• cümə axşamı, 18 aprel, 17:59
  • Baku Bakı 22°C

Korrupsiyaya qarşı mübarizə daha da amansız olacaq

26.12.13 09:03 1238
Korrupsiyaya qarşı mübarizə daha da amansız olacaq
"Ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər".
Bu sözləri prezident İlham Əliyev dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı zamanı çıxışında bildirib.
Korrupsiya ilə mübarizənin bundan sonra da güzəştsiz, amansız şəkildə aparılacağını söyləyən dövlət başçısı üzünü məmurlara tutub. Qeyd edib ki, ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Azərbaycanda nümunəvi cəmiyyət formalaşdırılır. Ona görə burada xoşagəlməz hallara yer olmamalıdır: "Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaqdır”.
Fikirlərini bizimlə bölüşən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev dedi ki, son illərdə prezident ictimaiyyət qarşısında etdiyi çıxışlarında korrupsiyaya qarşı mübarizənin aparılması və onun daha da gücləndirilməsi barədə ətraflı danışır, konkret tapşırıqlar, göstərişlər verir: “Prezidentin çıxışında və fəaliyyətində korrupsiya ilə mübarizə məsələsi qırmızı xətlə keçir. Tapşırıqların həyata keçirilməsi ilə bağlı müvafiq fərmanlar, sərəncamlar imzalanır, qanunlar qəbul edilir. Həmçinin strukturda da ciddi dəyişiklikləri müşahidə edirik. Əminəm ki, atılan hər bir addım rüşvətxorluğun qarşısının alınması üçün edilir”.
Korrupsiya sistemli xarakter daşıyır. Ona görə prezident hər zaman bildirir ki, rüşvətxorluğa qarşı birgə mübarizə aparmaq lazımdır: “Sistemli mübarizə təkcə qanunvericilikdə hansısa dəyişikliyi etməklə olmur. Eyni zamanda, bu prosesdə müvafiq struktur dəyişikliyi edilməsi labüddür. Korrupsiya ilə mübarizədə bütövlükdə vətəndaş cəmiyyəti, onun hər bir üzvü aktiv sürətdə iştirak etməlidir. Prezident də çıxışlarında çağırışları bu istiqamətə yönəldir. Sevindirici haldır ki, dövlət başçısı siyasi iradə nümayiş etdirir. Ən əsası isə budur ki, onun iradəsi davamlı xarakter daşıyır”.
Fond rəhbərinin fikrincə, prezidentin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi haqda çıxışı onun vətəndaş cəmiyyətinə olan dəyərinin ifadəsidir: “Ölkə başçısının siyasi iradəsi dönməz xarakterlidir. Ona görə də rüşvətxorluğa qarşı mübarizədən bir an belə geri çəkilmənin şahidi olmayacaqsınız. Bu, qeyri-mümkündür. Korrupsiya ilə mübarizə davamlı olacaq. Hesab edirəm ki, eyni yanaşmanı məmurlarımız da həyata keçirməlidirlər. Cənab prezidentin bu istiqamətdə olan səylərinin, addımlarının daha çox uğurlu alınması üçün maksimum güc sərf etməli, onlara olan etimadı doğrultmalıdırlar. Çünki korrupsiya hər kəsin həyatına neqativ təsir göstərir. Rüşvət mənəvi həyatımızda sağalmaz izlər buraxır. Hətta bu mənfi hal insanın ikiləşməsinə gətirib çıxara bilir”.
Müsahibimiz qeyd etdi ki, ölkədə korrupsiya faktı varsa, bu, birbaşa həmin dövlətin iqtisadiyyatına mənfi təsir göstərir. Əgər hədəflərimizə çatmaq istəyiriksə, əvvəlcə, korrupsiyaya qarşı mübarizəni tam, ardıcıl, fasiləsiz həyata keçirməliyik: “Rüşvətxorluğun yığışdırılması prezident tərəfindən elan olunmuş prosesdir. Ümid edirəm ki, Azərbaycanda korrupsiyanın məhdudlaşdırılması istiqamətində tez bir zamanda yaxşı nəticələr əldə edəcəyik. Onu da deyim ki, bu məsələ ilə əlaqədar artıq müəyyən nəticələr var. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması, ASAN xidmət mərkəzlərinin ölkə üzrə səpələnməsi korrupsiyaya qarşı mübarizənin ən gözəl nümunələrindəndir. Elektron hökumət sisteminə keçməklə bu yolda atılan addımların sayı artırılmış oldu”.
Ə.Nuriyev ünvanlı sosial yardımların verilməsində olan problemlərin əksər hissəsinin aradan qaldırıldığını vurğuladı. Söylədi ki, onun rəhbərlik etdiyi fond bu məsələlərlə bağlı bir sıra araşdırmalar aparıb. Sonra isə gəldiyi qənaətə müvafiq olaraq təkliflərini verib: “Hazırda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dəyişikliklərin baş verməsi, bu istiqamətdə yeni təyin olunan nazir tərəfindən ardıcıl fəaliyyətin həyata keçirilməsi şəffaflığın göstəricisi hesab olunur. Xüsusən, ünvanlı sosial yardım alan şəxslərin siyahısının açıqlanması bu prosesdə şəffaflığın təmin edilməsi istiqamətində atılan ən mühüm addım kimi dəyərləndirilir. Bundan sonra ehtiyacı olanların yoxsa olmayanların ünvanlı sosial yardım aldığını hər kəs biləcək. Qeyd edim ki, yanlış adamlara yardımların verilməsi əvvəllər müşahidə olunurdu. Pulun ödənməsi zamanı korrupsiya sövdələşmələrinə yol verilirdi. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən belə məqamlarla bağlı bir çox cinayət işləri açılıb”.
Göründüyü kimi, korrupsiya ilə mübarizə haqqında davamlı olaraq göstərişlər verilir. Lakin təəssüflə deməliyik ki, neqativ hallar hələ də müşahidə olunur. Ümid edək ki, bu cür məqamların tam olaraq aradan qalxdığının da şahidi olacağıq. Bunun üçün isə bəzi məmurlar, aidiyyəti orqanlar deyilənlərdən nəticə çıxarmalı, prezidentin tapşırığını yerinə yetirməlidirlər.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər