AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kreml erməni müxalifətinin hədəfində

Kreml erməni müxalifətinin hədəfində

Təfsilat
26 Fevral 2021, 19:07 738
Revanşistlər Rusiyanı "qul siyasəti” yürütməkdə ittiham edirlər
 
 
Yerevanda erməni müxalifətinin keçirdiyi son aksiyalar, daha dəqiq desək, 20 fevral mitinqi, etiraz hərəkatında az qala dönüş səhifəsi kimi nəzərdən keçirilir. Belə bir qənaət formalaşıb ki, fevralın 20-dən bəri erməni müxalifətinin ritorikasında yeni narrativlər üzə çıxıb. Belə ki, keçmiş baş nazir və "Vətənin xilası hərəkat”ının lideri Vazgen Manukyan Rusiyada əhalinin geniş kütləsinin təəccübünə səbəb olan və xoş olmayan açıqlamalarla çıxış edib. Bildirib ki, çox tezliklə müttəfiqlərlə münasibətlərin bərpasına nail olmaq lazımdır. Və bu dövlətlər tək Rusiya olmamalı, İran və Çini də bura daxil etmək gərəkdir. "Bura Türkiyə aqressiyasına qarşı olan istənilən qüvvə daxil olmalıdır. Gec-tez, qələbəmizdən, normal dövlət qurduqdan sonra bizim bütün ölkələrlə münasibətlərimiz olacaq. Daha bugünkü kimi bizə yeridilən qul şəraitində deyil”, - deyə erməni müxalifətinin revanşist qanadının rəhbəri bəyan edib. Beləliklə, Manukyan ad çəkməsə də, Rusiyanı Çin və İranla yanaşı qoyması heyrət doğurmaya bilməz. Rusiyanın "Vestnik Kafkaza” portalı yazır ki, Manukyan unudur ki, Ermənistan indiyə qədər mövcudluğuna görə məhz Rusiyaya borcludur: "Manukyanın daha çox "qul münasibəti” ifadəsi təəccüb doğurur. Erməni müxalif liderinin Rusiya-Ermənistan münasibətlərinin bu formula üzrə qurulduğunu ifadə etməsi ikiüzlülükdən başqa bir şey deyil”.
 
Kim mane olub?
 
Nəşr yazır ki, bu gün məhz Qarabağdakı rus sülhməramlıları erməni əhalisinin təhlükəsizliyini öz üzərinə götürüb. Eyni zamanda onların həyat üçün əhəmiyyət kəsb edən vasitələrlə təmin edir: "Bu fonda dağıdılan erməni ordusu hələ də, faizsiz şəkildə Rusiya krediti hesabına yaşayır. Özü də Rusiyadaxili qiymətlərlə silah alır. Ermənistanın 30 il ərzində bərbad vəziyyətə düşməməsinə, qüdrətli və müasir ordu qurmasına kim mane olub? Erməni rəhbərlərinin ordu quruculuğunda çoxsaylı korrupsiya əməllərinə göz yummalarında Moskvanı ittiham edəcəklər? Özü də bütün bunlar Nikol Paşinyan hakimiyyətə gəlməmişdən öncə də, sonra da baş verib. Rusiya-Türkiyə tərəfdaşlığının güclənməsi fonunda və eyni zamanda Türkiyə-ABŞ münasibətlərində problemlərin yaşandığı bir dövrdə Manukyanın "Türkiyənin düşmənləri Ermənistanın müttəfiqləridir” tezisi Rusiyanın regional maraqları baxımın dan problematik təsir bağışlayır. Yəni uzun illər yeridilən millətçi "Türkiyəyə qarşı əbədi mübarizə” ideyasını yeritməklə erməni müxalifəti Ermənistanı istənilən regional və regiondankənar dövlətin əlaltısına çevirməyə hazırdır”.
Regiona xarici təsirin daxil olmasının Rusiya sərhədləri ətrafında vəziyyətin gərginləşdirməyə yönəldiyini xarici işlər naziri Sergey Lavrov da səsləndirib. Bir faktı da qeyd edək ki, Vazgen Manukyan siyasətdə yeni deyil və gözəl anlayır ki, onun sözləri tək ölkə daxilində deyil, onun hüdudlarından kənarda necə qiymətləndiriləcək. Aydındır ki, Manukyan "Rusiya ilə qul münasibətləri” mesajını sadə ermənilər, Rusiyaya deyil, Qərbə ünvanlayır.Bu gün Moskva regional hakim rolundan, eləcə də sözəbaxan Nikol Paşinyandan razıdır. Təsadüfi deyil ki, Rusiya prezidenti bu günlərdə bildirib ki, 2020-ci ildə prezidentliyinin ən ciddi uğuru Qarabağda vəziyyətin nizamlanmasıdır. Kreml bu gün revanşist Vazgen Manukyanın və onun arxasında duran Qarabağ klanının yenidən hakimiyyətə gəlməsində maraqlı görünmür. Lakin görünən odur ki, Qərb bu proseslərdən kənarda qalıb və bu səbəbdən də erməni müxalifəti ilə oyun oynamağa çalışır.
Belə götürdükdə, "qul olmaq” termini Ermənistan üçün qəbulediləndir. Bu ölkə "mental qul”dur - insanlar onsuz da revanşist idealların əsirliyindədir. Bu sistemi yaradanlar Ermənistanı sonsuz böhrana sürükləyiblər.  Qonşularla problem yaradıb, onlarla münasibətlərin kəsilməsinə, eləcə də, faşist və digər quldur elementlər arasından yeni milli liderlər axtarışına çıxıblar.
 
