AZE | RUS | ENG |

Kremlin Ermənistana cavabı necə olacaq?

Kremlin Ermənistana cavabı necə olacaq?
Paşinyana Rusiya ilə münasibətlərdə ehtiyatlı olmaq, Qərbin və ABŞ-ın təhriklərinə uymamaq tövsiyə edilir

Paşinyan və komandası bütün vasitələrlə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəni gücləndirməkdə davam edir. Baş nazir Rusiya prezidenti Vladimir Putinin Yerevana planlaşdırılan səfəri ərəfəsində uğursuz "iradə” nümayiş etdirməyə çalışaraq rusiyalı müxalifətçi və ekstremistə sığınacaq verib. Bununla da hələ ki, ölkəsi daxilində narazılıq və etirazlara yol açıb. Narazılıq da odur ki, Paşinyanın sığınacaq verdiyi Vitali Şişkin adlı bu şəxs millətçi və faşist əhval-ruhiyyəli, qatı antitürk baxışları ilə tanınan biri kimi məşhurlaşıb, O, "rus marşları” təşkil edib, fəaliyyəti qadağan edilən "Ruslar” ekstremist təşkilatının rəhbəridir. 2014-cü ildə Moskvada Manej meydanında "Qəzəb günü” adlı aksiya keçirmək istəsə də, həbs olunub. Kaluqa məhkəməsi onun barəsində 4 il həbs qərarı çıxarıb. Azad edildikdən sonra isə bu ilin yanvarında Rusiyanı tərk edib. Belə bir faşist təfəkkürlü şəxsə isə heç kim yox, məhz Ermənistan siyasi sığınacaq verib.  
Ən əsası odur ki, Yerevan gözləyib-gözləyib Rusiya keçmiş deputat Miqran Poqosyanı ekstradisiya etməkdən boyun qaçırdıqdan sonra Şişkinə sığınacaq verib. Bəs görəsən Paşinyan nədən Rusiyada persona non-qrata elan edilən şəxsə sığınacaq verib? Bununla Rusiyaya nəyi sübut etmək istəyib? Erməni nəşrləri yazır ki, bu şəxsin ermənilərə də nifrəti var. Məsələn, 2015-ci ildə Mineralnı vodıda erməni tərəfindən xüsusi təyinatlının öldürülməsinə etiraz olaraq əhalini antierməni yürüşünə çıxmağa çağırmışdı. Özü də peşəkar təxribatçı kimi tanınan bu şəxsin Ermənistanda çox qalmayacağını da bildirənlər var. Elə onun özü də bildirib ki, Ermənistanda qalmaq fikri yoxdur. "Birincisi vətəndaşlıq almaq üçün deyil, başqa bir ölkəyə getmək üçün sığınacaq almışam. Son aylar ərzində alman dilini öyrənmişəm. İndi pasportumu hazırlayıram və viza aldıqdan sonra buradan gedəcəm”, - deyə "365.ru”ya müsahibəsində bildirib. Qeyd edilir ki, ermənilərin özləri belə hakimiyyətin rus millətçisinə sığınacaq verməsindən təəccüblənib. Sadəcə, hakimiyyət orqanları bunu Moskvanın bir sıra yüksək rütbəli erməni məmurlarını ekstradisiya etmək istəməməsinə cavab kimi qiymətləndirirlər.
Politoloq Q.Melik-Şahnazaryanın qənaətincə, Şişkinə sığınacaq verilməsi Rusiyaya çağırış kimi qiymətləndirilir: "Sözsüz ki, bu kimi addımlara cavab veriləcək”. Erməni nəşrləri həm də Şişkini dələduz adlandırır. Onun müxtəlif qadınlardan nikahdankənar altı uşağının olduğu bildirilir. Özünü çoxuşaqlı ata kimi qələmə verərək uşaqlar üçün aliment verməkdən də boyun qaçırır. Ermənistandan isə sadəcə başqa ölkəyə keçmək üçün istifadə etməyə çalışdığı xüsusi vurğulanır.
