• cümə axşamı, 18 aprel, 12:46
  • Baku Bakı 22°C

Koronavirus postsovet məkanını da cənginə alıb

03.04.20 13:51 1318
Koronavirus postsovet məkanını da cənginə alıb
Ən acınacaqlı durumda olan dövlət isə Ermənistandır
Hər gün onlarla insanı tələf edən, minlərlə insanı yoluxduran koronavirus pandemiyası günbəgün güclənməkdə davam edir. Artıq bu gün birmənalı şəkildə demək olar ki, bu problem hər bir evdə müzakirə olunan ciddi problemə çevrilib. Planetin əksər ölkələrini əhatə edən pandemiya il bağlı postsovet məkanında da vəziyyət qənaətbəxş deyil. Qonşu Rusiya artıq sərt karantin tədbirlərini reallaşdırıb. Rusiya prezidenti Vladimir Putin xalqa dünənki müraciətində bildirib ki, həm dünyada, həm də Rusiyada koronavirus epidemiyası pik nöqtəyə çatmayıb. O, Moskvada koronavirusla bağlı vəziyyəti yaxşılığa doğru dəyişməyin hələlik mümkün olmadığını, lakin yaşlıları qorumağa, uşaq müəssisələrində epidemiyanın yayılmasının qarşısını almağa nail olunduğunu qeyd edib. O, ölkədə əmək haqqı saxlanmaqla qeyri-iş günlərinin müddətinin aprelin 30-dək uzadılması barədə sərəncam da verib. Eyni zamanda, vəziyyət yaxşılığa doğru dəyişdiyi təqdirdə bu qərarın dəyişəcəyini istisna etməyib. Son sutkada Rusiyada daha 771 nəfər koronavirusa yoluxub. Bununla da pandemiyaya yoluxanların sayı 3 min 548 nəfərə qalxıb. Qeyd edək ki, ölkə üzrə 30 nəfər bu virusdan ölüb. Lakin Rusiyanın problemi tək koronavirusla bağlı deyil. Neftin qiymətinin aşağı düşməsi də ölkə üçün ciddi problemlərə yol açır. "Eurasianet” yazır ki, Rusiyada 9 milyon insan iş yerini itirə, 3 mln. müəssisə isə müflisləşə bilər. Ekspertlər bildirirlər ki, koronavirus Rusiya iqtisadiyyatına nefin qiymətinin aşağı düşməsindən də ciddi təsir edə bilər. Maliyyə naziri Anton Siluanov da bunu etiraf edib və pandemiyanı neftin qiymətinin aşağı düşməsindən də ciddi problem adlandırıb. "Biz bu il büdcə kəsirinə keçəcəyik, Milli Rifah Fondundan yararlanmalı olacağıq”, -deyə nazir vurğulayıb.

Postsovet məkanının digər nəhəng dövləti Ukraynaya gəldikdə, burada da vəziyyət qənaətbəxş deyil. Bu ölkə postsovet məkanında pandemiyanın çətinlikləri ilə üzləşən ilk ölkə olub. Hələ fevral ayında Çindən vətəndaşlarını evakuasiya edən Kiyev onlar üçün heç bir karantin tətbiq etmədi. Fövqəladə tədbirlərə yalnz martın 17-dən başlanıldı.Ukraynada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. İndiyədək 891 nəfər virusa yoluxub, onlardan 19 xəstə isə sağalıb. Artıq Ukrayna defolt həddinə çatıb. Əksəriyyət bu ölkənin iqtisadiyatının koronavirus pandemiyasına tab gətirməyəcəyini düşünür.

Belarusa gəldikdə, bu ölkənin prezidenti Aleksandr Lukaşenko bildirib ki, burada da virusa yoluxma halları pik həddə çatır. Xəstələrin sayı 163 nfır olub ki, onlardan da 2-i vəfat edib. Belarus prezidenti Pasxaya qədər yoluxmaların azalacağına ümid etdiyini bildirib: "Xəstəliklərin rəqəmsal analizi göstərir ki, biz zirvədəyik. Allaha dua edirəm ki, xəstələrin sayı Pasxaya qədər azalsın”.

Mərkəzi Asiyaya gəldikdə burada da vəziyyət qənaətbəxş deyil. İlk karantin tədbirlərini Qazaxıstan edib və martın 15-dən ölkədə fövqəladə vəziyyət elan edilib. Ən çox xəstə iri şəhərlərdə - Alma-Ata və Nur-Sultandadır. Bütövlükdə dünən qədər ölkədə 450-yə yaxın koronavirus xəstəsi qeydə alınıb.

Digər postsovet ölkəsi Qırğızıstanda isə 130 xəstə qeydə alınıb. Xəstələrdən 4-ü ağır vəziyyətdədir. Artıq COVID-19-dan ilk ölüm hadisəsi də baş verib. "61 yaşlı pasiyent koronavirusdan öldü", - xəbərdə deyilir.

Özbəkistandakı vəziyyətə gəldikdə burada xəstələrin sayı 300-ə çatıb. Digər ölkə Tacikistanı isə Ümümdünya Səhiyyə Təşkilatı koronovirus xəstəsinin qeydə alınmadığı ölkə adlandırıb. Koronavirus təhlükəsi ilə bağlı Tacikistan martın 20-dən bütün beynəlxalq reysləri iki həftəliyə bağlayıb. Xatırladaq ki, indiyədək Tacikistanda koronavirus aşkar edilməyib. Bununla belə, fevralın 1-dən martın 18-dək 1890 adam karantində olub, onların 1426-sı evə buraxılıb.

Türkmənistana gəldikdə isə bu ölknin rəhbərliyi ümumiyyətlə koronavirus sözünün ölkə ərazisində işlənməsini qadağan edib. Burada da xəstə qeydə alınmayıb.

Bədnam qonşumuz Ermənistanda isə son sutka ərzində 73 nəfər koronavirusa yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 736 nəfərə çatıb. Qeyd edək ki, bu günədək Ermənistanda 7 nəfər virusdan ölüb. Koronavirus ölkənin onsuz da ağır olan durumunu daha da ağırlaşdırıb. İşğalçılıq siyasəti üzündən sərhədləri qapalı olan ölkə iqtisadiyyatı ağır duruma düşüb.


Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Baş nazir Georgi Qaxariya dünən bəyan edib ki, "koronavirusa 18 yeni yoluxma halı qeydə alınıb, ötən gün isə bu rəqəm 15 nəfər idi. Aydındır ki, vəziyyət sürətlə pisləşir”. O bildirib ki, vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədar ölkənin bütün iri xəstəxanalarına tam hazır vəziyyətə gəlmələri üçün iki gün vaxt verilib: "Əsas yük Səhiyyə Nazirliyinin və xəstəxana sektorunun üzərinə düşür”.

Qeyd edək ki, hazırda Gürcüstanda yeni növ koronavirusa yoluxması təsdiqlənmiş şəxslərin sayı 148 nəfərdir, onlardan 27-nin sağaldığı bildirilir. Ölkə üzrə 5392 nəfər karantində saxlanılır. Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Baş nazir onu da bildirib ki, xəstəxanalar və ilkin tibbi yardım xidməti hazırlıq vəziyyətinə gətirilir. Yaranmış gərgin durumda 20-dən çox müxalifət partiyası dünyanın aparıcı ölkələri və beynəlxalq maliyyə qurumlarına müraciət ünvanlayıb. Sənəddə Gürcüstanın koronavirus epidemiyasına görə ciddi problemlərlə üzləşdiyi bildirilib. Müraciət müəllifləri qeyd ediblər ki, koronavirusdan ən çox ölkə iqtisadiyyatı zərər görüb və vəziyyət daha da pisləşə bilər: "Zərərin miqyasını hesablamaq hələ çətindir, lakin aydındır ki, həcm böyük olacaq. İqtisadi böhran ölkənin kövrək demokratiyasını təhlükə altında qoya bilər. Gürcüstan demokratyası bu il qarşıdan gələn parlament seçkilərində ciddi sınağa tab gətirməlidir”. Müxalifət partiyaları Gürcüstan hökumətinin beynəlxalq maliyyə dəstəyinə çox ehtiyacı olduğunu bildiriblər. Müraciət ABŞ, Böyük Britaniya, Kanada, Norveç, İsveçrə hökumətləri, DB, BVF, Avropa İnkişaf Bankı, AYİB və digər maliyyə təşkilatlarına təqdim olunub.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər