• cümə, 29 Mart, 02:35
  • Baku Bakı 7°C

Kreml Mərkəzi Asiyada hərbi iştirakını artırmağa çalışır?

13.10.17 09:00 1616
Kreml Mərkəzi Asiyada hərbi iştirakını artırmağa çalışır?
MDB-nin Soçi sammiti başa çatsa da, qəbul edilən qərarlar və bağlı qapılar arxasında aparılan müzakirələr yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq. Sammit bu dəfə daha çox Mərkəzi Asiya dövlətləri ilə Rusiyanın münasibətləri prizmasından maraq kəsb edib. Region dövlətləri ilə Moskvanın münasibətləri diqqət mərkəzində olub. Rusiya mətbuatı da sammitdə başlıca məsələ - MDB-nin müasir reallıqlara uyğunlaşdırılması ilə bağlı sazişin imzalanması, qırğız baş nazir və qazax prezidentin susqun mövqeyi, eləcə də türkmən liderin Putinə it hədiyyəsini qabardıb. Berdiməhəmmədovun itlə bağlı "bunlar çox sağlam və etibarlı olurlar” kəlməsini və itin adının "Vəfalı” olmasını xüsusi qabardan ruslar bunun siyasi əhəmiyyət daşıdığını vurğulayırlar.
Beləliklə, sammitdən çıxan əsas nəticə odur ki, Rusiya Mərkəzi Asiyada mövqelərini gücləndirməkdə israrlıdır. Moskva açıq şəkildə bəyan edib ki, Əfqanıstandan Mərkəzi Asiya regionu üçün təhlükənin artması onu narahat edir. Bu problem Şanxay Əməkdaşlıq Təşkilatı nümayəndələri, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ölkələri nümayəndələrinin dəvət edildiyi dövlət başçılarının Soçi sammitində qırmızı xətt kimi keçib. Qeyd edildiyi kimi, sammit ərəfəsində Rusiya və Tacikistan prezidentləri - Vladimir Putin və İmomali Rahmon tet-a-tet regional əməkdaşlıq və Tacikistan ərazisinə terrorçu və ekstremist qruplaşmaların daxil olmasına imkan verilməməsi məsələlərini müzakirə ediblər. 2018-ci il üçün MDB-yə sədrlik də elə taciklərə ötürülüb, Rusiya və Türkmənistan isə həmsədrlik edəcəklər. Məlumat üçün bildirək ki, Mərkəzi Asiyanın üç ölkəsi - Özbəkistan (137), Tacikistan (1344 km) və Türkmənistan (970 km) Əfqanıstanla sərhədə malikdir. Soçi görüşündən əvvəl Rusiyanın Tacikistandakı səfiri İqor Lyakin-Frolov bəyan edib ki, Əfqanıstanda, xüsusən Mərkəzi Asiya regionları ilə sərhəd şimal rayonlarında vəziyyət gərgin olaraq qalır. Düzdür, Tacikistanda Rusiyanın 201-ci hərbi bazası yerləşdirilib. Lakin Moskva hesab edir ki, bu heyət kifayət etmir. Bu səbəbdən də süni şəkildə gərginliyin artdığı barədə bəyanatlar səsləndirir. Sözsüz ki, buradakı hərbi heyətin sayını artırmaqla digər dövlətlərə də nəzarəti həyata keçirməyə can atır.
Məsələn, Türkmənistanın Qərblə əməkdaşlığı artırmaq istəyi Moskvanı narahat edir. Neytral ölkə olduğunu bəyan edən Aşqabad regional birliklərdə iştirak etmir və daha çox ikitərəfli əməkdaşlığa üstünlük verir. Düzdür, türkmən lider sammitdə Rusiya prezidentinə nadir cinsdən it bağışlayaraq, Moskvaya sadiq olduğunu nümayiş etdirsə də, hər halda onun Qərblə əməkdaşlığa can atdığı göz önündədir. Ölkə ağır iqtisadi durumdadır və çıxış yolunu Qərbin investisiyalarında görür. Rusiya siyasiləri və ekspertlərinin Moskvanın regionda maraqlarını ifadə edən bəyanatları da artıb. Məsələn, "Nezavisimaya qazeta”ya açıqlama verən "Chatham House” proqramının analitiki Stanislav Pritçin bildirir ki, Mərkəzi Asiya üçün iki əsas təhlükə var - daxili və xarici. Xarici təhlükə dedikdə, daha çox Əfqanıstanı qabardan ekspert bu ölkəni ciddi potensial təhlükə kimi görür. Digər xarici təhlükə kimi regiondan olan insanlar vasitəsilə terrorizmin regiona transferini göstərib. "İŞİD-in məğlubiyyətindən sonra onun tərəfində döyüşən insanlar sözsüz ki, ölkələrinə dönəcək və döyüş təcrübələrini burada bölüşəcəklər”, - deyə o bildirib. Daxili təhlükə kimi isə, sosial-iqtisadi məsələlər önə çəkilib.