"Ermənistan heç kimin tanımadığı Vitali Şişkinə siyasi sığınacaq verməsi anlaşılan deyil”. Bunu isə "Past” erməni qəzeti yazıb. Müəllif yazır ki, "bu şəxs bir vaxtlar Yanukoviç əleyhinə keçirilən aksiyalarda iştirak edib, sonra Ərdoğana, Nazarbayevə, Putinə qarşı çıxıb. 2011-ci ildə isə Serj Sarkisyana qarşı keçirilən aksiyalarda iştirak edib. Peşəkar Fiqarodur – gah orada, gah burada. Rusiyada barəsində iki dəfə məhkəmə qərarı var. Bu şəxslə bağlı hər şey bəllidir. Bəllidir ki, onun barəsində qərarı məhz baş nazir qəbul edib, miqrasiya xidmətinin rəhbəri özbaşına bu addımı atmaz. Bəs nədən Paşinyan belə bir addım atıb? Bəllidir niyə - Boltona göstərmək ki, Ermənistan "çoxəsrlik komplekslər”dən uzaqlaşır. Eyni zamanda, Putinə Poqosyanı ekstradisiya etmədiyinə görə "cavab” verir, - deyə nəşr yazır”.
Öz növbəsində Ermənistan Kommunist Partiyası Paşinyan hakimiyyətini Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağa, Qərbin və ABŞ-ın təhriklərinə uymamağa çağırıb. "Antierməni fəaliyyəti ilə tanınan Şişkinə siyasi sığınacaq verilməsi, eləcə də Soros əlaltıları Danel İonisyana Qarabağda seçkiləri müşahidə etmək üçün vəsait verməsi iki ölkənin çoxəsrlik dostluğuna ciddi zərbədir. Bu cür addımlar dövlətin müdafiə qalxanını dağıdır”, - deyə partiyanın yaydığı bəyanatda bildirilir.
Yeri gəlmişkən, "1in.am” portalında da Şişkin məsələsi qabardılır. Müəllifin fikrincə, rusiyalı siyasi fəal, Rusiyada qadağan edilmiş "Rus etnosiyasi birliyi” təşkilatının Kaluqa bölməsinin sabiq rəhbəri, Ermənistanda qaçqın statusu almış Vitali Şişkinin ətrafında yaranmış vəziyyət iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək. O gileylənir ki, Moskvada, elə Ermənistanın siyasi həyatının müəyyən seqmentində də keyfiyyətcə yeni Ermənistan-Rusiya münasibətlərini qəbul etməyə hazır deyillər. Müəllif ondan narazıdır ki, özünün təbirincə desək, "köhnə sistem”in nümayəndələri Ermənistan-Rusiya münasibətlərinə "öldürücü zərbə vurulmasına” - Şişkinə siyasi sığınacaq verilməsinə görə Paşinyanı amansızcasına tənqid edirlər. O vurğulayır ki, prinsip etibarilə müttəfiq ölkələr bir-birinin vətəndaşlarına, xüsusən həmin vətəndaşların əməllərində siyasi iz olduqda, qaçqın statusu verməkdən qarşılıqlı imtina edirlər. Müəllif bunun həqiqət olması ilə razılaşır, lakin onun xoşuna gəlmir ki, Paşinyanın bugünkü opponentləri Ermənistan-Rusiya münasibətlərini, onun yazdığı kimi, vassal rejimində təsəvvür edirlər. Bu halda Moskva nə istəsə edə bilər, Yerevan isə özünü təmizə çıxarmağa çalışan "kiçik qardaş” statusunda çıxış etməlidir. Müəllif yazır: "Köhnələr unudurlar ki, kriminal oliqarxiyanın görkəmli nümayəndəsi Miqran Poqosyana və 1 Mart işinin iki mühüm fiqurantına himayədarlıq etməklə müttəfiqlik münasibətlərinin ruhunu birinci pozan məhz Moskva olub”. Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları "Moskvaya elə onun özü kimi cavab verməklə” tam layiqli hərəkət ediblər.

Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973