• cümə axşamı, 28 mart, 22:04
  • Baku Bakı 13°C

Korrupsiya girdabında batan Qərb

15.04.15 06:05 1292
Korrupsiya girdabında batan Qərb
ABŞ və Avropa ölkələrinin gündəmi korrupsiya qalmaqalları ilə zəngindir
İkili standartların əsirinə çevrilmiş ABŞ və Avropanın bir sıra dairələrinin dünyanın digər ölkələrinə baxışının sırf öz maraqları çərçivəsində olduğu bu gün heç kimə sirr deyil. Artiq aksiomdur ki, bu ölkələr öz daxili problemlərini görməzdən gələrək, digər ölkələrdə guya ki, müxtəlif problemlərin mövcudluğu ilə bağlı davamlı olaraq ittihamlar irəli sürürlər. Lakin həmin ittihamları irəli sürən ölkələrin vəziyyətinə baxdıqda, bəlli olur ki, əslində problemlər onların özündədir. Bütün çığır-bağır, gurultulu bəyanatlar isə məhz diqqəti öz daxillərindəki problemlərdən yayındırmaq, dünyada hakimlik rolunda çıxış etmək üçündür. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev Novruz bayramında çıxışı zamanı bildirmişdi ki, bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın.
Qeyd edək ki, bu gün həmin ölkələrdə işsizlik, insan hüquqlarının pozulması, məsələn, ABŞ-da qaradərili insanlara qarşı törədilən cinayətlər, eləcə də korrupsiya kimi hallar mövcuddur. Elə bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkə başçısı bildirib ki, ölkəmizdə artıq 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində bu xidmət ön plandadır: “İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. Beləliklə, bu xidmət korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıb”.
Başqalarında bu nöqsanları axtaran ölkələrdə isə nəinki aşağı təbəqələrin, dövlət məmurlarının belə korrupsiyada adları hallanır.
İtaliyada korrupsiya qalmaqalı
Bu gün korrupsiyada adı ən çox hallanan ölkələrdən biri də İtaliyadır. Korrupsiyada bu ölkənin infrastruktur və nəqliyyat naziri Maurizio Lupinin adı tez-tez hallanır. İtaliyada aparılan araşdırma nəticəsində 25 milyard avro dəyərində layihələrdə korrupsiya ilə bağlı 4 nəfər həbs edilib. Telefon danışıqları nəticəsində ortaya çıxan hadisə zamanı nazir özünü müdafiə etməyə çalışsa da, onun yaxın dostu olduğu bildirilən və həbs edilən biznesmen Stefano Perottinin Lupinin oğluna 10 min avro məbləğində “Rolex” saatı verdiyi və onun işə girməsinə vasitəçilik etdiyi ortaya çıxıb. Ümumiyyətlə, bu hadisə ilə bağlı İtaliyada 4 nəfər həbs edilib, 51 nəfər isə istintaqa ifadə verib. Florensiya prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində “Expo 2015” layihəsi çərçivəsində həyata keçirilən inşaatlar, bəzi liman və şosse yol layihələri, Milan - Verona və Florensiya-Bolonya arası sürətli qatar xətti, Roma və Milan metrolarında aparılan inşaat layihələrində korrupsiya hallarının baş verdiyi təsbit edilib. Hakimlər Birliyi başçısı Rodolfo Sabelli hökuməti korrupsiya qarşısında sərt tədbirlər görməməkdə və sui-istifadə hallarına yol verənləri müdafiə etməkdə günahlandırıb. Neapol şəhərində aparılan digər bir tədqiqat nəticəsində UNESCO-nun Dünya İrs Siyahısında yer alan qədim Pompey şəhərinin keçmiş rəhbəri Marçello Fioriyə məxsus 5 milyon 770 min avro vəsait müsadirə edilib. Mədəniyyət Nazirliyinin Campaniya bölgəsindəki şöbəsinin 9 işçisi də istintaqa cəlb edilib. Müəyyən edilib ki, 2010-cu ildə Pompeydəki qədim teatrın restavrasiyası zamanı külli miqdarda vəsait mənimsənilib.
İspaniyada rüşvət festivalı
