Korporativ maraqların reklamlarda yaratdığı xərçəng xofu

Korporativ maraqların reklamlarda yaratdığı xərçəng xofu

Cəmiyyət
06 Noyabr 2019, 10:00 467
Ekspertlər deyir ki, həssas məqamlardan yararlanıb dərman reklamı aparmaq düzgün deyil
 
Dünyada yayılan ən dəhşətli xəstəliklərdən biri də xərçəngdir. Hər il yüz minlərlə insan bu dəhşətli xəstəliyə yoluxur və qısa bir müddətdə dünyasını dəyişir. Son illər isə xəstəliyin arealı daha genişlənib. Demək olar ki, hər birimizin ətrafında bu xəstəliklə mübarizə aparan, xərçəngdən həyatını itirən yaxınlarımız var. Amma təəssüflər olsun ki, bu xəstəliyin müalicəsi hələ də tam kəşf edilməyib. Belə olan təqdirdə bəzi işbazlar bu fürsəti əldən vermirlər. Yəqin ki, bir çoxlarınız bəzi dərman və qida əlavələri reklamlarında "xərçəng əleyhinə faydalıdır” yaxud "xərçəngin müalicəsində istifadə olunur” ifadələrini eşidibsiniz. Belə ifadələrdən istifadə edib öz məhsulunun reklamını aparanlar cəmiyyətdə xərçəng xofu yaradırlar. Eyni zamanda, bu xəstəlikdən əziyyət çəkən insanlara mənəvi və psixoloji zərbə vurular. Üstəlik, insanları qorxu altına salaraq, mütləq şəkildə reklamı aparılan dərmanların alınmasına sövq edirlər. Reklamı aparılan belə dərmanlar həqiqətən də  xərçəngin müalicəsində faydalıdırmı? Ümumiyyətlə, belə reklamlar insanların psixologiyasına necə təsir edir? Ən nəhayət, bu dərmanların reklamı xərçəng xofu formalaşdırırmı? Bu suallarımıza mütəxəssislərdən cavab aldıq. 

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli"Kaspi”yə açıqlamasında bildirdi ki, onkoloji xəstəliklərin müalicəsi üçün konkret dərmanlar var: "Xərçəngin müalicəsi üçün təyin olunan dərmanlar var. Reklam edilən dərmanları bu xəstəliyin müalicəsində istifadə edilmir”. 

Tibb üzrə ekspert, professor Adil Qeybulla söylədi ki, dərman vasitəsi reklam olunmamalıdır. Çünki dərman korporativ maraqlara xidmət etməməlidir: "Dərman yalnız təyinat əsasında və həkim resepti ilə qəbul edilir. Televiziyada və mətbuatda dərman reklamı qətiyyən düzgün deyil. Hər hansı dərmanın xərçəng əleyhinə faydalı olduğu deyilirsə, şübhəsiz ki, bu korporativ maraqlara xidmət edən bir addımdır. Dünyanın heç bir ölkəsində belə hallar yaşanmır. Qeyd etdiyim kimi, dərman həkim tərəfindən təyin olunmalıdır. Xərçəng əleyhinə olan və xərçəngin müalicəsində istifadə olunan dərmanlar tamamilə başqa qrupa aiddir. Xərçəng əleyhinə müdafiə sistemini gücləndirmək olar. İmmun sistemini gücləndirməklə xərçəngə qarşı müdafiə olunmaq olar. Bunun üçün vitaminlər və müxtəlif dərmanlar var. Amma hər hansı dərmanın, birbaşa xərçəngin müalicəsinə faydalı olduğu deyilirsə, bu, kimlərinsə maraqlarına xidmət edir. Xərçəngdən qorunmaq üçün pis vərdişlərdən uzaq olmaq, müntəzəm idmanla məşğul olmaq və sağlam qidalanmaq lazımdır”. 

