AZE | RUS | ENG |


Kreml Aİİ və KTMT-də ziddiyyətləri yoluna qoyur

Kreml Aİİ və KTMT-də ziddiyyətləri yoluna qoyur
Rusiyanın hər iki qurumda gərginliyi aradan qaldırmasının müvəqqəti olduğu vurğulanır

Rusiya öz himayəsində olan Avrasiya İqtisadi İttifaqı, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yaşanan ikitirəlik və ziddiyyətləri aradan qaldırmağa müvəffəq olub. Bəlli olduğu kimi, hər iki qurum daxilində gərginlik o həddə çatmışdı ki, Belarus kimi təşkilatın bel sütunu olan dövlət onun iclaslarına qatılmaqdan imtina etmişdi. Eləcə də, Aİİ və KTMT-nin digər bir nüfuzlu üzvü Qazaxıstan da arabir tənqidi fikirlər səsləndirirdi. O ki qaldı Ermənistana - bu ölkə ötən il apreldə yaşadığı biabırçı məğlubiyyətdən sonra hər iki qurumu tənqid edən bəyanatlar səsləndirmişdi. 

Bütün bunlar isə qurum daxilində ziddiyyətləri artırmışdı və çoxları ümid edirdi ki, bütün bunlar qurumun sonunu yaxınlaşdıracaq. Lakin bu ilin əvvəlindən bəri gözləntilərin əksi baş verir. Rusiya ilk növbədə hər iki qurumla bağlı narazı fikirlər səsləndirən Belarusu ram edib. İki ölkə arasında yaşanan ticarət müharibəsinə son qoyaraq, ziddiyyətləri aradan qaldırmağa müvəqqəti də olsa müvəffəq olub. Bəziləri hesab edir ki, hər iki qurumda Moskva gərginliyi aradan qaldırmağa müvəffəq olsa da, narazılıq səngiməyəcək. Lakin hələ ki gəlinən qənaət budur ki, Rusiya prezidenti Vladimir Putin gərginlikləri keçə bildi. 

Yeri gəlmişkən, nüfuzlu araşdırma mərkəzləri, nəşrlər, ekspertlər də hər iki qurumda ziddiyyətlərin aradan qalxdığını vurğulayırlar. Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının nüfuzu yüksəlməkdədir. Regionun həssas təhlükəsizlik mühiti və Avropada gedən parçalanma blok üzvlərini Moskvayla daha sıx əməkdaşlığa sövq edəcək. Amma bu iki qurumun üzvləri yaxın gələcəkdə çoxalmayacaq və bu da Rusiyanın öz periferiyasında nüfuzunun artırılmasında həmin qurumlardan istifadəsini məhdudlaşdırır. Bu haqda nüfuzlu "Stratfor” Araşdırmalar Mərkəzi hesabat yayıb. Hesabatda qeyd edilir ki, Sovet İttifaqı dağılandan sonra Rusiya ilk olaraq Müstəqil Dövlətlər Birliyini (MDB) yaratdı, ancaq bu qrup getdikcə simvolikləşdi, üzvləri yerli və xarici siyasətlərini özləri inkişaf etdirməyə meyilləndilər. Bundan sonra KTMT və Aİİ Rusiyanın əsas inteqrasiya bloklarına çevrildilər. Rusiya Aİİ vasitəsilə regional iqtisadi inteqrasiyasını dərinləşdirə bildi. KTMT isə NATO-ya alternativ kimi təqdim olunurdu, Rusiyanın güclü qlobal dövlət imici yaradılırdı. "Yeganə problem Rusiyanın imic məsələsinin özünü doğrultmaması idi. 2015-ci ildə Aİİ-ə Ermənistan və Qırğızıstan qoşuldu. KTMT isə 2012-ci ildə Özbəkistanı itirdi. Baltik ölkələri Qərb qurumlarında mövqelərini möhkəmlətdikcə, Ukrayna, Gürcüstan və Moldova da nə vaxtsa onların yoluyla gedəcəklərinə ümid bəsləməyə başladılar. Azərbaycan, Özbəkistan və Türkmənistan isə beynəlxalq bloklarla bağlı neytrallığa meyillənir, nə Şərq, nə də Qərbə yan alırdılar”, - deyə təhlildə vurğulanır. 

