• cümə, 19 Aprel, 10:08
  • Baku Bakı 13°C

Koronavirusa qarşı peyvənd ömürlük qoruyacaq, yoxsa...

19.09.20 10:00 1311
Koronavirusa qarşı peyvənd ömürlük qoruyacaq, yoxsa...
Ekspertlər deyirlər ki, bu, vaksinin növündən, genetik xüsusiyyətindən, stabilliyindən asılıdır
COVID-19-la bağlı peyvənd məsələsi hazırda bütün dünyanın diqqət mərkəzindədir. Pandemiya yayılandan, peyvənd hazırlanması ilə bağlı hər bir xəbər insanlara ümid verir. "Bircə peyvənd tapılsaydı, tətbiq olunsaydı” deyirik. Elə virusla mübarizə başlayandan dünyanın dörd bir yanından peyvənd hazırlanması xəbərləri gəlməyə başladı. Peyvənd ilk olaraq Rusiyanın "Vektor” araşdırma mərkəzi tərəfindən hazırlandı. Bildirilir ki, mərkəzin hazırladığı peyvəndin kliniki testləri sentyabrın 30-da başa çatacaq. Bundan sonra artıq tətbiqinə başlanıla bilər. Rusiyanın hazırladığı peyvəndlə bağlı daha bir məsələ gündəmə gəldi. "Vektor” araşdırma mərkəzinin Zooloji Xəstəliklər Departamentinin rəhbəri Aleksandr Rıjikov "Rospotrebnadzor”un "İnstaqram” hesabındakı canlı yayımda deyib ki, koronavirus peyvəndi ömürlük immunitet qazandırmır. Peyvəndin qoruyuculuğunun 6 ay müddəti var. Bu müddət bitən zaman lazım gəldikdə yenidən peyvənd vurdurmaq mümkün olacaq. Ancaq peyvəndlərlə bağlı insanların gözləntiləri çox idi. 6 aylıq müddətin virusla mübarizədə effektinin az olacağını deyənlər də var. Maraqlıdır, ümumiyyətlə, peyvəndlərin qoruyuculuq müddəti nə qədər olur? Bu müddət nə dərəcədə effektli sayıla bilər? Peyvəndlərlə bağlı öncədən verilən proqnozlar doğru ola bilərmi?


Türkiyənin Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tərlan Məmmədov deyir ki, peyvəndin qoruyuculuq müddəti ilə bağlı fikir demək üçün insanlar üzərində tətbiq olunmalı, sonra müddəti ilə bağlı araşdırma aparılmalıdır: "İndi hazırlanan peyvəndin 6 ay, ya 1-2 il qoruyucu xüsusiyyətə malik olmasını öncədən demək düzgün olmazdı. Peyvəndin nə qədər müddət qoruyucu xüsusiyyətə malik olduğunu bilmək üçün müəyyən zaman keçməlidir. Yəni vaksin insanlar üzərində tətbiq edilməli, sonra analiz aparılmalıdır ki, peyvəndlə bədəndə yaranan anticisim nə qədər müddət qalır? Peyvənd vurulandan nə qədər müddət sonra insanlarda təkrar yoluxma olduğu öyrənilməlidir. Yaxud peyvənd vurulmuş insanların nə qədər hissəsi virusa yoluxdu, nə qədəri yox? Bunlar ümumi statistik araşdırmalardan sonra məlum olur”.

T.Məmmədov bildirdi ki, bu kimi proqnozlar özünü doğrulda da bilir, doğrultmaya da: "Peyvəndlərlə bağlı, adətən heyvanlar və insanlar üzərində aparılan klinik testlərə əsasən belə proqnozları verirlər. Bu proqnozlar düzgün ola da bilər, olmaya da. Amma insan üzərində tətbiq olunub testdən keçiriləndən sonra daha dəqiq bilmək olar. Bu, vaksinin növündən, xüsusiyyətindən, stabilliyindən və s.-dən asılıdır”.


İnfeksionist Mərdan Əliyev bildirdi ki, COVİD-19 yeni bir virusdur və ona qarşı hazırlanan peyvəndin nə qədər müddət qoruyucu xüsusiyyətə malik olması ilə bağlı öncədən deyilən fikirlər öz təsdiqini tapmaya bilər: "Rusiya bildirdi ki, peyvənd yaxşı effekt verib. 3 həftə ərzində antitellər əmələ gəlib. Ciddi yan təsirləri yoxdur. Baş və oynaq ağrıları kimi kiçik yan təsirləri var. Ancaq peyvəndlərin qoruyuculuq məsələsi virusun tipindən, genetik xüsusiyyətindən asılıdır. COVİD-19 yeni virus olduğu üçün nə qədər qoruyacağını da öncədən dəqiq bilmək olmaz. Deyilən fikirlər fərziyyə, ehtimal ola bilər. Üstəlik, peyvəndin sınaqlarının üstündən 6 ay belə keçməyib. Bu barədə fikir demək üçün ən azı 6 ay keçməlidir”.

M.Əliyev bildirdi ki, peyvəndlərin qoruma müddətləri çox olur, əks halda onların istifadəsinə gedilmir: "Məsələn, Hepatit B-nin peyvəndi 20 il qoruyur. Qıcılca, suçiçəyi üçün olan peyvəndlər ömürlük qoruma xüsusiyyətlərinə malikdir. Ən azı 20 il qoruya bilir. Uzunmüddətli qoruyuculuğu olmasa, istifadə də olunmaz. COVİD-19 kimi pandemiya şəraiti deyilsə, peyvəndi təkmilləşdirirlər, uzunmüddətli effektli hala gətirirlər. Pandemiya şəraitində təkmilləşmə üçün zaman da olmur. Bunu da nəzərə almaq lazımdır. Ancaq deyim ki, Hepatit B-nin peyvəndi bir doza vuranda, 1-2 il qoruyur. Ona görə, 3 doza vururlar. 3 doza vuranda, 20 il qorumaq xüsusiyyətinə malik olur. Ümumiyyətlə, peyvəndləri bir dəfə vuranda az qoruyursa, 2-3-cü seansları da edəndə, uzun müddət qoruyur”.

M.Əliyev qeyd etdi ki, bəzi xəstəliklərdə peyvənd uzunmüddətli qoruya bilmir: "Qripi götürək, hər dəfə qrip mutasiyaya uğrayır. Ona görə, hər il qripə qarşı peyvənd olunmalıdır. Mutasiya olmasa, bir dəfə qrip peyvəndi vurulardı və ömürlük kifayət edərdi”.

Aygün

banner

Oxşar Xəbərlər