Sosioloq Lalə Mehralıbildirdi ki, bu, şirkətlərin reklam və marketinq maraqlarına xidmət edən bir addımdır: "Bu işlə məşğul olan şəxslər çox gözəl bilir ki, heç bir xəstəlik cəmiyyətdə xərçəng xəstəliyi qədər qorxu yaratmır. Bir çox insan hesab edir ki, digər daha ağır xəstəliklərə yoluxmaq xərçəngdən daha yaxşıdır. Çünki hər birimizin ətrafında bu xəstəlikdən dünyasını dəyişənlər var. Əksəriyyətimizi xərçəng xəstəsinin necə əziyyət çəkdiyinin canlı şahidi olmuşuq. Həmin insanlar üçün bu xəstəlik böyük bir qorxu mənbəyidir. Ona görə də, insanlar xərçəngin əleyhinə nə isə axtarırlar. Hansısa tərəvəzi, yaxud  meyvəni yeyəndə düşünürük ki, bu, xərçəng əleyhinə faydalıdır. Həmçinin dərmanlarla da belədir. İnsanların böyük əksəriyyəti bu fikirlə yaşayır. Dərman şirkətləri, bu qorxudan yararlanaraq öz maraqlarını irəli çəkir. Onlar yaxşı bilirlər ki, bu əlavəni etməklə öz məhsullarını daha yaxşı sata biləcəklər. Yəni xərçəng xəstəliyi bir növ onlar üçün fürsətə çevrilir. Ona görə də, insanlar belə şeylərə aldanmamalıdırlar. Əvvəlcə düşünmək lazımdır ki, dərmanın tərkibi universal ola, eyni dərman həm soyuqdəymə, həm də xərçəng xəstəliyinin müalicəsində istifadə oluna bilməz. Əslində, keyfiyyətli dərman vasitəsinin reklama ehtiyacı yoxdur. Reklam tələbat yaratmaq üçündür. Dərman şirkətləri satışları artırmaq üçün belə üsullara əl atır. Ona görə də, mütləq həkimlə məsləhətləşmək lazımdır. Həmçinin, eyni dərman hər kəsin orqanizmi üçün faydalı ola bilməz. Dəfələrlə qida əlavələrinin, dərman preparatlarının özbaşına qəbulu zamanı ağır fəsadlar verdiyinin şahidi olmuşuq. Həkim nəzarəti olmadan belə dərmanların qəbulu yolverilməzdir”. 

Psixoloq Elnur Rüstəmov bildirdi ki, reklamın əsas mahiyyəti satış məqsədidir. İstər dərman vasitəsi, istər qida məhsullarının reklamı zamanı onun hansısa özəlliyi vurğulanır: "Əgər belə bir özəllik qeyd olunmasa, insanlar onu almaqda maraqlı olmayacaq. Dərman reklamlarında da həmin preparatın xüsusi bir özəlliyi diqqətə çatdırılır. Əgər hansısa dərman vasitəsi "həkim məsləhəti olmadan qəbul edilir” deyilib reklam olunursa, bu zaman diqqətli olmaq lazımdır. Amma bu reklamlar insanların psixologiyasına istər-istəməz təsir edir. Hansısa məhsul reklam edilirsə, müəyyən qaydalar mütləq gözlənilməlidir. Bu gün cəmiyyətdə xərçəng xəstəliyindən qorxan kifayət qədər insan var. Psixologiyada belə bir psixoloji pozuntu var. Bu insanlar səbəbsiz yerə özlərində xəstəlik axtarırlar. Ayda bir və ya iki dəfə özlərini səbəbsiz yerə müayinə edirlər. Çünki onlar xərçəng xəstəliyinin qorxusu ilə yaşayırlar. Bu tip insanlar belə dərmanlara qarşı xüsusilə həssasdırlar. Ona görə də, belə dərman preparatlarını ən çox həmin insanlar alır. Ümumdünya səhiyyə təşkilatı bildirir ki, xərçəng dünyada ən geniş yayılan xəstəlikdi. Bu xəstəliklə hərə öz bildiyi üsulla mübarizə aparır. İnsanların həssas nöqtəsindən yararlanıb dərmanı reklam etmək düzgün deyil”. 

Şəbnəm Mehdizadə