Koreyada ilk Azərbaycan restoranını açan həmyerlimiz - Uğur hekayəsi
Həyatdakı prinsipi başladığı işi yarımçıq qoymamaqdır.
Deyir ki, əgər biri işi yarımçıq qoymaqdan qorxursa, ümumiyyətlə ona başlamır. Yenilikçi olmağın və daim öz üzərində işləməyin tərəfdarıdır.
Onun fikrincə, insan həyatda uğur qazanmaq istəyirsə, qarşısına məqsəd qoymalı
və işindən zövq almalıdır.
Müsahibimiz Koreyadakı ilk Azərbaycan restoranını ("Bakı”)
açan və hazırda bu ölkənin OJWorld informasiya texnologiyaları şirkətində
xarici marketinq meneceri Nihat Xəlilzadədir.
Nihat 1992-ci ildə Masallıda anadan olub. Orta təhsilini
Ankara məktəbində alıb. Qafqaz Universitetinin Riyaziyyat və informatika fakültəsinə
daxil olub və Koreya dövlət təqaüdünü (KGSP) alaraq Cənubi Koreyaya gəlib. Bir il
Koreyanın Dequ şəhərində yerləşən Keimyung Universitetində yerli dili öyrəndikdən
Seul şəhərində ən yaxşı mühəndislik universitetlərindən biri olan Hanyang
Universitetində bakalavr dərəcəsi üzrə kompüter mühəndisliyi (Koreyaca)
ixtisasını bitirib. Hazırda Soongsil Universitetində magistr dərəcəsi üzrə
informasiya texnologiyaları və menecment ixtisasında axşam dərsləri alır. Koreyada
bakalavr təhsili alarkən Hanyang Universiteti Qlobal Təhsil Əməkdaşlıq
İnstitutu, Asiyanın ən böyük biznes konsultasiya şirkəti "Hebronstar”ın, Azərbaycan
və Koreya əlaqələrinin inkişafında böyük rolu olan "Dream Trading” şirkətinin mərkəzi
ofislərində təcrübə keçib.
- Necə oldu
ki, tam fərqli bir ölkədə fəaliyyətə başladınız?
- Qafqaz Universitetinə daxil olarkən ingiliscə
yaxşı bilmirdim. Atamdan xahiş etdim ki, ixtisasımı o seçsin. O da riyaziyyat və
informatika ixtisasını seçdi. Atam məni yaxşı tanıyır və bilir ki, riyaziyyatı
çox sevirəm. Onun seçimi həyatımı dəyişdirdi. Təhsilimi ingilis dilindəydi və məni
məcbur etdi ki, bu dili əla səviyyədə öyrənim. İngilis dilini öyrənsəm də, ölkə
daxilində istifadə şansım çox az idi. Elə həmin vaxtdan qərar verdim ki, xaricə
gedəcəyəm.
- Niyə məhz
Koreya?
- Xaricə getmək qərarımı verdikdən sonra müxtəlif
ölkələrə sənəd verirdim ki, təqaüd götürüm. Amerika, İngiltərə, Avstraliya, Yaponiya
və Koreya mənə təqaüd verməyə razı olan ölkələr idi. Bildiyiniz kimi, Amerika,
İngiltərə, Avstraliya bahalı ölkələrdir və təqaüdlər yalnız təhsili əhatə edir,
yəni aylıq yaşayış xərclərini özünüz qarşılamalısınız. Onlardan fərqli olaraq
Yaponiya və Koreya yaşamı baha olan ölkələr olsalar belə, yaşam xərclərini də
qarşılayırlar. Ona görə iki ölkədən birini seçəcəkdim və Koreyanı seçdim. Koreya
əlifbasını öyrənmək isə cəmi 20 dəqiqə vaxtımı aldı.
- Fərqli ölkə,
tamam yad mədəniyyət... Koreyalılar sizi necə qarşıladılar?
- Koreyaya ilk dəfə gedəndə Dequ şəhərində
qalırdım. İnsanlar xaricilərə çox hörmət edirdilər və çox vaxt yaxınlaşıb şəkil
çəkdirmək istəyirdilər. İllər keçib düzü, bu suala artıq cavab verə bilmərəm,
çünki koreyalılar artıq məni ətrafımdakı yerli əhalidən biri kimi görürlər.
- Koreyalı tələbələrə
Azərbaycanla bağlı dərslər keçirirsiniz. Reaksiyalar necədir, hansı sözümüzü
daha çox xoşlayırdılar?
- Koreyada 2011-ci ildən UNESCO-da, 2014-ci ildən
Seul İcra Hakimiyyətində və Seul Gənclər Mərkəzində Azərbaycan haqqında dərslər
vermişəm. Tələbələrim çox vaxt 7-20 yaş arası məktəblilər olsa da, bəzən böyük
Koreya şirkət sahiblərinə və işçilərinə də Azərbaycan haqqında dərslər verirəm.
Dərslərdən sonra tələbələr hamısı mütləq bir gün Azərbaycana getməyi
arzulayırlar. Tələbələrə Azərbaycan mədəniyyəti həqiqətən də çox maraqlıdır,
insanların salamlaşmasından tutmuş sağollaşmasına kimi. Koreya və Azərbaycan
dili eyni dil qrupundandır: Altay dil qrupu. Bunu istər cümlələrin quruluşunda,
istərsə də hərflərin səslənməsindən hiss etmək mümkündür. Koreyalı tələbələrin ən
tez yadlarında qalan "sağ ol” sözüdür.
