• cümə, 29 Mart, 16:19
  • Baku Bakı 14°C

Korrupsiya Ermənistanın ən ciddi probleminə çevrilib

01.10.16 13:45 1035
Korrupsiya Ermənistanın ən ciddi probleminə çevrilib
Ermənistandakı mövcud rejimin korrupsiya girdabına batması barədə hər il dəfələrlə beynəlxalq və yerli təşkilatlar hesabatlar verir, bəyanatlar səsləndirirlər. Bu dəfə də ənənə pozulmayıb. Nüfuzlu qurumlar hazırladıqları hesabatda hərbi xuntanın əsas problemlərini sadalayıblar. Və bəlli olub ki, Ermənistanın ən böyük və ciddi problemi korrupsiyadır. Bu qənaətə Avropa Yenidənqurma və İnkişaf Bankının Yerevan ofisinin rəhbəri Mark Devis gəlib. O bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Ermənistana investisiyaların azalmasına gətirib çıxarıb. AYİB ilə yanaşı, Ümumdünya İqtisadi Forumu da yaydığı hesabatda Ermənistanın iqtisadi cəhətdən qonşularından xeyli geri qaldığını bəyan edib. Və Yerevan artıq üç ildir ki, bu "göstərici”ni qoruyub saxlayır. İqtisadçı Aşot Yegizaryanın qənaətincə, belə hal onu deməyə əsas verir ki, Ermənistanda illər boyudur ki, iqtisadiyyatla deyil, imitasiya ilə məşğul olublar: "Ümumdünya İqtisadi Forumunun son illərdəki hesabatlarına nəzər salsaq göstərir ki, son beş ildə Ermənistan yerində addımlayıb. Bu, aşağıdakı amillərlə bağlıdır - biznes üçün maliyyə mənbələrinin axtarılmasında problemlər, korrupsiya və qeyri-effektiv dövlət bürokratiyası”.
"Transparency İnternational” Antikorrupsiya Mərkəzinin hesabatına görə, ötən il yarım ərzində Ermənistanda korrupsiyanın səviyyəsi aşağı enməyib. Mərkəzin icraçı direktoru Varujan Oktanyan bildirib ki, baş nazirin rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Şurası sözdən əmələ keçməyib. Onun sözlərinə görə, ölkədə korrupsiyaya qarşı müstəqil orqanının yaradılması zərurəti yaranıb.
Təşkilatın müvafiq hesabatında bildirilir ki, Ermənistan büdcəsinin 30 faizi dövlət satınalmasına xərclənir, bu satınalmaların 70 faizi isə bir əldən alınanların payına düşür. Bunu"Aravot”qəzeti Transparency İnternational təşkilatının hesabatı əsasında yazıb. "Transparency İnternational” təşkilatının dövlət satınalmaları üzrə eksperti Artak Manukyan bildirib ki, onların müşahidələri göstərir ki, satınalmaları üzrə bazar bölünüb. Onun sözlərinə görə, 168 şirkət satınalmalar bazarının 90 faizinə sahibdir: "Və əgər bazarda yeni oyunçu peyda olsa, o, yalnız 10 min dramlıq qələm alma və başqa belə əhəmiyyətsiz sifarişləri almaq üçün ortaya çıxa bilər”.
Əvəzində məmurlar var-dövlətlərini artırmaqla məşğuldurlar. Məsələn, jurnalistlər Ermənistanda yeni səhiyyə naziri Levon Altunyandan soruşublar ki, o, milyonçudurmu? Altunyan birbaşa cavabdan yayınıb. Deyib ki, "istənilən moskvalı mənzilini satsa, milyonçu olar”. "News.am”yazır ki, jurnalistlərin növbəti sualı yenə yeni nazirin var-dövləti ilə bağlı olub: "o, bu sərvəti həkim kimi qazanıb, yoxsa iş adamı kimi?” Nazir deyib: "Siz həkimlərdən soruşa bilərsiniz ki, həkimliklə milyonçu olmaq olarmı?” Altunyan ixtisasca həkim- anestezioloqdur. Nazir təyin olunana qədər Ermənistanın ən böyük sığorta şirkətlərindən biri olan "İngo Armenia”da icraçı direktor olub.
Yeri gəlmişkən, Sarkisyan rejimi problemləri həll etmək üçün hökumətdə ixtisarlar etmək qərarına gəlib. Ermənistan parlamenti ötən gün növbədənkənar iclasında ikinci və son oxunuşda hökumətdə struktur dəyişikliklər edilməsi layihəsini qəbul edib. 131 üzvü olan Milli Məclisinin iclasında iştirak edən 92 millət vəkilindən cəmi 10 nəfəri layihənin əleyhinə səs verib, 6 millət vəkili bitərəf qalıb. Dəyişikliklər hökumət tərkibində 4 nazirliyin yenidən təşkil edilməsini nəzərdə tutur. İqtisadiyyat Nazirliyi yeni hökumət tərkibində İqtisadi İnkişaf və İnvestisiya Nazirliyi, Energetika və Təbii Ehtiyatlar Nazirliyi - Energetik İnfrastruktur və Təbii Ehtiyatlar Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyi - Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adlanacaq, Şəhərsalma Nazirliyi isə dövlət komitəsinə çevrilir. Dəyişikliklərin müəllifi sentyabrın 8-də istefa vermiş baş nazir Ovik Abramyanın yerinə təyin olunmuş Karen Karapetyan hesab edir ki, Nazirlər Kabinetində struktur dəyişiklikləri "daha səmərəli idarəetməyə xidmət etməlidir”. Nazirlər Kabinetinin tərkibində də müəyyən dəyişikliklər edilib. "Daşnaksutyun” üzvü Artsvik Minasyan iqtisadiyyat naziri vəzifəsini tərk edib və energetik infrastruktur və təbii ehtiyatlar naziri təyin edilib, yeni təşkil olunmuş İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinə Suren Karayan başçılıq edəcək. Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan idman və gənclərlə iş naziri, İctimai Radio və Televiziya Şurasının üzvü Armen Amiryan mədəniyyət naziri, "Ingo Armenia" sığorta şirkətinin direktoru Levon Altunyan - səhiyyə naziri təyin olunublar. Beləliklə, yeni hökumət demək olar ki, bütövlüklə qurulub. Sabiq nazirlərdən Karen Karapetyanın başçılıq etdiyi Nazirlər Kabinetində hələlik yalnız müdafiə və xarici işlər nazirləri təsdiq olunmayıb. Bu vəzifələri hələ ki, Seyran Ohanyan və Edvard Nalbandyan icra edirlər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər