• şənbə, 20 Aprel, 19:56
  • Baku Bakı 24°C

Koronavirusla mübarizənin ön cəbhəsində

28.04.20 19:07 5998
Koronavirusla mübarizənin ön cəbhəsində
Şəfqət, humanizm və mərhəmət prinsiplərini rəhbər tutan həkimlərimiz öz həyatlarını riskə ataraq, başqalarının həyatını xilas etmək üçün yorulmadan çalışırlar

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ən nəhayət, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi mühüm yerlərdən birini tutur. Bu məqsədlə müxtəlif vaxtlarda qəbul edilən Dövlət Proqramları ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasına xidmət edib söyləsək, yanılmarıq. Misal üçün, son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Bu müəssisələr ən müasir tibbi avadanlıq və qurğularla təchiz edilib. Hazırda bir neçə xəstəxananın tikintisi rayonlarda və paytaxt Bakıda davam etdirilir. Ümumi götürsək, Azərbaycanda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində 2004-cü ildən indiyə qədər ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Görülən bu işlərin nəticəsidir ki, indi Azərbaycanın bütün regionlarını əhatə edən müasir tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var.


Məhz bu imkanlar hesabınadır ki, dünyanı bürüyən koronavirus (COVİD - 19) pandemiyasının zərəri Azərbaycanda minimuma endirilib, ölkə vətəndaşlarının sağlamlığı ən yüksək səviyyədə qorunub və qorunmaqdadır. Ölkəmizdə koronavirusun geniş miqyasda yayılmasının qarşısı alınmaqla bərabər, bu xəstəliyə tutulanların müalicəsi üçün tibb müəssisələri, səhiyyə işçiləri tam gücü ilə səfərbər olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 28-də yaydığı məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Təəssüf ki, 22 nəfər vətəndaşımız koronavirusdan dünyasını dəyişib. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.


Əlbəttə ki, koronavirusla mübarizədə bu göstəricinin əldə edilməsində dövlətimizin zamanında həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə bərabər, sağlamlığımızın keşiyində dayanan həkimlərimizin, əsl fədakarlıq nümayiş etdirən səhiyyə işçilərinin – gözəgörünməz qəhrəmanların əməyi də böyükdür. Bu gün həkimlərimiz bu qlobal təhlükə ilə mübarizənin ön cəbhəsində öz həyatlarını riskə ataraq şəfqət, humanizm və mərhəmət prinsiplərini rəhbər tutur, ən qiymətli sərvət olan insan həyatının xilas olunması ücün yorulmadan calışırlar. Belə insanlardan biri də Respublika Klinik Xəstəxanasının şöbə müdiri, TƏBİB-in Koordinasiya Şurasının koordinatoru, Qarabağ qazisi, Prezident təqaüdçüsü, hərbi həkim İmran Qurbanovdur. Onunla söhbət əsnasında öyrəndik ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə koronavirusla mübarizə aparmaq üçün zamanında qabaqlayıcı addımlar atılıb. Ölkənin hava, quru, dəniz sərhədlərinin bağlanması, gediş-gəlişin məhdudlaşdırılması, təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinin təxirə salınması, karantin rejiminin tətbiqi son nəticədə virusun geniş miqyasda yayılmasının qarşısını alıb, vətəndaşların sağlamlığının qorunub saxlanmasına xidmət edib: "Biz ilk vaxtlardan koronavirusla mübarizəyə cəlb olunduq. İlk növbədə qarşımızda duran məslə hava limanında xaricdən ölkəmizə gələn vətəndaşların qarşılanması, müayinədən keçirilməsi, şübhəli hallarda yaxmaların götürülməsi, analizlərin aparılması, zərurət yarandığı halda onların karantinə cəlb edilməsi oldu. Bu işi görəcək tibii heyət müəyyənləşdirildi. Onların sırasına iki ixtisaslı həkim, 4 həkim laborant daxil edildi. Həmin səhiyyə işçiləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzində təlimlərə cəlb olundular və qısa müddət sonra hava limanında fəaliyyətə başladılar. Orada qadın və kişilərin ayrı-ayrılıqda müayinə olunması üçün iki kabinet təşkil olundu. Tibbi heyətə köməklik üçün prosesə ASAN Xidmətin könüllüləri də cəlb edildi. Sözügedən kabinetlərdə həkim müayinələri təşkil olundu, epidemioloji sorğu keçirildi. Hərarət, öskürək, boğaz ağrıları kimi kilinik əlamətləri olan vətəndaşlardan analizlər götürüldü, karantinə cəlb olundular. Beləliklə proses davamlı xarakter aldı. Koordinator və peşəkar həkim kimi bütün bunların təşkilində bilik və bacarığımı, səriştəmi əsirgəmədim”.