Koreyalıların "sağol” adlı yeməkləri var.
- Xarici ölkədə
uğur qazanmaq istəyirsinizsə... cümləsini necə tamamlayarsınız?
- Xarici ölkədə
uğur qazanmaq istəyirsinizsə, ilk olaraq həmin ölkənin dilini və mədəniyyətini əla
səviyyədə bilməlisiniz. Mən də belə etdim. İşimlə əlaqədar Koreyalı iş
adamlarıyla çox görüşürəm və üzbəüz görüşənə kimi heç kim mənim əcnəbi olduğumu
hiss etmir. Universitet ixtisasımdan tamamilə fərqli sahədə işləmiş kimi görünsəm
də, əslində belə deyil. Hazırda gördüyüm iş sosial şəbəkə və mobil müştəri xidmətləri
proqramlarının marketinqidir. Şirkətimizin məhsullarının marketinqi üçün
texnologiya bilikləri mütləqdir. Bir də gənc dostlara məsləhət görərdim ki,
çalışın dərs oxumadığınız vaxtlarda evdə oturmayın, müxtəlif tədbirlərə qatılın
və yeni insanlarla tanış olun. Çünki sabah həmin insanlar sizin əməkdaşlarınız
olacaq.
- Pozitiv
düşüncə əsasdır deyirlər. Sizcə, pozitiv düşüncənin əhəmiyyəti nədir?
- Etməli olduğunuz işi etsəniz və pozitivliyinizi
qorusanız, insanlar həmişə sizinlə birgə işləmək, bir komandada çalışmaq, ətrafınızda
olmaq istəyəcəklər. Ona görə də, mən həmişə pozitiv olmağı üstün tuturam.
- Günə saat
neçədə başlayırsınız. Ümumiyyətlə işlərinizi necə nizamlayırsınız?
- Hər gün səhər saat 6-da dururam. İtlərimi gəzdirib
işə gedirəm. İş təqribən normalda 6-7 arası bitir və sonra dərsə gedirəm, dərs
10-11 arası bitir və evə qayıdıb yenidən balacaları gəzdirirəm. Çox çətin həyat
tərzi kimi görünsə də, bu həyatı çox sevirəm. İşlər həmişə çox olur, amma mən
düşünürəm ki, hələ gəncəm, bu gün çalışıb əlimdən gəldiyi qədər gələcək üçün
öyrənməliyəm.
- 25 yaşınız
var və artıq ailə də, karyera da qurmusunuz. Sevginin motivasiyaedici amil
olduğu deyilir. Sizcə, həqiqətən belədirmi?
- Sevgi motivasiyaedici hissdir, amma ailə ondan da
artıqdır. Mən evlənənə kimi elə düşünürdüm ki, ailə çətinlik, problem, karyeranın
sonu deməkdir. Amma evlilik bütün fikirlərimi dəyişdi. Ailə çox şeyin sonu olsa
da, gözəl həyatın başlanğıcıdır. Keçmişə qayıda bilsəm, daha tez ailə həyatı
qurardım.
- Uğurlu insan
görəndə bəzən deyirlər ki, "bəxt var da”... Bu sözlə razısınızmı? Ümumiyyətlə,
şansa inanırsınız?
- Bəli, inanıram, şans təbii ki, var, amma şansın
arxasında böyük əzab, əziyyət durur. Çoxumuz isə bunu görmək istəmirik.
- Dalay
Lamanın belə bir sözü var: Uğurlarını onları əldə etmək üçün qurban verdiklərinizə
baxaraq dəyərləndirin”. Uğurlu karyera yolunda nələri qurban vermisiniz?
- Ən böyük qurbanım elə vaxtdır. Zamanımın çoxunu
arzu və məqsədlərimə çatmaq üçün sərf etmişəm.
-
Koreyalılarla azərbaycanlıların işə yanaşma tərzi fərqlidir. Sizin bununla
bağlı hansısa çətinliyiniz oldumu?
- Azərbaycandan çıxarkən 18 yaşım var idi, heç bir
şirkətdə işləməmişdim və ilk iş yerim də Koreyada olub. Yəni mənim hazırda işim
çoxlarına çətin gələ bilər. Amma ilk karyera addımlarımı Koreyada atdığım üçün
mənə normal gəlir.
- Facebook
profilinizdə ölkəmizlə bağlı tez-tez məlumatlar paylaşır, Koreyada bayrağımızla
şəkillər çəkdirirsiniz. Çox darıxırsınız? Daha çox nəyin həsrətini çəkirsiniz?
- Kim nə deyir desin ailədən, dostlardan uzaq
yaşamaq çətindir və Koreya dilində nə qədər yaxşı danışsam da, ana dili başqadır.
Mənim istəyim Koreya və Azərbaycan arasında bir körpü olmaqdır və bu yola davam
edirəm.
- Ənənəvi
sualımız. Uğurunuzun sirri nədir?
- Heç vaxt həvəsdən düşməmək. İnsan işini sevməsə,
həvəsdən düşər. İşini iş xatirinə yox,
zövq aldığın üçün görürsənsə, uğur da mütləq səninlə olur.
Aygün ƏZİZ