AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusun startap seqmentinə təsiri

Koronavirusun startap seqmentinə təsiri

İqtisadiyyat
14 İyul 2020, 10:30 1037
Ekspertlər bildirirlər ki, pandemiya bəzi startapların inkişafına təkan verib, amma... 
 
Pandemiyanın təsirsiz ötüşdüyü sahə, demək olar ki, yoxdur. Startap seqmentini də bu siyahıya əlavə edə bilərik. Düzdür, pandemiya şərtləri yeni startapların yaranmasına səbəb oldu. Bəs bu, startap bazarında əvvəlki dövrdə olan aktivliyi əvəz edəcək dərəcədədirmi? Ümumiyyətlə, pandemiya startap sektoruna necə təsir etdi və etməkdədir?

Texnologiya üzrə ekspert Cəlil Qasımbəyli deyir ki, pandemiya şərtlərinin müsbət təsir etdiyi startaplar oldu: "Covid 19 pandemiyasi sağlamlığa zərər vurmaqla kifayətlənmədi, eyni zamanda dünya iqtisadiyyatına da mənfi təsir göstərdi. Xeyli biznes sahələri müflis oldu, yaxud fəaliyyətini müvəqqəti dayandırdı. Lakin buna baxmayaraq, koronavirus bəzi startapların inkişafına təkan verib. Video zəng, onlayn çatdırma, distant biznes və s. kimi startaplar pandemiya zamanı öz intibah dövrlərini yaşadılar. Bütün dünya "Evdə qal” şüarı altında pandemiya ilə mübarizə apardığı zaman insanların həyat tərzini daha da asanlaşdıran yeni innovativ startap layihələri üzərində çalışmalar gedir. Bu da öz növbəsində pandemiyadan sonrakı dövr üçün gələcək biznes strukturlarının distant biznesə keçməsinə və onlayn innovativ startapların gələcək həyatımızın bir parçası olmasına gətirib çıxaracaq. Bizdə də yeni startaplar yaranır. Bir neçə nəfər tanıyıram ki, bu dövrdə yeni startap ideyalarını reallaşdırırlar. Hazırlıq mərhələsində olan startaplar da çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə təqdim olunacaqlar”.

"Yeni Fikir” startap müsabiqəsinin təsisçisi İsa Qasımovbildirdi ki, pandemiya dövrü onlayn resurslara əsaslanan startaplar üçün avantajlı olsa da, ümumilikdə, startap bazarı zərər gördü: "Qlobal bazara çıxa bilmək üçün bir çox uğurlu layihələrdə ilkin çalışmalarda onlayn resursların istifadəsi var idi. Pandemiya dövründə təhsil sektorunda məcburi olaraq müəllim və tələbələr onlayn resurslardan istifadəyə getdilər. Bu da onlayn resursların daha çox insan tərəfindən istifadə edilməsi demək oldu. Bu mənada, pandemiya şəraiti startap ekosisteminə avantajlar gətirdi. 

Onlayn fəaliyyətin genişlənməsi amilinin üstünlüyü işin təməl hissəsi üçün keçərlidir. Ancaq startapların inkişafından danışanda, investor amilini də nəzərə almalıyıq. İnvestorların pandemiya şəraitində böhran vəziyyəti yaşaması, investisiyaların məhdudlaşmasına gətirib çıxardı. Təbii ki bu, investisiya mühitinə mənfi təsir etdi. Maliyyə problem olduğu üçün startap seqmentində əvvəlki dinamikanı indi görmürük. Bundan əlavə, startaplarla investorlar arasındakı fərdi görüşlər, fərdi formatda olan bütün proseslər zərbə altında qaldı.

Bu cəhətdən deyə bilərik ki, startap ekosistemi pandemiya dövründən zərərlə çıxdı. Amma işin əvvəlinə dönəndə, onlayn resursların kütləviləşməsi baxımından startap ekosistemi üçün avantajdır”.