İmran Qurbanov bildirdi ki, TƏBİB-in Koordinasiya Şurasının koordinatoru olaraq Azərbaycanın bölgələrində koronaviruslu xəstələri qəbul edəcək, onların müalicəsi ilə məşğul olacaq xəstəxanaların təşkilində də yaxından iştirak edib: "Tibbi personalının təşkili, növbələrin salınması, onların yerləşdirilməsi, konsultasiya həkimlərinin cəlb olunması və sair bu kimi işlərlə məşğul olmuşuq. Masallı, Astara, Quba, Qobustan, Ağdaş, Şəmkir, Goranboy, İmişli rayonlarında, Bakı və Gəncə şəhərlərində xəstəxanaların yaradılması və onların tibbi personalının komplektləşdirilib növbəlilik sistemi üzrə 3 növbədə işə çıxarılmasını təmin etmişik. Ümumilikdə görülən işləri təhlil edəndə bir daha bu qənaətə gəlmək olur ki, Azərbaycan koronavirusla mübarizədə bir çox ölkələrə nümunə olacaq addımlar atıb. Vaxtında qabaqlayıcı tədbirlər görüb. İlk növbədə xaricdən ölkəmizə daxil olan vətəndaşlarımızın müayinədən keçirilməsi, vaxtında karantinə alınması təşkil edilib. Yəni, onların izolyasiyasını zamanında təşkil edib. Koronavirusa yoluxma şübhəsi olan insanlar kütləvi şəkildə zamanında test nümunəsindən keçirilib. Xəstə insanların aşkar edilməsi və müalicəyə cəlb olunması zamanında baş verib. Məhz bunların sayəsində Azərbaycan Avropanın ən inkişaf etmiş ölkələrinin düşdüyü vəziyyətə düşməyib. Ölkəmizdə virusun insandan insana yoluxması halının, kütləvi yayılmasının qarşısı alınıb. Statistikadan da görünür ki, hər keçən gün virusdan sağalanların sayı yoluxanların sayını üstələyir. Bu stabilləşməyə doğru gedişatdır və məmnunluq doğurur”.


Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının çağırışçı həkim-kordioloqu Sərvər Nadirov da peşə borcunu ləyaqətlə yerinə yetirən, vətəndaşlarımızın sağlamlığının keşiyində dayanan fədakar həkimlərimizdəndir. Həkim bizimlə söhbətində vurğuladı ki, koronavirusla mübarizə tədbirləri başlayandan həmkarları ilə birlikdə o da bu işə səfərbər olub. S.Nadirovun sözlərinə görə, evə çağırışlara gedərkən bir neçə koronaviruslu xəstənin aşkarlanması, onların müayinə və müalicəyə cəlb olunması prosesində iştirakçı olub: "1995-ci ildən təcili tibbi yardımda çalışıram. Çağırışlar adətən evə olur və biz bu zaman hər cür xəstələrlə rastlaşırıq. Eləcə də koronavirus xəstəliyinin daşıyıcısı olan vətəndaşlarla rastlaşırıq. Tənəffüs çatışmazlığı, öskürək, boğazda qıcıqlanma və sair bu kimi əlamətləri olan xəstələri dərhal müayinəyə cəlb edirik. Onlar barəsində dərhal mərkəzə məlumat veririk. Həmin xəstə də daxil olmaqla bütün ailə üzvlərindən analizlər götürülür, zərurət yarandıqda karantinə cəlb olunurlar. Koronavirus xəstəsi olduğu müəyyən edilən vətəndaşımızı Goranboydakı xəstəxanaya da aparmışam. Müayinəyə cəlb etdiyimiz xəstələrdən koronavirus çıxanlar olub ki, onları da aidiyyəti üzrə yerləşdirib müalicəsini təmin etməyə çalışmışıq. Gözəgörünməz düşmən hesab edilən koronavirusla mübarizədə əlimizdən nə gəlirsə edir, insanlarımızın sağlamlığının keşiyində dayanır və bu işimizdən zövq alırıq”.

Həkim-kardioloq peşə fəaliyyəti, vətəndaşların sağlamlığının qorunması üçün gördüyü işlərlə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətəndaşların pandemiyadan etibarlı müdafiəsindən də söhbət açdı. Qeyd etdi ki, ilk növbədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkədə karantin rejiminin tətbiqi, sərhədlərin bağlanması, Prezidentin ehtiyat fondundan vəsait ayrılması, dövlət dəstəyi proqramlarının hazırlanması öz effektini verib: "Sözügedən proqramların icrası üçün ümumilikdə 2,5 milyard manat vəsait ayrılıb. Zəruri tibb avadanlıqları ölkəyə gətirilib. Ən müasir tələblərə cavab verən "Yeni Klinika” tibb müəssisəsi, eləcə də son illərdə regionlarda istifadəyə verilən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsinə səfərbər olunub, ölkədə maska istehsalı müəssisəsi yaradılıb. Bundan başqa, Prezident İlham Əliyev koronavirusa yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması ilə əlaqədar sərəncam imzalayıb. Bu məqsədlə də dövlət büdcəsindən 14,8 milyon manat vəsait ayrılıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlayıb. ÜST mütəxəssisləri ölkəmizə dəvət edilib, onların tövsiyələrinə riayət olunaraq Azərbaycanda çox ciddi tədbirlər görülüb. ÜST nümayəndələri ölkəmizə gələrək, vəziyyətlə tanış olublar. Onlar Azərbaycan rəhbərliyinin koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər gördüyünü qeyd ediblər. Düşünürəm ki, biz səhiyyə işçilərinin koronavirusla mübarizədə oynadığı mühüm roldan danışarkən ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən bütün bu tədbirləri xüsusilə qeyd etmək, qiymətləndirmək zəruridir”.

Sonda onu da xatırladaq ki, ÜST rəyinə görə koronavirus pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri effektli izolyasiya tədbirlərinin görülməsi, əhali arasında geniş müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilərək müalicəyə cəlb olunmasıdır. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onarın kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür. Hazırda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verilib. Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib. İnanırıq ki, dövlətin həyata keçirdiyi tədbirlər, yaratdığı imkanlar, həmçinin peşəkar həkimlərimizin öz peşə borcunu vicdanla, yorulmadan yerinə yetirməsi sayəsində Azərbaycan bu bəla ilə mübarizədən də qalib çıxacaq.
Rufik İSMAYILOV

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi "Görünməyən Qəhrəmanlar” mövzusunda müsabiqəyə təqdim olunur

banner

Oxşar Xəbərlər