AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kral öldü, pərdə qapandı

Kral öldü, pərdə qapandı

Mədəniyyət
13 Aprel 2013, 09:24 1723
Uzun illər yaşadığı Sankt-Peterburqdan və 15 il işlədiyi “İmperator” teatrındakı fəaliyyətindən bezdiyindənmi, yorulduğundanmı yenidən Bakıya dönəndə görüşmüşdüm onunla. Bir neçə ilin söhbətidir. Kinomuzun doğma və tanış siması - Nodar Şaşıqoğlu onda köhnə "İnturist" mehmanxanasında yaşayırdı. Deyirdi ki, yaxınlarda hökumət ona ev verəcək. Verdilər də.

Heç nəyə rəhm etməyən zaman öz işini görmüşdü - seyrəkləşən saçı bəm-bəyaz, üzündə dərin qırışlar, baxışları dalğın və kədərli idi. Sanki illərin uzaqlığında qalan məşhurluğunun, coşqun gəncliyinin həsrətini çəkən siması vardı. Amma danışdıqca yalnız ekrandan tanıdığım qəhrəmanımızın heç kəsə açıqlamadığı keyfiyyətlərini tanıdım, heç kəsə səslənməyən etiraflarını eşitdim. İstənilən adamı və yeri asanlıqla tərk edən, səadətə də, əzaba da tez öyrəşən, heç nəyə görə nostalji hisslər keçirməyi sevməyən və ən pis anlarda yalnız fantaziyalarının onu xilas edəcəyinə inanan bir insan kəşf etdim özümçün! “Daha bura həmişəlik gəlmişəm. Sankt-Peterburqdakı karyeramı bitirmişəm. Əvvəla, nəsillər dəyişib. Mənim səhnə yaşıdlarımın hamısı dünyadan köçüb. İndi ora tamam başqa teatrdır. Ölçülər dəyişib, yeni artistlər gəlib. İndi o artistlərdir ki, onların səsini heç üçüncü sırada da eşitmirlər. Adlarını da müasir aktyorlar qoyublar”- deyə sakitcə gileyləndi.

Kino planları yox idi. Kino artıq onu maraqlandırmırdı. Kino onun üçün keçmişdə qalmışdı, tarixə dönmüşdü. Amma bekar oturmaq həvəsində də deyildi. “Onsuz da faktiki olaraq nə kino var, nə də kinoteatrlar işləyir. Olsa da gedib qəpik-quruş alacağam. Bir çəkiliş üçün 50 dollar ve-rirlər. Halbuki mən bu sahənin peşəkarıyam. Tamaşada oynamaq lazımdır” dedi.

Onda Rus Dram Teatrında “Kral Lir” tamaşasında Kral Lirin məşqlərinə başlayacaqdı. Tamaşa səhnəyə qoyuldu. O da Kral Lir obrazı ilə səhnəyə çıxdı. Özünün dediyi kimi: bu, “qu quşunun son nəğməsi” kimi onun vida tamaşası oldu.

Nodar Şaşıqoğlunun Azərbaycanla qohumluq əlaqələri vardı. Azərbaycan dramasının yaradıcılarından biri - Ülvi Rəcəb əmisi idi. “Qanımda çox qarışıqlar var - türk, Azərbaycan, rus. Anam isə gürcüdür. Mən Türkiyə ilə sərhəd olan Acarıstanda doğulmuşam. Acarıstandakılar elə türklərdir. Onların dili də türk dilidir. Amma o vaxt türkləri düşmən sayırdılar. Atam yarı türk, yarı azərbaycanlı idi. İndi anlayıblar ki, onlar eyni millətdir. Film olmasaydı, yəqin ki, mənim heç vaxt Azərbaycanla əlaqəm olmayacaqdı” etirafından da çəkinmədi.

Nodar Şaşıqoğlu ilk növbədə teatr aktyoru idi. Fikri bu idi ki, teatrda çalışmaq kinoda çəkilməkdən daha çətindir. “Teatr tamam başqa aləmdir. O qədər məşhur kino aktyorları var ki, onlar teatrda oynaya bilmirlər, ya səsləri çatmır, ya da açıq səhnədə təbii oynamağı bacarmırlar. Kinoda elə-belə rol oynamaq pul qazanmağın ən asan yoludur. Ancaq aktyora ciddi rol düşübsə, onda yaxşı filmin alınması üçün xeyli zəhmət çəkməli olursan” deyirdi.

Onu Azərbaycana tanıdan və sevdirən "Uzaq sahillər"də filmindən məhəbbətlə danışırdı. Bu filmə yol təsadüfdən yaranıb. Filmin ikinci rejissoru Rəşid Atamalıbəyov bir gün onun “Taqanka”da oynadığı tamaşaya baxıb. Sonra Mehdi Hüseynzadə roluna aktyor axtardıqlarını bildirib. O vaxt adı afişalarda Nodar Şaşıq kimi yazılsa da, Atamalıbəyovla tanış olanda təsadüfən özünü Nodar Şaşıqoğlu kimi təqdim edib. Elə o vaxtdan da bu soyadla tanınıb. Tofiq Tağızadə ilə tanışlıqdan və sınaq çəkilişlərində iştirakdan sonra Mixaylo roluna təsdiq olunub. “Mən "Uzaq sahillərdə" filmində çox böyük zəhmət çəkmişdim. Bu film bir neçə nəsli tərbiyə edib. Elə indi də. Özümü tərifləmirəm, cavan bir oğlanın ağır bir rolu peşəkarcasına necə oynadığına həmişə təəccüblənirdim. Bu film Azərbaycan kinosu tarixində tamamilə başqa səhifədir və artıq kulta çevrilib”- deyə qürurunu gizlətmirdi.

Film ona doğrudan da olmazın şöhrət gətirmişdi. Mehdinin obrazı onunla eyniləşmişdi. “Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən haradasa mövcud şəraitdə özümü oynayırdım”.

Filmin "Nizami" kinoteatrında keçirilən premyerasından sonra qazandığı şöhrəti də unuda bilmirdi: “Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu. Çox çətin idi”.

“Uzaq sahillərdə” onun Azərbaycan kinosuna vizit kartı olub. Sonradan dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkilib. Aktyor kimi isə daha çox "Leyli və Məcnun" filmindəki rolunu xoşlayırdı. “Leyli və Məcnun"da daha çox əmək sərf elədim. Orada klassika, Füzuli, qəzəllər vardı. Faktiki olaraq bütün film boyu monoloqlarla danışmışam. Məcnunu bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır”.
Marağımı boğa bilməyib keçmişdə qalan sevgiləri haqqında da soruşmuşdum. Filmlərdəki qəşəng tərəf müqabilləri, onlarla münasibətləri ilə maraqlanmışdım. “Hə, bilirəm nəyə işarə vurursunuz...” - deyə köksünü ötürdü. Sonra dalğın-dalğın, bir daha əlinin çatmayacağı o illərə boylandı: “Özümə qəti qadağa qoymuşdum - heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf-müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”. Rəsmən üç dəfə evli olduğunu da gizlətmədi.

Qəribəsi bu idi ki, heç nəyin həsrətini çəkmirdi. “ Deyirlər ki, səhvlərdən öyrənirlər. Hamısı yalandır. Yenidən həyata gəlsəydim eyni səhvləri edərdim” - dedi.

İndi budur... etiraflarla, sevgilərlə, səhvlərlə, ehtirasla, həyata və sənətə məhəbbətlə dolu həyat sona çatdı. Lap teatrdakı kimi – pərdə qapandı. Həyatı olduğu kimi yaşayan 86 yaşlı Nodar Şaşıqoğlu onu sevən tamaşaçılarına həmişəlik vida etdi. Özünün dediyi kimi, heç nəyə gözü qalmadı...

Təranə Məhərrəmova