• cümə, 29 Mart, 12:21
  • Baku Bakı 14°C

“Kral”ın taxtına oturan azərbaycanlı - Portret

11.09.17 09:30 2697
“Kral”ın taxtına oturan azərbaycanlı - Portret
Futbol dünya idmanının "kral”ı sayılırsa, yüngül atletika da "kraliça”sıdır. Lakin yüngül atletika heç də bütün ölkələrdə eyni səviyyədə inkişaf etməyib. İlk baxışdan çox sadə görünən bu idman növünün inkişafı böyük əziyyət, yüksək peşəkarlıq bahasına başa gəlir. Atletika bunlarla yanaşı, doğuşdan gələn istedad da tələb edir. Məhz bu doğuşdan gələn istedad isə daha çox qaradərili idmançılarda olur. Təsadüfi deyil ki, yüngül atletikanın tarixində iz qoymuş idmançıların bir çoxu məhz bu irqin nümayəndələri olub. Lakin arada bu idmanın əsl ustası olan, qaradərili idmançılarla bərabər mübarizə aparan, hətta onları geridə qoymağı bacaran ağdərililər də olur.

Londonda keçirilmiş son dünya çempionatı da bu cəhətdən istisna olmadı. Yüngül atletika həvəskarlarının diqqətinin cəmləşdiyi Britaniyanın paytaxtında bir avropalı idmançı bütün rəqiblərini geridə qoyaraq, bütün dünyanı heyrətləndirdi. Nə qədər qəribə olsa da, dünyanı heyrətə gətirən bu ağdərili idmançı azərbaycanlı idi. Bu yazıda sizə Londonda tarix yazan həmyerlimiz Ramil Quliyevdən bəhs edəcəyik.
Atletlər ailəsinin nümayəndəsi

Ramil Eldar oğlu Quliyev 1990-cı il, mayın 29-da Bakıda dünyaya gəlib. Əslində, Ramilin idmana necə gəlməsi barədə uzun-uzadı söhbət açmağa da ehtiyac yoxdur. İdmançı ailəsində doğulan gələcək çempionun atası Eldar Quliyev atletika məşqçisi idi. Ümumiyyətlə, onun həm atası, həm də anası atletika ilə məşğul olublar.

Uşaq vaxtında bir neçə başqa idman növləri ilə də məşğul olmuş Ramil, 2002-ci ildən yüngül atletikaya yazılıb. Onun ilk məşqçisi Tofiq Əliyev olub. Lakin ata Quliyev də bir məşqçi kimi tez-tez oğlunun məşqləri ilə yaxından maraqlanırdı. Böyük potensial vəd edən Ramil hələ kiçik yaşlarından idmanda uğurlar qazanır. Özü idmana gəlişini belə xatırlayır:

"Özüm idmançı ailəsində doğulmuşam. Uşaq olduğum zaman bir neçə başqa idman növündə özümü sınadım. Amma atletika ilə məşğul olduğum gün tam başqa idi. Məni bir yarışa buraxdılar və qalib oldum. Bundan sonra gənclərin yarışlarında medallar qazandım. Bununla da, bu yolda irəliləməyə davam etdim”.
İlk uğurlar

Ramilin dediyi kimi, uğurlar özünü çox gözlətmədi. İlk ciddi uğur isə 2007-ci ildə əldə edilir. Çexiyanın Ostrava şəhərində keçirilən gənclər arasında Avropa çempionatında, 200 metr məsafəyə yarışda gümüş medal qazanan Ramil, həm də növbəti il Pekində keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanır. Gənc atlet həmin ildə daha iki medal qazanır. O, Serbiyanın paytaxtı Belqradda keçirilən gənclərin olimpiya festivalında, 200 metr məsafəyə yarışda qızıl, 100 metr məsafəyə yarışda isə gümüş medala yiyələnir.

