Koronavirusdan sonra
Tarixdə
baş verən bütün böyük rezonanslı hadisələr yaradıcı adamları həyatın sosial
gerçəklikləri ilə məşğul edir. Öz təxəyyülündə "gizlənən” yaradıcılar real
proseslərin "qurbanı olur”. Tarixi deformasiya dövrlərində nə qədər ciddi sənət
cərəyanları yaransa da, eyni zamanda bəs qədər bayağı, bəsit və universal,
sənət yükü daşımayan nümunələr də meydana çıxır. Bu isə özündən sonra yüngül
estetik dəyərləri "miras saxlayır”. İnkişafda olan cəmiyyətlər üçün mədəni
proseslərin bu cür təsirlənməsi daha təhlükəli olur. Zövq formalaşdıran
instansiyaların birdən-birə ictimai-sosial məzmunlu mövzulara "yoluxması”
sənətin metafizik ağırlığını azaldır və onu sıradan, əlçatan etməyə başlayır.
Sənət isə müəyyən mənada ruhi, irfani proseslərin periodudur. İnsanın öz ruhi
kimliyini maddi şəxsiyyətindən ayıran sənət həyatın mənəvi tərəfləri ilə yox,
maddi tərəfləri ilə məşğul olanda cəmiyyət üzərindəki vəzifəsini yerinə yetirə
bilmir. Beləcə, özündən əvvəlkinə alternativ düşünülmüş nümunələr populist və
standart meyarlarla kifayətlənir.
Rəvan Cavid
Koronavirus
pandemiyası da artıq sənətə camiəsinə müəyyən mənada təsir etməkdədir. Yeni
hekayələr, köşə yazıları, tarixi ekskursiya xarakterli esselər yazılmaqdadır.
Ancaq bu pandemiyanın böyük həcmli bədii nümunələrə çevrilməsi müəyyən zaman və
müşahidə tələb edir ki, bu da sonrakı dövrlərdə özünü göstərəcək. Mövzudan
yararlanan yaradıcı şəxslər iki yerə bölünəcək. Birincilər, hadisələrin
eskizini, oxşar modellərini yaratmaqla kifyətlənəcək. Eyni misalları biz ötən
əsrdə İkinci Dünya müharibəsindən sonra gördük. Bu günə qədər ömrünü yaşamaqda
olan ədəbi cərəyanlarla bərabər müharibənin xronologiyasını və zahiri
tərəflərini, ictimai əsaslarını təsvir edən yüzlərlə roman və ssenarilər
yazıldı. Bunların sırasında xüsusən qeyd edəcəyimiz distopik nümunələr var ki,
onlar hələ də aktualdır və hər dəfə bəşər sistemi "update” olunanda o əsərləri
yadımıza salacağıq. Bu tipdə mətnlərin nə qədər ciddi nümunə olub-olmaması hələ
də müzakirə mövzudur. "Hansılar həqiqi sənətdir?” sualı isə başqa bir təhlil və
mübahisə müstəvisidir. İkincilər, sənət anlayışının günümüzdəki tərifini
doğrultmağa xidmət edəcəklər. İnsan psixologiyasının dəyişikliyini simvollarla
yeni dövrlərə ötürmək missiyasını üstlənəcəklər. Onlar üçün vacib olan
mətnlərin simvolistikası, psixoloji bucaqları və metafizik sferasıdır.
Ədəbiyyat tarixinə və ədəbiyyatşünaslığa nəzər yetirəndə ikincilərin daha
effektiv nəticə verdiyini görmüş oluruq. Yəni, yeni zövq və mahiyyət yaradan
əsərlərin ömrü digərlərinə nisbətən daha uzun olur. Modern çağın tələbləri
arasında kütləvilik və kommersiyanın olması danılmazdır. Ona görədir ki, bu gün
də distopik romanların oxucu miqyası böyükdür.
Koronavirus
pandemiyası da poeziyaya, roman sənətinə, kino sənətinə və digər alternativ
sənət janrlarına təsir edir və bu təsir getdikcə daha aydın hiss olunacaq. Necə
ifadə etmək və hansı hadisələri yazmaq işin peşəkarlıq tərəfini göstərəcək.
Hadisə seçimi müəllifin üslubu qədər vacib nüansdır. Baxış bucağı hansı
yöndədir, hansı mətnlərlə səsləşir və bu kimi mühüm detalları nəzərə almaqla
yaranan mətnlərin həqiqi sənət yükü ağır olur.
Fərdlərin
sosial təcridi onların belə bir dövrdə psixologiyaya təsirsiz qalmayacaq,
əlbəttə. Ədəbiyyatda, eləcə də kinoda yeni obrazlar yaranacaq. İzoliyasiya
olunmuş şəhərlər, tək qalmış fərdlərin mübarizəsi haqqında çox sayda roman və
film var, ancaq bu günün dünyası bir qədər fərqli aspektlərə işıq tutur. Sosial
şəbəkələr dövrü, reklam və əyləncənin dominant olduğu minillik və küçəyə çıxa
bilməyən, internet torunda çabalayan milçəyi xatırladan robot-insan obrazı. Bu
cür obrazlarla necə davranmalı olduğunu bilən yazıçı soyuqqanlılığını qoruyan
olacaq. Nəinki belə proseslər də, ümumiyyətlə, hadisə və obrazın əlaqəsində
müəllifin tanrı olmaq haqqı var, müəllifin ölümü bu cür əsərlərin strukturunda
daha vacibdir. Janrlar arasında bütün divarların əridiyi vaxtda heç şübhəsiz
publisist və ədəbi nümunələr iç-içə keçəcək. Yaxın keçmişdə belə nümunələrin
önəmli mükafatlar aldığını, səs-küy yaratdığını da gördük.
Pandemiya
dövrü və sonrası yazılacq əsərlərin əsas mahiyyətinin və məğzinin insan
psixologiyası olaraq qalması həm dövrün daha dərindən təsviri üçün, həm də
sağlam nümunələrin yaranması üçün önəmlidir. Təbii ki, məhz bu mövzuda nəsə
yazmaq xatirinə qələmi və ya klaviaturanı məşğul etmək də xeyrimizə olmaz.
Rəvan Cavid