• cümə axşamı, 25 aprel, 02:20
  • Baku Bakı 19°C

Kredit faizlərini aşağı salmaq üçün nə etməli?

27.12.14 10:20 1486
Kredit faizlərini aşağı salmaq üçün nə etməli?
Ölkənin bank sektorundan ciddi narazılıqlar yaradan problemlərdən birinin həllinə dair siyasi iradə ortaya qoyuldu. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanında kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Fərmana görə, Azərbaycan Mərkəzi Bankına kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, Mərkəzi Bank 6 aydan bir ölkə başçısını görülmüş işlər barədə məlumatlandırmalıdır.
Mərkəzi Bank artıq xeyli zamandır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi sənədlə gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın kredit faizlərinin yüksək olması ilə bağlı arqumentləri sadə olsa belə, bu yanaşmaların obyektivliyi birmənalı qarşılanmır: “İqtisadiyyatda mənfəət norması yüksəkdir; əmanətlər üzrə faiz dərəcələri yüksəkdir, bankların cəlb etdiyi maliyyə resursları bahalıdır. Baş bankda hətta xəbərdarlıq etməyi də bəzən unutmurlar: inzibati müdaxilə qara bazarın yaranmasına gətirib çıxara bilər”.
Kredit faizlərinin yüksək olma səbəblərinə gəldikdə, ekspertin sözlərinə görə, əvvəla, Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkədə kredit portfelinin məbləği 17.8 milyard manat, orta faiz isə 14.2 faizdir. Bəli, baş bankda ölkədə kreditlərin orta hesabla 14.2 faizdən verildiyini nəinki düşünürlər və hətta iddia edirlər ki, Bakı üzrə bu göstərici 12.9 faizdir. Söhbət rəsmi rəqəmlərdən gedir. Nəinki güzəştli kreditləri, hətta iri məbləğli nisbətən aşağı faizli kreditləri də nəzərə alaraq orta faiz göstəricisini hesablayan Mərkəzi Bankda sadəcə bir məqamı unudublar: 25 faizə kredit alan şəxslər orta kredit faizinin 13 faizdən az olduğuna necə inanacaqlar?
Bu məsələdə digər paradoksal məqam da var: paytaxtda bir rəqəmli həddə yaxın faizlə kredit paylandığını və ümumi kreditlərin 14.9 milyard manatının və ya 83.7 faizinin Bakının payına düşdüyünü bildirən Mərkəzi Bank kreditlərin Dağlıq Şirvan iqtisadi rayonunda 23.4, Kəlbəcər-Laçın iqtisadi rayonunda 25.4, Lənkəran iqtisadi rayonunda 23.4 faizlə bölüşdürüldüyünü deyir. Lənkəranda vətəndaşın Bakı ilə müqayisədə 2 dəfə yüksək faizlə kredit götürməsini iqtisadi faktorlarla necə izah etmək olar?”
İqtisadçı bildirir ki, kredit faizləri ilə bağlı vəziyyət Azərbaycanda yumşaq desək, yaxşı deyil: “Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də, bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 14-30 faiz intervalında dəyişir. Depozitlər üzrə orta faiz dərəcəsi isə son il yarımda 12 faizdən 9 faizə düşüb”.
Etiraf etmək lazımdır ki, Mərkəzi Bank sədrinin bildirdiyi “bazar faktoru” da təbii ki, var. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəcələrini tam olaraq aşağı salmaq şəraitini yaratmır: “Tədqiqatlarımız göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 40 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankların da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diktə edən əsas faktorlardan biridir. Təəssüf ki, bu indiki halda yüksək bank faizlərinin formalaşması ilə ifadə edilir”.
Bəs Mərkəzi Bank kredit faizlərini aşağı salınması üçün nə etməlidir?
V.Bayramov deyir ki, əslində, Mərkəzi Bankın əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alətlər var: “Birincisi, Mərkəzi Bank real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komisyon haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, komisyon haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 7-10 faizlik komisyon haqq təklif edirlər. Bankların ”faiz tələsi” əslində çox sadədir: faizi elan edirlər, amma komisyon haqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komisyon haqqı hesablayaraq, həmin vəsaiti kreditin üzərinə əlavə edir. Bu zaman müştəri iki sənədə qol çəkir: 540 manatlıq kreditin alınması və 40 manatlıq komisyon haqqın ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmayaraq, kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur. Təbii, bank arqument gətirə bilər ki, 40 manat da kredit formasında təqdim edilib. Buna görə də, hal-hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komisyon haqları üçün Mərkəzi Bank maksimum limitlər müəyyənləşdirə bilər. Bu baxımdan, Mərkəzi Bankın komisyon haqlarının 2 faizdən çox təyin edilməsinin qadağan etməsi məqsədəuyğun olardı”.
Mərkəzi Bank həm də bank sektorunda liberallaşmanı sürətləndirməlidir. Ekspertin sözlərinə görə, bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur: “Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir.
Digər tərəfdən, kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanları genişləndirilməlidir. Mərkəzi Bankın 3,5 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsindən 6 dəfə azdır. Bu isə iqtisadi baxımdan anormal balansdır”. V.Bayramov deyir ki, Mərkəzi Bank kommersiya banklarının beynəlxalq maliyyə qurumlarından daha aşağı faizli kreditlər cəlb etməsinə imkan və stimul yaratmalıdır: “Bu qurumların kredit faizlərinin 4-7 faiz intervalında dəyişdiyini nəzərə alsaq, o zaman bu, kommersiya bankları üçün ucuz maliyyə resursların yaranmasına gətirib çıxara bilər”.
Həbibə Abdulla
banner

Oxşar Xəbərlər