Məqalədə bu iki blok daxilində yaranmış fikir ayrılıqları xatırladılır: "Məsələn, KTMT ötən il Dağlıq Qarabağ münaqişəsiylə bağlı neytral mövqe tutmağa çalışdı. Baxmayaraq ki, Ermənistan hökuməti qurumdan siyasi dəstək istəyirdi. Bundan başqa, KTMT-nin baş katibi postuna Ermənistandan namizədin təsdiqlənməsi bir neçə dəfə ertələndi. Çünki Azərbaycanla güclü münasibətləri olan Belarus və Qazaxıstan buna qarşı çıxırdı. Hətta belə bir fikir formalaşırdı ki, onlar Ermənistanın bu hərbi blokun başına keçməsinin əleyhinədirlər”. Amma "Stratfor” son aylar hər iki qurumda müsbət dəyişikliklərin də baş verdiyini yazır. Ermənistan ordusunun baş qərargah rəisi olmuş Yuri Xaçaturov aprelin 14-də KTMT-nin rəhbəri postuna təsdiqləndi. Digər tərəfdən, Avrasiya məkanında yaraqlıların hücumlarının çoxalması KTMT üzvlərini Rusiyayla daha sıx əməkdaşlığa məcbur edir. "Bəzi təsdiqlənməmiş məlumatlara görə, KTMT Əfqanıstanla həmsərhəd Mərkəzi Asiya ölkələrinə çevik qüvvə yerləşdirməyi nəzərdən keçirir. Bu arada Belarusla Rusiya apreldə təbii qaz və borc mübahisələrini yoluna qoya biliblər. Uzun müddət Qərbə meyillənən Moldova blokda müşahidəçi statusuna təsdiqlənib. Moldova prezidenti İgor Dodon Rusiyayla daha sıx iqtisadi və siyasi münasibətləri genişləndirməyə çoxdan can atırdı”, - deyə hesabatda vurğulanır. 

Qeyd edək ki, Rusiya Dumasının spikeri Vyaçeslav Volodinlə görüşü zamanı İqor Dodon söyləyib ki, "Moldovanın NATO-ya üzvlüyü qətiyyən qəbuledilməzdir. "Mənim heç vaxt danışıqlar predmeti olmasına izn verməyəcəyim 4 şey var. Bunlar Moldovanın dövlətçiliyinin qorunması və onun heç bir dövlətlə birləşməsinə izn verməmək (Moldova və Rumıniyada bəzi qüvvələr bu iki ölkənin birləşməsinə çalışırlar – red.), neytrallığımızı qorumaq, pravoslavlığımız. Dördüncü qəbuledilməz məqam isə Rusiya ilə strateji tərəfdaşlıqdan imtinadır”, – deyə o bildirib. 

"Stratfor” yazır ki, regiondakı təhlükəsizlik mühiti, üstəgəl, Qərbdə davamlı parçalanmalar keçmiş sovet ölkələrinin seçimini azaldır, onlar həmin bloklara üz tutaraq ziddiyyətlərini həll etməyə çalışırlar. "Bu qurumlar, ancaq üzvlərinin sayı artarsa, daha çox iş görə bilərlər. Di gəl, bu yaxınlarda heç birinin böyüyəcəyi gözlənilmir. Əvəzində, həmin bloklar Rusiyanın periferiyasından kənara əl uzatmaq cəhdlərinin bir hissəsinə çevrilə bilər. Axı, Moskva Avrasiya sərhədləri boyunca açıq Qərblə rəqabət halındadır”, – təhlildə vurğulanır.
 
Kamran


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022