2008-ci ildə isə o, həmin vaxta kimi karyerasının ən vacib yarışına qatılır. Pekin olimpiadasının iştirakçısı olan idmançı, 200 metr məsafəyə yarışda ilk mərhələni keçsə də, 1/4 finalda 5-ci olaraq mübarizəni dayandırır. Növbəti il isə Ramil üçün məhsuldar alınır. Belə ki, atlet Belqradda keçirilən universiadada 200 metr məsafəyə yarışda qızıl, Novisadda keçirilən gənclərin Avropa çempionatında isə qızıl (200 m) və gümüş (100) medala layiq görülür. 200 metr məsafəyə yarışda 20.33 saniyə nəticə göstərən təmsilçimiz, gənclərin yarışında əfsanəvi Useyn Boltdan (19.93) sonra ən yüksək nəticəyə imza atır. Ancaq təəssüf ki, bu, Ramilin Azərbaycan adına qazandığı son medallar olur.
Vətəni qardaş ölkəyə dəyişdi

2010-cu ildə Ramilin ailəsində ciddi itki üz verir. Onun həm də məşqçisi olan atası dünyasını dəyişir. Ramil bir müddət də Azərbaycan adından yarışır. Ancaq artıq o, uşaq deyildi. 21 yaşa çatmış Quliyev burda istədiyi səviyyəyə çata bilməyəcəyini dərk edirdi. Azərbaycan hər nə qədər idman ölkəsi olsa da, yüngül atletika bizim ixtisaslaşdığımız idman növü deyil. Məhz buna görə o, 2011-ci ildə ölkə xaricinə üz tutmağa qərar verir. Ancaq onun bu qərarı ölkədə birmənalı qarşılanmır. Hətta atletika federasiya ilə aralarında mübahisə də yaranır. Azərbaycan Yüngül Atletika Federasiyası bu cür istedadı əldən buraxmaq istəmirdi. Lakin hər şey Ramilin istədiyi kimi alınır. O, 2011-ci ildə təmsil etdiyi ölkəni dəyişir. Lakin uzağa getmir. Doğma vətəni Azərbaycanı qardaş Türkiyəyə dəyişir. Amma federasiya ilə idmançı arasında olan mübahisə onu iki il yarışlardan kənarda qoyur. Nəhayət, 2013-cü ildən etibarən o, Türkiyə adından yarışlara qatılmağa başlayır. Quliyev milli ilə yanaşı, yüngül atletika sahəsində böyük imkanları olan "Fənərbaxça” idman klubunun da üzvü olur.

Qardaş ölkədə davam edən uğurlar

Ramil öz uğurlarını qardaş ölkədə də davam etdirir. Müxtəlif yarışlarda uğurlar qazanan Quliyev, Türkiyədə ilk ən böyük uğurunu ötən il qazanır. O, Amsterdamda keçirilən böyüklər arasında Avropa çempionatında 200 metr məsafəyə yarışı ikinci pillədə başa vurur. Onun növbəti uğuru isə doğma vətənində qeydə alınır. Belə ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında Türkiyə millisinin üzvü kimi iştirak edən Ramil həm 100, həm də ki 200 metr məsafəyə yarışları qızıl medalla başa vurur.

Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaq arzusu

Ötən ay isə 27 yaşlı atlet nəinki Türkiyə və Azərbaycanda, ümumiyyətlə, bütün dünya yüngül atletika azarkeşlərinin diqqət mərkəzinə düşdü. Belə ki, Ramil Britaniyanın paytaxtı Londonda təşkil edilmiş dünya çempionatında 200 metr məsafəyə yarışı 20.03 saniyə göstərici ilə qızıl medalla başa vurdu. Ancaq ölkəmizdə onun bu möhtəşəm uğurundan daha çox, yarışdan sonra etdiyi jest diqqət çəkdi. Belə ki, Ramil "qızıl”ı qazandıqdan sonra Türkiyə və Azərbaycan bayraqları ilə stadionda dövrə vurur. Onun bütün dünya idmansevərlərinin diqqət mərkəzində olan arenada doğma vətəninin bayrağını dalğalandırması ölkəmizdə böyük rəğbətlə qarşılandı. Hamı onun Türkiyə üçün qazandığı bu uğura öz uğurumuz kimi sevindi. O, yarışdan sonra Türkiyə mətbuatına açıqlamasında "Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaq mənim arzum idi və bunu etdim” deyir.

İki ölkənin prezidentinin təbrik etdiyi çempion

Ramilin uğurlarına hətta Azərbaycan və Türkiyə prezidentləri də biganə qalmadı.Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi "tvitter” səhifəsində azərbaycanlı idmançını təbrik edib:"Atletika üzrə dünya çempionatında kişilər arasında 200 metr məsafəyə yarışda qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi könüldən təbrik edirəm”.

Daim idmanın və idmançılarımızın yanında olan Azərbaycan prezidenti İlham Əliyev də Quliyevi təbrik edib. Prezident dünya çempionuna ünvanladığı məktubda onun bu uğurunun Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü olduğunu bildirib:"Əziz Ramil. İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan. Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə idmanda yeni qələbələr arzulayıram".

Türkiyədə tarix yazan Ramil

Quliyev Londonda qazandığı uğurla Türkiyə atletikasının tarixinə düşdü. Belə ki, o, qardaş ölkəyə bu cür yarışda qızıl medal qazandıran ilk atlet kimi bu ölkənin tarixində iz qoydu. Ramil həm də, avropalıların dünya çempionatlarında 2001-ci ildən bəri davam edən sindromuna da son qoydu. Belə ki, ondan öncə Avropadan sonuncu dəfə 16 il öncə, Yunanıstan təmsilçisi Kostas Kenteris dünya çempionu olmuşdu.
Ramilin Londondakı uğurdan başı gicəllənmədi. Belə ki, 27 yaşlı atlet Böyük Britaniya paytaxtındakı uğurdan bir neçə gün sonra bu ölkənin Birmingem şəhərində keçirilən nüfuzlu "Brilyant Liqa” turnirinin 200 metr məsafəyə yarışında qızıl medala yiyələnir. Onun bu uğurları Avropa Atletika Birliyinin (EAA) diqqətindən yayınmır. Həmyerlimiz EAA tərəfindən Avropada avqust ayının ən yaxşı atleti seçilir.

Həyatını bədəninə köçürən atlet

Ramil hazırda bütün diqqətini yarışlara yönəldib. Yəni onun bütün həyatı ancaq yüngül atletikadan ibarətdir. Elə məhz buna görə, onun əlavə məşğuliyyəti, hobbiləri, demək olar yoxdur.
Ramilin bədənində bir çox tatular var. O, bədənindəki döymələrin niyə belə çox olmasını bu cür izah edir:"Hər tatu həyatımın bir parçasıdır, yaşadığım zamanın bir hissəsidir. Həyatda fərqli bir şey yaşayanda bunu tatu olaraq bədənimə həkk etdirirəm. O tatuya baxanda, yaşadığım həmin xatirəni xatırlayıram”.
"Bolt yox, Ramiləm!”

Ramil Quliyev Londonda dünya çempionu olmaqla, həm də, yüngül atletikanın "kral”ı sayılan Useyn Boltun "taxt”ına oturdu. Belə ki, 200 metr məsafədə son 4 dünya çempionluğunu məhz yamaykalı əfsanə qazanmışdı. Lakin Ramilə Londonda 200 metr məsafədə Boltla yarışmaq qismət olmadı. Belə ki, karyerasının son yarışında iştirak edən yamaykalı atlet 200 metr məsafəyə yarışlara qatılmadı.

Ramilin möhtəşəm qələbəsindən sonra isə ona "Yeni Bolt” ləqəbi verildi. Lakin Quliyev heç də bu cür çağırılmağı xoşlamır. O, "yeni Bolt” yox, Ramiləm” deyir. Ramil olaraq yeni-yeni uğurlar qazanacağına inanan həmyerlimiz Boltla müqayisə olunmaqdan çəkinmədiyini də əlavə edir:"Burda ancaq Ramil var. Belə də davam edəcək. Boltla müqayisə olunmaq məni qorxutmur. Çünki eyni tempdə çalışacağım halda, yeni uğurların gələcəyini bilirəm”.

Portret

Onun hər uğuru həm də Azərbaycanın uğurudur. Türkiyə adından yarışsa da, dünya çempionu olduğu zaman dünya mətbuatı onun azərbaycanlı olduğunu dönə-dönə vurğulayırdı. Çünki o özü doğma vətənindən heç vaxt imtina etməyib. Yarışlarda qardaş ölkə Türkiyə adından çıxış etsə də, vətəni həmişə onun ürəyində yaşayır. Heç kim onun səmimiyyətinə şübhə etmir. Çünki "Azərbaycanda qalsaydım, bu səviyyəyə çatmazdım” sözlərinin müəllifi də odu. Sadiq, səmimi olmaqla yanaşı, həm də, ambisiyalıdır. O qədər ambisiyalıdır ki, hətta "yeni Bolt” ləqəbini də qəbul emir, "Mən Ramiləm” deyir. Elə Ramil kimi də yeni uğurlar qazanacağına inanır. Onu necə çətin yarışlar gözlədiyini bilə-bilə. Deməli, həm də əzmkardır. Və bu əzmkarlıqla da yeni-yeni uğurlara doğru inamla, həm də sürətlə irəliləyir. Yolun açıq olsun, ən sürətli azərbaycanlı!
Elnur

banner

Oxşar Xəbərlər