Bu gün başqa ölkələri korrupsiyada ittiham edən Avropa ölkələrində bununla bağlı festival belə təşkil edilir. İspaniyanın Valensiya şəhərində XVIII əsrdən qalan bir ənənə olan “La Fallas” festivalı cari ildə maraqlı görüntülərə səhnə olub. 1 milyondan artıq insanın izlədiyi festivalda çilingər və ustaların 1 illik əməyinin məhsulu olan 770 fərqli fiqurdan ibarət böyük kuklalar şəhərin dörd bir yanında nümayiş olunduqdan sonra yandırılmaq üçün şəhər mərkəzinə gətirilib. Festivalda siyasətçilər, son dövrlərdə korrupsiya ilə bağlı gündəmdə olan şəxslərin fiqurları nümayiş olunub. İspaniya kralı VI Filip, baş nazir Mariano Raxoy, müxalif Sosialist İşçi Partiyasının lideri Pedro Sançez, maliyyə naziri Kristobal Montoro kimi bir çox siyasətçi festivalın “qəhrəmanı” olub. Korrupsiyada günahlandırılan kral VI Filipin bacısı şahzadə Kristinanın həyat yoldaşı Palma Dükü İnaki Urdanqarinin, sabiq nazirlərdən Jordi Rujol və korrupsiya ilə bağlı həbsə alınan məşhur İspaniya sənətçisi İsabel Panjoyanın da fiqurları böyük maraqla qarşılanıb. Qeyd edək ki, ötən il İspaniyada 150 korrupsiya faktında 2 mindən çox şübhəlinin adı keçib. Bir çox tanınmış insanların yer aldığı bu siyahıda ən maraq doğuran kral VI Filipin bacısı şahzadə Kristinadır. O, vergidən yayınma və ictimai fondlardan başqa məqsədlər üçün istifadədə günahlandırılır. Kataloniyanın rəhbəri olan Jordi Pujol 30 il boyunca pullarını xaricdə saxladığını etiraf edib. Korrupsiya istintaqında adı çəkilən 50-yə yaxın şəxsin məhz iqtidardakı Xalq Partiyasından olması xalqın bu partiyaya olan etibarını sarsıdıb.
Amerikalı senatorun korrupsiya fırıldağı
Dünyaya “ağıl verən” ölkə olan ABŞ-da da korrupsiya ilə bağlı yetərincə fakt var. Məsələn, Nyu-Cersi ştatının senatoru, məşhur ermənipərəst siyasətçi Robert Menendes bu günlərdə cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur.
Fransada korrupsiya iddiası ilə vəzifəsindən istefa verən şəxslərdən sabiq maliyyə naziri Jerome Cahuzac ilə bağlı istintaq tamamlanaraq məhkəməyə təqdim edilib. Onun vergidən yayınma və pul gizlətmə cinayətləri üzrə cəzalandırılması tələb edilib. Qeyd edək ki, Cahuzac hələ 2012-ci ildə “Mediapart” internet saytı tərəfindən ortaya çıxarılan İçveçrədəki bank hesablarını yalanlasa da, sonradan qəbul etmək məcburiyyətində qalmışdı. O, İsveçrədə açılan bank hesabında 685 min avronun olduğunu etiraf etmişdi.
Korrupsiyada adı hallanan ölkələrdən biri də Belçikadır. Bu ölkənin Valon bölgəsinin iqtisadiyyat naziri Serge Kubla korrupsiya ilə bağlı həbs edilib. İstintaq nəticəsində aydın olub ki, Kubla lotereya çəkilişlərinə təsir edəcək insanlara pul verərək, onları satın alıb. Bununla bağlı Kublanın Konqoda lotereya oyunlarını təşkil etmək üçün sabiq lider Alfonso Muzitonun həyat yoldaşına 20 min avro verdiyi və ümumilikdə 500 min avroluq bir ödəniş planlandığı iddia edilib.
Bu günlərdə belə korrupsiya hallarından biri Rusiyada baş verib. Rusiya dövlət başçısı Putin rüşvət almada günahlandırılan Saxalin qubernatoru Aleksandr Xoroşavini vəzifəsindən azad edib. O, məhkəmənin qərarı ilə 5,6 milyon dollar rüşvət alma ittihamı ilə həbs edilib. Rusiya İstintaq Komissiyasının nümayəndəsi Vladimir Markin Xoroşavinin Moskvadakı evi və Saxalindəki villasında aparılan axtarışlar nəticəsində külli miqdarda dollar, rubl, ləl-cəvahirat, bahalı saat və telefonların ələ keçirildiyini bildirib.
Nigar Abdullayeva
banner

Oxşar Xəbərlər