• cümə, 19 Aprel, 14:36
  • Baku Bakı 25°C

Koronovirus təhlükəsi: Nələri bilməliyik?

24.01.20 19:21 2487
Koronovirus təhlükəsi: Nələri bilməliyik?
Ümumdünya Səhiyyə Təşkilatı hələlik fövqəladə vəziyyət elan etməsə də, bütün dünyada gərgin vəziyyət davam edir

Bir neçə gündür ki, Çində yeni növ koronovirus hər kəsi təşvişə salıb. Bütün dünyada insanlar haqlı olaraq narahatlıq içərisindədir. Çünki qısa bir müddət ərzində virus dünyanın bir çox ölkəsinə yayılıb. Bildirilir ki, virusa yoluxanların sayı 830-a çatıb. Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin regionlarının gigiyena və sağlamlıq məsələləri üzrə komitələrinin məlumatında deyilir. Məlumata əsasən, yeni növ koronavirus 25 nəfərin ölümünə səbəb olub. Daha əvvəl 18 nəfərin öldüyü, 644 nəfərin yoluxduğu bildirilirdi. Qeyd edilir ki, yeni növ koronavirusa yoluxanlardan 177-nin vəziyyəti ağırdır, 34 nəfər isə artıq sağalıb.
Məsələ ilə bağlı artıq ciddi tədbirlər görülməsinə başlanılıb. Artıq Çinin Hubey əyalətinin 10 şəhərində koronavirusun yeni növünün yayılması səbəbindən ictimai nəqliyyatın hərəkəti dayandırılıb. "RİA Novosti”nin verdiyi məlumata görə, ictimai nəqliyyatın hərəkəti Uxan, Çibi, Eçjou, Huanqan, Syantao, Çjitszyan, Tsyantszyan, Xuanşi, Enşi və Syannin şəhərlərində dayandırılıb. Uxan şəhərində daha ciddi karantin tətbiq edilir. Burada ötən gün saat 10:00-dan ictimai nəqliyyat, aviareyslər və dəmiryolu əlaqəsi bağlanıb. Eçjou şəhərində də ötən gün səhər saatlarından dəmiryolu əlaqəsi bağlanıb. Syantao şəhərində yanvarın 23-ü saat 17:00-dan bütün avtobusların və su nəqliyyatının hərəkəti dayandırılıb. Çjitszyan şəhərində də eyni saatdan şəhərlərarası avtobusların hərəkəti dayandırılıb, şəhərdə yalnız supermarketlər, xəstəxanalar, bazarlar, yanacaqdoldurma məntəqələri, apteklər işləyir. Ötən ilin dekabr ayının sonlarında Çinin Uhan əyalətində qeydə alınmış virus artıq Çindən kənarda - Cənubi Koreya, Yaponiya, ABŞ və Tailandda da aşkarlanıb. Sinqapur, Honqkonq və Avstraliyada şübhəli infeksiya halları qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsi yeni koronavirus (2019-nCov) alovlanması ilə bağlı bəyanat verib. Təşkilatdan verilən məlumata görə, ÜST-ün Baş direktoru yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb. 23 yanvar tarixində Çin Xalq Respublikası, Yaponiya, Tayland və Koreya Respublikasının səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər. Çində müraciət hallarının sayının artması bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb. Çin hökumətinin təqdim etdiyi yeni epidemioloji məlumat yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığını və hazırda qeydə alınmış hadisələrdən 4%-nin (557-dən 18-i) ölümlə nəticələndiyini aşkarlayıb. Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25%-nin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib. Komitənin 23 yanvar tarixindəki iclasının qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən, ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan edilməsi üçün hələ ki tezdir. Komitə üzvlərinin əksəriyyəti virusdan yoluxma hallarının məhdud sayda və onun ikili təbiətə malik olmasını nəzərə alıblar. Baş direktor zəruri hesab edərsə, Komitə təxminən 10 gün ərzində və ya daha tez yenidən toplaşmağa hazırdır. Xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur. Bu səbəbdən bütün ölkələr aktiv nəzarət, erkən diaqnostika, təcrid olunma, xəstəlik hallarının idarə edilməsi, ötürülməsinin izlənməsi və 2019-nCoV infeksiyanın yayılmasının qarşısının alınması daxil olmaqla, cavab tədbirləri görməyə hazır olmalı və bütün məlumatları ÜST-lə bölüşməlidir.
Bəs görəsən Azərbaycanda vəziyyət nə yerdədir? Virusun uzaq Çindən Azərbaycana yayılma ehtimalı varmı? Bununla bağlı ölkəmizdə hansı tədbirlər görülür və görülməlidir?

