AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kortəbii diyetaların fəsadları

Kortəbii diyetaların fəsadları

Təfsilat
05 Aprel 2021, 22:30 1201
Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, desək, yəqin ki, yanılmarıq. Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır. Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya obezlik səbəbindən həyatını itirir. Dünya əhalisində qeydə alınan diabet xəstəliyinin 44 faizi, ürəyin işemik xəstəliyinin 23 faizi və bəzi xərçəng növlərinin 7-41 faizi həddindən artıq çəki və obezlik ilə əlaqələndirilir.
Kaspi.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Elvira Quliyeva və Nərmin Axundovanın hazırladığı məqalədə deyilir.
İnsanlar artıq çəkidən daha asan yollarla uzaqlaşmağa çalışırlar. Onların yönəldiyi "möcüzəvi diyeta”lar, "şok detoks”lar, "rahat arıqlama əlavələri” kimi yollar heç də özünü doğrultmur, əksinə qidalanma davranışının pozulmasına səbəb olur və bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95 faizi uğursuzluqla nəticələnir. Pəhrizdən sonra ilk 1-5 il ərzində sürətlə itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir.
Tədqiqatlar göstərir ki, ənənəvi diyetalar vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizi dayandırandan illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qaytarırlar.
Əslində diyeta üçün əsas prinsip kalori qəbuluna nəzarətdir. Həmin nəzarət düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir. Kortəbii diyetalarda edilən ən böyük səhvlərdən biri çox aşağı kalorili menyular seçməkdir. Həmçinin gün ərzində ac qalaraq arıqlamağa çalışmaq da yanlış yoldur. Belə ki, orqanizmin gündəlik yaşamaq üçün tələb etdiyi kalorini almaması diyeta və sonrakı dövrlərdə böyük fəsadlara yol aça bilər. Bundan başqa, aclıq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beyində qidalanma istəyini stimullaşdırır. İnsan ac qalaraq orqanizmi daha çox yeməyə meyilləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkərli və yağlı qidalara yönəlir. Diyetoloqlar arasında "cəhənnəm effekti” adlandırılan prosesin də başlıca səbəbi bunu hesab etmək olar. Həmin proses diyetanın kiçik bir pozuntusunda insanda "uyğunsuzluq” hissinin yaranmasına və qat-qat artıq kaloriyə səbəb olacaq şəkildə yeməyə davam edilməsinə aparıb çıxarır.
Uzun müddətli saxlanılan və hansısa qidaları qadağan edən diyetalar metabolizmi zəiflədir. Sürətlə və daha çox çəki atan orqanizm artıq miqdarda su və əzələ itirdiyi üçün pəhrizi dayandırandan dərhal sonra bədənə suyu geri toplamağa başlayır. İtirilən əzələ və zəifləyən metabolizmlə əlaqədar olaraq insan əvvəlkindən də artıq çəki ala bilir. Məlumdur ki, əzələlər orqanizmin tonusunu təmin edir. Buna görə də əzələ itkisi nəticəsində orqanizm tonusunu da itirmiş olur. Diyetoloqların fikrincə, həftəlik 500-1000 qram çəki itirilən, idmanla yanaşı davam edən uzunmüddətli, həmçinin tək növ deyil, qida rasionunda fərqli məhsullara yer verilən diyetalar daha etibarlıdır və nəticəsi səmərəlidir. Odur ki, tamamilə ac qalmaq faydalı deyildir.
Diyetoloq və həkim nəzarəti olmadan, kortəbii şəkildə edilən diyetalar bir sıra ciddi problemlərə səbəb ola bilər. Belə ki, tək tip qidalanma orqanizmdə metabolik, endokrinoloji, psixoloji problemlərə səbəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən diyetalar zamanı oynaq ağrıları, saç tökülməsi, əzələ tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əlamətlər müşahidə olunur. Bəzi kortəbii diyetalar zamanı, həmçinin vegetarian qidalanma rasionlarından ət və süd məhsullarının azaldılması və ya tamamilə çıxarılması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmaq olmaz ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər.
Yeniyetməlik dövrü insanın öz orqanizmi ilə tanışlığının yeni mərhələsidir. Həmin yaş dövründə orqanizmdə həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir. Yeniyetməlik dövrünün ən ciddi problemlərindən biri obezlik – piylənmədir. Bu dövrdə piylənmə ilə bağlı problemi olanlar həyatı boyu bir sıra xroniki xəstəliklərlə qarşılaşırlar. Buna səbəb yeniyetməlik dövründə yüksək çəki artımının orqanizmdə piy hüceyrələrinin sayını artırmasıdır. Bu intensivliklə artmış piy hüceyrələrinin parçalanması da yetkinlik dövrü ilə müqayisədə olduqca çətindir. Yeniyetməlik dövründə saxlanılan diyetalar adətən dəmir və kalsium çatışmazlığına səbəb olur. Bu da osteoparoz, hiperlipidemiya, xərçəng və ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır. Orqanizmin böyümə və inkişafı mərhələsində düzgün və səmərəli qidalanma böyük əhəmiyyət kəsb edir, çünki qida maddələrinə olan gündəlik tələbatdan əlavə orqanizmin inkişafını da təmin etmək lazımdır.
Düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Ona görə də artıq çəki ilə səmərəli mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloqun nəzarəti altında fərdi qaydada pəhriz növü nəzərdə tutulmalıdır.