İ.Qasımovun sözlərinə görə, pandemiya dövründə fürsətləri görmək startap bazarı üçün vacibdir: "Əvvəlki dövrlərdə də bir çox startaplar olub ki, böhran şəraitində yaranan fürsətləri görüb ortaya çıxıblar. Pandemiyanın gətirdiyi iqtisadi böhran şəraitinin startaplar üçün nə demək olduğunu, hansı istiqamətə müsbət, hansına mənfi təsir göstərdiyini gələcək dövrdə daha yaxşı görəcəyik. Ancaq indi görünən odur ki, onlayn resurslarla əlaqəli istiqamətlər pandemiya dövründəki fürsətləri görəcəklər və bu fürsətlərdən faydalanacaqlar”.

İ.Qasımov bildirdi ki, heç bir onlayn şəraitdən asılı olmayan, ancaq pandemiya ilə əlaqəli uğurlu alına biləcək startaplar da var: "Məsələn, ekoturizmin inkişafı baxımından ortaya çıxacaq startaplar üçün də bu dövr faydalı ola bilər. Pandemiya şəraiti və bundan dolayı ortaya çıxan sosial, psixoloji vəziyyət, insaların bir arada istirahət etmək istəkləri də müəyyən mənada bir az da zərbə görmüş olacaq. Hansı ki, inkişaf etmiş cəmiyyətlərdə onsuz da ekoturizmə maraq var idi. İndi bu hal daha da kütləviləşəcək. İnsanlar otellərdə, restoranlarda, kafelərdə dincəlmək əvəzinə, təbiətə daha çox üstünlük verəcəklər. Bu da ekoturizmin və ya kənd turizminin istifadəsi baxımından ortaya çıxa biləcək startaplar üçün avantaj sayıla bilər.

Digər avantajlı sahə kimi distant təhsilin inkişafını deyə bilərəm. Azərbaycan üçün distant təhsilin inkişafı ilə bağlı pandemiya şəraiti tamamilə müsbət rol oyandı. Çox sürətli şəkildə distant imkanların tətbiqini gördük. Bu işin kütləviləşməsindən də maraqlı yanaşmalar çıxacaq. Bakıda karantin şəraiti bir çox tədris müəssisələrinə ciddi zərər vurdu. Onların arasında distant imkanları tətbiq edənlər bazarda hərəkət edə bilirlər”.

İ.Qasımov qeyd etdi ki, pandemiya davam edərsə, bu cür fürsətləri erkən görüb önə çıxan startaplar üçün avantajlar çıxacaq: "Yəni kütlənin problemini həll edən onlayn və buna bənzər xidmətlər çıxara bilən startaplar üçün avantajlar olacaq. Bu startapların ortaya çıxması hazırda araşdırdığımız, bildiyimiz startap yanaşması ilə olmasa belə - ənənəvi sahibkarlıq formasında ola bilər - işin bir hissəsi innovativ və ya müasir sahibkarlıq formasında. Burda qazanan tərəflər bazarın ehtiyaclarına cavab verə bilən, bazar iştirakçılarının anlayacağı dildə çıxış edən tərəflər olacaq. Onların təklif etdiyi xidmət və məhsullar bazarda daha tez başa düşüləcək”.

İ.Qasımov qeyd etdi ki, pandemiya insanların sahibkarlıq, təşəbbüskarlıq yanaşmalarına zərbə vurmuş sayılır: "Pandemiya şəraiti insanları, ola bilsin ki, sahibkarlıq düşüncəsindən uzaqlaşdıracaq. Çünki pandemiya şəraiti sahibkarları böyük zərbə altında qoydu. Xüsusilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar aylıq və illik gəlirlərini sahibkarlığa yox, maaşa bağlamağa meyilli olacaqlar. Aylıq 3000 manat qazanan biri, sahibkarlıqla məşğul olub 5000 qazanırdısa, o, özünü riskə atmayacaq, 3000 qazanmağa meyilli olacaq. Pandemiya sahibkarlıq düşüncəsinə, təşəbbüskarlığına mənfi təsir etdi. İnsanların sahibkarlıq və təşəbbüskarlıq yanaşmasının azalması, ümumilikdə, startap ekosistemi üçün ən böyük zərbə hesab oluna bilər”.

Aygün Asimqızı