Yeri gəlmişkən, müşahidəçilər daha çox Tacikistanda vəziyyətin narahatedici olduğunu qabardırlar. Onların qənaətincə, Səudiyyə Ərəbistanının ölkənin daxili işlərində iştirakı daxili təhlükəsizlik üçün hədədir. Bu ölkəni İran və Səudiyyə arasında qarşıdurma mənbəyi kimi göstərirlər. Rusiya ekspertləri vəziyyətdən çıxış yolu kimi KTMT və ŞƏT-ə üzv ölkələrin regionda təsirinin artırılmasını təklif edirlər və qeyd edirlər ki, bu kimi qurumlar istənilən təhlükənin qarşısını almaq iqtidarındadır.
Analitiklər Türkmənistanın Əfqanıstanla sərhədini yaxşı qorunmadığı üzündən, yaraqlıların Aşqabadda hakimiyyət dəyişikliyinə səbəb olacağını da qabardırlar. Bu planda Özbəkistanda vəziyyətin bir qədər qənaətbəxş olduğu vurğulanır. Əfqanıstanla 137 km-lik sərhəd yaxşı qorunur, lakin yaraqlılar tacik və türkmən sərhədindən keçib gəlsələr, onda Özbəkistanın vəziyyətinin yaxşı olmayacağı vurğulanır. Öz növbəsində müxalif siyasətçi, Tacikistan İslam İntibahı partiyasının lideri Muxiddin Kəbiri hesab edir ki, Əfqanıstan və Yaxın Şərqdə olan yaraqlılar tək Tacikistan üçün deyil, regionun bütün dövlətləri üçün təhlükədir. Tacik müxalifətçi hesab edir ki, "ölkələr daxilində vəziyyət qənaətbəxş deyil - ölkələrin hər birində vəziyyət qəfildən gərginləşə bilər və bu təhlükə realdır”.
Qonşu Qırğızıstanda da vəziyyət narahatedicidir. Bu ölkənin prezidenti açıq şəkildə ölkədə hərbi çevriliş təhlükəsindən danışıb və bunu bəhanə edərək sammitə qatılmayıb. Rəsmi Bişkekin Astana ilə də münasibətləri normal deyil. Soçi sammitinin gedişində qazax prezident qırğız baş nazirlə bir kəlmə də olsun kəsməyib. Bundan əlavə, Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində hərbçilərin nəzarət etdiyi blokpostlar yerləşdirilib. Bu barədə informasiyanı Qərb mənbələri yayıb. Hərbçilərin burada 10 oktyabrdan post qurduğu bildirilib. Sosial şəbəkələrdə isə artıq Qazaxıstanın Qırğızıstanla sərhədə ordu yeritdiyi iddia edilib. Qeyd edək ki, bundan öncə "Korday” sərhəd keçid məntəqəsində Qırğızıstanın sərhədi bağlaması nəticəsində böyük növbə yaranıb. Eyni növbələr Qırğızıstanla Qazaxıstan arasında yerləşən Çon Kapka, Ak-Jol və Ak-Tilek sərhəd-keçid məntəqələrində də meydana gəlib. Növbələrin yaranmasına digər səbəb Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının qonşu ölkədəki seçki ilə əlaqədar gücləndirilməsi haqqında qərar verməsi olub. Qazaxıstan artıq sərhəd-keçid məntəqələrində qalan onlarla insanı qida və sığınacaqlarla təmin etməyə başlayıb.
Qazaxıstan-Qırğızıstan münasibətləri Qırğızıstan prezidenti Almazbek Atambayevin qazax lider Nursultan Nazarbayevi ölkənin daxili işlərinə qarışmaqda günahlandırmasından sonra gərginləşməyə başlayıb. Atambayev Nazarbayevə xəbərdarlıq edərək, qırğız müxalifətinin liderlərindən heç birini qəbul etməməyə çağırıb. Qazaxıstan isə öz növbəsində Atambayevin sözlərini yalan və təxribat adlandırıb.
Beləliklə, regionda ən çox Rusiyanı qane edəcək bir vəziyyət yaranıb desək, yanılmarıq və bu təhlükəli durum Rusiyanın bölgəyə hərbi müdaxiləsini də asanlaşdıra bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər