AZE | RUS | ENG |

Kosmosun atası – Gənclərə örnək

Kosmosun atası – Gənclərə örnək
25 il SSRİ Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri işləyən azərbaycanlı general-leytenant Kərim Kərimovun maraqlı həyat yolu olub

“Uçuşa icazə verirəm”. Məhz onun bu əmrindən sonra raketlər kosmosa uçurdu. Son qərarı o verirdi. Keçmiş SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini şəxsən özü kosmosa göndərirdi. Kosmodromda kosmik heyətlər uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri ona edirdilər. Həmin məruzə və hesabatların efirə verildiyi telereportajlarda isə heç kim onun üzünü görməzdi, onun ancaq kürəyini göstərərdilər. Uzun müddət kimliyi gizli saxlanılmış Dövlət Komissiyası sədrinin şəxsiyyəti barədə Qorboçovun “yenidənqurma”sından sonra ilk dəfə “Pravda” və “Sovetskaya Rossiya” qəzetləri 1987-ci ildə məlumat verir. Yazımızın qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülən, 2 dəfə dövlət mükafatı alan, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilən general-leytenant Kərim Kərimovdur
Kərim Kərimov özü məxfilik şəraitində fəaliyyətini belə şərh edirdi: "Özümü çox pis hiss edirdim. Mən hətta məşğul olduğum işin adını belə söyləyə bilməzdim. Lap gülünc idi”.

Böyüdüyü ailə

K.Kərimov 1917-ci il noyabrın 14-də Bakıda anadan olub. Atası Abbasəli Peterburqda texniki təhsil alıb və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlayıb. Anası Sürəyya xanım Bakıdakı elitar gimnaziyanı bitirsə də, evdar qadın kimi balalarını saxlayıb, ailəsinin qayğısına qalıb. Ailədə 3 oğlan uşağı doğulub - Kərim, Süleyman və Mustafa. Kərim 1-ci sinfə gedərkən, anası qəfil xəstəlikdən dünyasını dəyişib. Atası evlənməyib və ana nəvazişindən məhrum olan uşaqlara özü baxıb. Uşaqlara baxmaqda mərhum xanımının valideynləri də ona kömək edib.
Hələ 4-cü sinifdə oxuyarkən Kərim o dövrdə həddən artıq sirli və maraqlı hesab olunan radiotexnika ilə maraqlanır, çoxsaylı kitablar oxuyur, radioqəbuledicilər yaradır və hətta zavod istehsalı olan radio avadanlıqlarını təmir edirdi. Atası dindar olduğundan Kərimin ərəb dilini öyrənib Quran oxumasını arzulayırdı. Sənət seçiminə gəlincə, atası oğlunun onun yolunu davam etdirməsini istəyirdi.

Atasından xəbərsiz evlənir

K.Kərimov isə orta məktəbi bitirib Podbel adına Rabitə Akademiyasına daxil olmağı planlaşdırırmış. Bunun üçün 1936-cı ilin avqustunda Moskvaya gedir. Lakin iki fəndən 3 qiyməti aldığından müsabiqə üçün lazımi balı yığa bilmir. Sonradan öyrənir ki, Novoçerkasskdakı Sənaye İnstitutunun elektromexanika fakültəsində boş yer var. Digər uşaqlara qoşulub ora gedir və instituta qəbul olur. Birinci kursda atasından xəbərsiz Novoçerkasskda Zara adlı xanımla evlənir və qızları dünyaya gəlir. Qızlarına anası Sürəyyanın adını qoyur. Ailəni saxlamaq lazım olduğundan Sənaye İnstitutunun radio qurğusunda növbətçi radioçu işinə düzəlir. Müharibənin qaçılmaz olduğunu görən K.Kərimov Bakıya köçmək qərarına gəlir. Artıq 3-cü kursda sənədlərini indiki Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə rəsmiləşdirir. Həyat yoldaşı isə kimya fakültəsində oxumağa başlayır.

Birbaşa Akademiyanın V kursunda oxuyur

Diplom layihəsinin müdafiəsindən sonra hərbi mühəndis olur, böyük texniki-leytenant rütbəsi alır. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırır. Artıq bu dövrdə ikinci dünya müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat verilir. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa Akademiyanın V kursuna daxil olur. Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırır. O, “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı alır. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünür və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürür. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlayır.

“Katyuşa”ya görə “Qırmızı ulduz”

II Dünya Müharibəsi illərində məşhur “Katyuşa” və ona uyğun mərmilərin hazırlanmasında göstərdiyi mühüm xidmətlərə görə Sovet hökuməti ona “Qırmızı ulduz” ordeni verir.
Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə verir. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olur.
Müharibə qurtarana kimi K.Kərimova öz ailəsini Moskvaya gətirməyə icazə vermirlər. Bu, ancaq 1945-ci ildə mümkün olur. Müharibə qurtarandan sonra onu hərbi sistemdən tərxis etmirlər.

Kosmosa ilk uçuşun mükafatı

1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanır. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmur. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif edilir. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunur. 1965-ci ildə uçuşun hazırlığı ilə əlaqədar işlər Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olur. O, bu məsul vəzifədə 25 il çalışır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını da o, qəbul edirdi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyəti ilə də məşğul idi. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılır.

Kəşfi sayəsində ruslar amerikalıları qabaqlayır

1987-ci ildə general-leytenant K.Kərimov çoxmodullu “Mir” stansiyasının yaradılması, beynəlxalq ekipajların uçuşlarını həyata keçirməsi və anadan olmasının 70 illiyi münasibəti ilə ikinci dəfə Lenin ordeni ilə təltif edilir.
Qeyd edək ki, kosmik fəzanın tədqiq edilməsi məqsədi ilə güclü “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə K.Kərimovun rəhbərliyi altında həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb.
Kərim Kərimovun işləri okeanın o tayında - Amerikada da diqqətlə izlənilirdi. Generalın əməyinin bəhrəsi olan “Mir” stansiyası istifadəyə verildikdən sonra Amerika mətbuatı yazırdı ki, ruslar amerikalıları 10 il qabaqladılar və indi kosmosa nəzarət edirlər.

Azərbaycanla əlaqəni kəsmir

1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsmir, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant K.Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülür və çoxlu medalla təltif olunur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı alır. O həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilir. General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat edir və orada da dəfn olunur.
Bütün əmək fəaliyyəti Moskva ilə bağlı olan Kərim Kərimov doğma Vətəni Azərbaycanla əlaqəsini kəsmir, 1978-ci ildən sonra fəaliyyətə başlayan Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivinə dəyərli tövsiyə və məsləhətləri ilə yaxından kömək edir. 2001-ci ildə Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə rus kosmanavtikasının və raket qurğularının yaradılmasında və inkişaf etdirilməsində şəxsi xidmətlərinə görə Kərim Kərimov “Vətən Qarşısında Xidmətlərinə görə” IV dərəcəli ordeni ilə təltif edilir. Moskvada azərbaycanlıların da təhsil aldığı 157 nömrəli orta ümumtəhsil məktəbinə əfsanəvi generalın adı verilir.

“Kosmosun atası”

K.Kərimov öz arxivindəki şəkillərə baxmağı sevərdi. Bu şəkillər arasında onun üçün ən qiymətlisi kosmosu ilk dəfə fəth etmiş Yuri Qaqarindən aldığı “kosmosun atasına” yazılı avtoqrafdır.

Lalə MUSAQIZIGənclərə örnək"> Gənclərə örnək"> Gənclərə örnək"> Gənclərə örnək"> Gənclərə örnək">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056