Artıq Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur. Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri bildirilir. Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
ÜST Azərbaycanın ölkədə koronavirusla bağlı yayılma hallarının olmaması üçün gördüyü işləri qiymətləndirib. ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycan ölkə ərazisində yoluxucu xəstəliklərin monitorinqi üçün nəzarət sistemini gücləndirir. Bu fəaliyyətlərə laboratoriya və diaqnostika imkanlarının gücləndirilməsi daxildir: "Bu yaxınlarda Taun Əleyhinə Stansiyadakı iki laboratoriyanın ÜST-ün sertifikasiya tələblərinə cavab verdiyi təsdiqlənib. Hər bir səhiyyə sisteminin təkmilləşdirilməyə ehtiyacı var və Azərbaycan bu sahənin inkişafı üzərində çalışır”.
H.Harmancı qeyd edib ki, Azərbaycanda bu xəstəliyə yoluxma halı qeydə alınmayıb. Onun sözlərinə görə, ÜST-ün məlumatına əsasən, bu xəstəlik halları hazırda yalnız Çin, Yaponiya, Sinqapur, Tailand, Tayvan və Koreya Respublikasında müşahidə olunur. Amma Amerika Birləşmiş Ştatlarının səhiyyə qurumları Vaşinqton ştatında da bu xəstəliyin qeydə alındığını təsdiq edib. H.Harmancı əlavə edib ki, virusun mənbəyi naməlumdur. İlkin tədqiqatlar bu alovlanmanın virusun heyvandan insana ötürülməsi ilə baş vermə ehtimalının böyük olduğunu göstərir. ÜST rəsmisi bildirib ki, xəstəlik heyvanlarla təmasla, korlanmış qidalar vasitəsilə, yaxud da insandan insana ötürülə bilir: "Lakin onu da qeyd etmək lazımdır ki, ət və yaxud balıq məhsulu bişdikdə, onun tərkibindəki viruslar məhv olur. Çiy və az bişmiş ət məhsullarının, o cümlədən süd məhsullarının istehlakı sağlamlıq üçün zərərlidir və viruslara yoluxma riskini artırır. Cari məlumatlara əsasən, virus ağır fəsadlarla yanaşı, qripə bənzər yüngül simptomlar da yarada bilər. Əvvəl özünü yüngül formada göstərən xəstəlik ağırlaşa, xroniki xəstəliyi olan insanlarda bəzi xəstəliklərə qarşı həssaslığı artıra bilər. Virus yeni aşkar olunduğundan, hələ də bəzi simptomlar naməlumdur”.
H.Harmancı deyib ki, xəstəliyin əsas səbəbi məlum olmadığından, ÜST insanlara bəzi ehtiyat tədbirlərini görməyi tövsiyə edir. Həmin tədbirlərə əlləri sabunla yumaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla və ya köynəyin qolu ilə bağlamaq, qrip simptomları müşahidə edilən insanlarla yaxın təmasda olmamaq, hərarət, öskürək və təngnəfəslik müşahidə olunarsa, həkimə müraciət etmək, qidaları, xüsusilə ət məhsullarını lazımi qədər bişirmək daxildir. H.Harmancı ÜST-ün bu xəstəlik səbəbindən beynəlxalq səfərlərin və ticarətin məhdudlaşdırılmasını tövsiyə etmədiyini də vurğulayıb.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev 2019-nCoV adlı koronavirusun ölkəmizə keçmə ehtimalını dəyərləndirib. C.İsayev açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxma halı yoxdur, amma onun ölkədə olma ehtimalı da istisna edilmir. Baş infeksionist Azərbaycana virusun gətirilməməsi üçün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə çatdırıb: "Azərbaycandan Çinə, eləcə də Çindən Azərbaycana istər ticarət, istərsə də turizm məqsədilə gələn insanlar var. Amma buna baxmayaraq, bu gün koronavirusun ölkəmizə gətirilmə ehtimalı o qədər də yüksək deyil. Koronaviruslara yoluxma çox sıx təmas zamanı baş verir. Yoluxma mədə-bağırsaq və hava-damcı yolu ilə mümkün ola bilər. Daha təhlükəli yoluxma isə hava-damcı yolu ilə baş verir. Bu halda adətən, ağciyərlərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur. Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə, virus insana keçə bilər. Bu virusun əsas təhlükəliliyi ondan ibarətdir ki, hava-damcı yolu ilə keçir. Ümumiyyətlə, koronaviruslar soyuqdəymədən tutmuş, Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur. Bu zaman insanlarda zökəm əlamətləri - burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir”.

Şəbnəm
banner

Oxşar Xəbərlər