"Lragir”: Rusiyanın Ermənistandan geri çəkilməsi prosesi başladı
 
"Lragir” nəşri isə müdafiə naziri Vaqarçak Arutunyanın qalmaqallı müsahibəsini analiz edib.  Nəşrdə dərc edilən məqalədə bildirilir ki, yeni reallıqlar nəzərə alınmaqla, nazirin açıqlamaların şərh etməyə ehtiyac var. "Əslində 2016-cı ildən bəri Ermənistan-Rusiya ikitərəfli, eləcə də KTMT xətti üzrə müdafiə sahəsindəki razılaşmaları fəaliyyət göstərmir. Rusiya və KTMT İkinci Qarabağ müharibəsi zamanı Ermənistan qarşısında öhdəliklərindən imtina etdilər. Müharibə və müharibədən sonrakı Rusiya-Türkiyə planlaşdırması Şuşa-Laçın xəttindən keçən yeni bir təmas xəttini müəyyən edir. Gümrüdəki bazaya gəlincə, rus hərbi mütəxəssislərinin qiymətləndirmələrində belə bir nəticəyə gəlinir ki, bu baza "metal qırıntıları” olmaqla yanaşı, yeni Rusiya-Türkiyə anlaşmaları fonunda əlavə başağrısına çevrilir. Məsələ burasındadır ki, baş verə biləcək bir türk təxribatı şəraitində, bu addım Rusiyaya qarşı da bir təxribat kimi nəzərdən keçə bilər və Moskvanın heç bir halda Türkiyə ilə hərbi qarşıdurmaya girməyəcəyini bəyan etdiyini rəhbər tutaraq, hərbi ekspertlər Kremlin mövqeyini belə izah edirlər”, -deyə məqalədə bildirilir. Siyasi şərhçi Pavel Dəlləkyan, Türkiyənin mümkün hərbi-siyasi müdaxiləsi ehtimalına münasibət bildirib. Hadisələrin bu cür inkişafı fonunda Gümrü bazasının bir hissəsinin ölkənin şərqində yerləşdirilməsi Rusiyanın Ermənistandan geri çəkilməsinin başlanğıcıdır. "Əslində Ermənistanın şərqi (qondarma ), onsuz da rus ordusunun yer aldığı Qarabağdır, ola bilər ki, geri çəkilmə prosesi bu şəkildə qələmə verilir. Kreml üçün fikir formalaşdırmaqla məşğul olan ekspertlər "hərbi-siyasi məsuliyyət” zonasının Qarabağda olduğunu gizlətmirlər. Yaxın gələcəkdə çətin aylar gözlənilir, Ermənistanın keçmiş təhlükəsizlik sistemi artıq işləmir. NATO ilə əlavə zəmanətlərlə əməkdaşlıq etmə imkanı da daxil olmaqla, hələ də mümkün olan yeni bir siyasət hazırlamaq lazımdır”, - deyə nəşr yazıb.
 
Ölkə vətəndaş müharibəsinin astanasındadır
 
Erməni hərbi xadim, general Arşavir Qaramyan özünün "facebook” səhifəsində yazıb ki, ölkə daxilində vətəndaş müharibəsi daxili siyasi böhran nəticəsində müxtəlif siyasi, sosial, etnik və başqa qruplar arasında silahlı toqquşmadır. O qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonrakı böhran ölkə iqtisadiyyatının çökməsinə, cəmiyyətin milli, sosial, ideoloji və siyasi cəhətdən dərin parçalanmasına və nəticə olaraq dözülməz nifrət atmosferinin formalaşmasına gətirib çıxarıb: "Gördüyümüz kimi, Ermənistanda vətəndaş müharibəsini təhrik etmək üçün bütün ilkin şərtlər yaranıb, üstəlik, deyərəm ki, o, çoxdan başlamışdı və "hibrid” mərhələsindədir”. Müxtəlif hərbi hissələrdə artıq gərginlik pik həddə çatır. Məsələn, Ararat vilayətinin "Zod hərbi hissəsi" kimi tanınan hərbi hissəsində insident baş verib. "Hraparak.am" nəşrinə  bu barədə hərbi hissədəki mənbə məlumat verib. Onun sözlərinə görə, gecə əsgərləri məcburi şəkildə oturdurublar və Qarabağa aparmağa çalışıblar, lakin hərbi qulluqçuların müqavimətinə rast gəliblər. Sonunda onları avtobuslara oturdurublar, lakin sonuncular yolun yarısında onu dayandırıblar, aşağı eniblər. Hadisədən xəbər tutan valideynlər etiraz səslərini qaldırmaq üçün hərbi hissənin qarşısında toplaşıblar. "İravunk” nəşrində dərc olunan məqalədə qeyd olunub ki, ölkədə dəhşətli proseslər baş verir.  "Nikol vətənin bir hissəsini rəqibə təhvil vermək və bütöv bir gənc nəslə qarşı soyqırımı həyata keçirməklə kifayətlənmir. O, rahat ola bilməz, çünki diasporda və Ermənistanda onun xain proqramlarına mane olan və cəbhəyə yardım çatdıran insanlar var. Əlbəttə, bu yardım Ümumerməni Fonduna gəlirdisə, Nikol bunu alqışlayırdı, çünki o, əsas məqsədinə çatmırdı, dövlət büdcəsinin deşiklərini bağlamaq və başqa mənasız məqsədlərlə xərclənirdi, bunlarla bağlı bu günə qədər heç bir rəsmi məlumat yoxdur. Ermənistanda dəhşətli hadisələr baş verir. Beləliklə, Nikolun Türkiyənin agenti olduğuna dair iddiaların çoxu doğru çıxır, çünki istənilən başqa ölkənin agenti insanları cəbhəyə kömək etdikləri üçün cəzalandıracaq qədər təhqiramiz bir düşüncəyə çatdırmazdı”, - deyə nəşr yazıb.
 
Paşinyan "va-bank”a gedir?
 
Belə bir durumda Nikol Paşinyanın Qərb dairələrindən maliyyələşən "1in.am” saytına son müsahibəsi şok effekti doğurub. Baş nazir açıq şəkildə Rusiya silahlarını aşağılayıb. Nikol Paşinyan müsahibəsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bəyanatına toxunub. Bu bəyanatda, Sarkisyan müharibənin 3-cü və ya 4-cü günü "İsgəndər”in (Operativ Taktiki Raket Kompleksi) tətbiq olunmadığından təəccübləndiyini bildirirdi. "Bu eyham bəlkə də, mənə də ünvanlanıb, ancaq düşünürəm ki, rədd olunan insan bir çox sualların cavabını bilməlidir və suallar verməməlidir, o, bunların cavabını bilir. Bəlkə cavab versinlər ki, niyə atəş açmış "İsgəndər” partlamayıb və ya məsələn, 10 faiz partlayıb?”, - deyə Paşinyan qeyd edib. Jurnalistin "Belə də olur?" sualına Paşinyan cavab olaraq deyib: "Bilmirəm. Bəlkə də 80-ci illərin silahı idi?" Paşinyan qeyd edib ki, həm Müdafiə Nazirliyində, həm də Baş Qərargahda analitik iş aparılır və ən müxtəlif hallarla bağlı 1000-dən artıq cinayət işi var.
Dərhal da çoxları Paşinyanın qərbyönümlü sayta verdiyi müsahibəni müzakirə etməyə tələsiblər. Xüsusən də işə düşməyən "İsgəndərlər” məsələsini. Məsələn, "Erkramas” erməni saytı yazır ki, insanların sanki gözü açılıb.  Paşinyan sanki qəsdən Moskva ilə münasibətləri pisləşdirməyə çalışır, məğlubiyyətin səbəbkarı qismində görür. "Baş nazir Bakı və Ankaranın vəziyyətə uyğun müttəfiqidir və hakimiyyətdə qalmaq üçün isə onlara arxalanır. Moskvanın ünvanına şəxsən Paşnyan tərəfindən səslənən ittihamlar (əvvəl belə fikirlər, adətən onun yaxınları tərəfindən səslənirdi) yalnız bir hədəfi var. Paşinyan "va-bank”a gedir. İndi hakimiyyətdə qalmaq üçün yeganə hal Moskvanın satqınlığını bəyan etmək və 102-ci Rusiya bazasını Gümrüdən tezliklə çıxarmaq ola bilər”, - deyə nəşr yazır.
 
Azər NURİYEV