ilhaqı ilə cavab verməyə cəhd göstərməsi ciddi qarşıdurma mühitini yaratmaqla təhlükəli situasiyaya səbəb olub.
Ola bilsin ki, Rusiya Krımdakı referendumla Qərbin loyal yanaşdığı Kosovoda, Şimali Sudanda keçirilmiş və Şotlandiyada, Venesiyada keçirilməsi gözlənilən referendumları eyniləşdirməyə cəhd göstərə bilər. Lakin həmin ərazilərdəki situasiya ilə Krımdakı situasiya arasında böyük fərqlər vardır.

Sonda isə qeyd etmək lazımdır ki, Rusiyanın mütəmadi olaraq istifadə etdiyi separatizm kartı bu gün regionda kifayət qədər təhlükəli vəziyyət yaradıb. Separatizmdən doğan gərginlik hazırda böyük ölçüdə Avropanın da təhlükəsizliyini təhdid etməkdədir. Bu mənada Qərbin Rusiyanın aqressiv davranışlarının qarşısını birdəfəlik almaq istiqamətində ciddi fəaliyyətə keçmək vaxtı çoxdan yetişib.
Yuxarıda qeyd etdiyimiz kimi, bunun üçün Qərbin kifayət qədər resursları vardır. Qalır ondan səmərəli və səmimi şəkildə istifadə.

Təvəkkül Dadaşov

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN