• cümə axşamı, 25 aprel, 04:26
  • Baku Bakı 19°C

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılması dəstəklənir

29.01.14 08:35 1395
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılması dəstəklənir
“Artıq bir neçə ildir ki, ölkə prezidentinin həyata keçirdiyi siyasət, cəmiyyətin böyük bəlası olan korrupsiyaya qarşı onun son dərəcə ciddi mübarizəsi gündəmdədir. Bu bəladan cəmiyyətin azad olunması istiqamətində atılan inzibati addımlar, korrupsiya və rüşvətin aradan qaldırılması istiqamətində işlənib hazırlanan tədbirlər, bu tədbirləri həyata keçirəcək qurumların yaradılması diqqəti cəlb edir. Ölkə prezidentinin layihəsi kimi gündəmə gələn və reallaşdırılan “ASAN Xidmət” korrupsiyaya qarşı mübarizə istiqamətində böyük səmərə verib və xüsusi əhəmiyyət daşıyır. Onun göstərdiyi xidmətlər, verdiyi töhvələr cəmiyyətdə yüksək dəyərləndirilir”. Bunu qəzetimizə açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı dedi.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin adının dəyişdirilməsi, idarənin və idarə rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı qanunvericiliyə təklif edilən dəyişiklikləri şərh edərkən millət vəkili bildirdi ki, bu addım müsbət nəticələrə gətirib çıxaracaq.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və rəisin səlahiyyətlərinin artırılması ilə bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Prokurorluq haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata – baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir.
Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarəsi rəisi özü edəcək (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir). “Prokurorluq haqqında” qanunun 8-ci maddəsinə təklif olunan əlavəyə görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlanır və prokurorluğun sistemi və təşkili siyahısına daxil edilir. Eyni zamanda qanuna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və onun rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı 11-1-ci maddə təklif olunur. Əlavəyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxacaq, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat - axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edəcək və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayacaq, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə baş prokuror qarşısında məsələ qaldıracaq.
Qanunlara edilən əlavə və dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
F.Ağamalının sözlərinə görə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ardıcıl olmalıdır: “Həm konseptual olaraq, həm də inzibati yollarla. Bu baxımdan, inzibati yollarla korrupsiyaya qarşı mübarizədə, korrupsiya hüquqpozmalarına dair cinayətlərin hüquqi cəhətdən qiymətinin verilməsində adıçəkilən idarə ciddi rol oynayıb. Ancaq görünür, bu idarənin Baş İdarəyə çevrilməsi, onun səlahiyyətlərinin artırılması zərurəti ondan irəli gəlir ki, ölkədə korrupsiyaya qarşı mübarizənin inzibati yollarla aparılması üçün qanunvericilik bazasının möhkəmləndirilməsinə ehtiyac var. Mən əminəm ki, qanunvericiliyə edilən bu dəyişiklik təklifləri qəbul olunduqdan sonra baş idarə və ona verilən səlahiyyətlər korrupsiyaya qarşı daha geniş mübarizə apara biləcək və beləliklə, cəmiyyəti bu bəladan qurtarmaq istiqamətində üzərinə düşən vəzifəni daha əminliklə yerinə yetirəcək. Bu dəyişiklik birmənalı olaraq cəmiyyətin xeyrinədir. Rüşvətxorluq və korrupsiyanın aradan qaldırılmasına xidmət edən bir layihədir, dövlətimiz və xalqımız üçün əhəmiyyətlidir. Qanunu tapdalamağa cəsarət edənlər üçün çox sərt bir mesajdır. Təklif edilən dəyişiklikləri yüksək dəyərləndirirəm”.
Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq etdiyini və artıq təşkilatın hesabatına əsasən ölkəmizin 3-cü raund dəyərləndirməsindən müvəffəqiyyətlə keçən ilk dövlət olduğunu bildirdi: “Bu, o demək deyil ki, artıq bizdə bütün problemlər həll edilib. Lakin fakt özü bir proqresdir və onu göstərir ki, Azərbaycan hökuməti beynəlxalq tövsiyələrə əməl etməyə çalışır. Bu tövsiyələrdən biri də korrupsiyaya qarşı mübarizə aparan institutların səlahiyyətlərinin və imkanlarının genişləndirilməsi ilə bağlı idi. Bu və həm də Azərbaycanın daxili qanunvericilik tələbatı nöqteyi-nəzərindən qeyd edilən dəyişiklik gözlənilən idi”. S.Məmmədovun sözlərinə görə, idarəyə əməliyyat-axtarış hüququnun verilməsi çox böyük sıçrayışdır: “Bu, qurumun statusunun əsaslı surətdə artırılmasıdır. Prokurorluğun baş idarəsi, idarə rəisinin baş prokurorun müavini olması isə o deməkdir ki, əvvəllər bu sahəni baş prokurorun müavinlərindən biri kurasiya edirdisə, artıq idarə rəisi özü bunu həyata keçirəcək. Mənim gözləntilərimə gəldikdə, deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə təkcə cinayət təqibini həyata keçirməkdən ibarət deyil, lakin vacib elementlərdən biridir. Cinayət təqibinin həyata keçirilməsi zamanı tənqidlər olurdu ki, korrupsiya hüquqpozmaları zamanı məsuliyyətə cəlb edilənlər nisbətən aşağı vəzifəli şəxslərdir, halbuki burada iri ranqlı məmurların iştirakı da şəksizdir. İndi tendensiya dəyişir və orta ranqlı məmurlar da məsuliyyətə cəlb edilir. İdarənin statusunun artmasından, səlahiyyətlərinin genişlənməsindən gözlənilən odur ki, korrupsiya hüquqpozmaları üzrə cinayət təqibinin xarakterində dəyişiklik olacaq. Eyni zamanda, cəlb olunan vəzifəli şəxslərin statusunda da dəyişiklik olacaq, yəni daha yüksək vəzifəli şəxslərin də cəlb olunacağı gözlənilir. Mən demirəm ki, bu, əvvəllər mümkün deyildi, sadəcə olaraq, statusun artması buna xidmət edə biləcək bir məsələdir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər