• çərşənbə axşamı, 19 mart, 13:17
  • Baku Bakı 8°C

Koreya və Azərbaycan arasında körpü olmağa çalışan gənc- Örnək

21.09.18 15:00 2447
Koreya və Azərbaycan arasında körpü olmağa çalışan gənc- Örnək
10 ildir ki, Koreyanın Seul şəhərində yaşayır. O qədər vətənpərvərdir ki, getdiyi gündən könüllü şəkildə Azərbaycanı tanıtmaqla məşğuldur. 2011-ci ildən UNESCO-da, 2014-ci ildən Seul İcra Hakimiyyətində və Seul Gənclər Mərkəzində Azərbaycan haqqında dərslər verib. Tələbələri çox vaxt 7-20 yaş arası məktəblilər olsa da, bəzən böyük Koreya şirkət sahiblərinə və işçilərinə də Azərbaycan haqqında dərslər verir. Deyir ki, dərslərdən sonra tələbələr hamısı mütləq bir gün Azərbaycana getməyi arzulayırlar. Məhz bunu əməyinin qarşılığı və uğuru hesab edir.
"Örnək” rubrikamızın qonağı Koreyada ölkəmizi təmsil edən həmyerlimiz Nihat Xəlilzadədir. Nihat həm də Koreyada yemək yarmarkasında Azərbaycan yeməklərini tanıdıb.

Azərbaycanlılar adına xeyriyyə aksiyası

Həmsöhbətimiz hazırda Koreya şirkətində xariclə əlaqələr üzrə mütəxəssis kimi çalışır. Həmçinin magistratura dərəcəsində Soongsil Universitetinin İnformasiya Texnologiyalarının Menecmenti ixtisasında təqaüdlə təhsil alır: "Ayda 5 dəfə könüllü olaraq Azərbaycan haqqında dərslər verirəm və həftə sonu Azərbaycanı müxtəlif ekspo, festival və tədbirlərdə təbliğ edirəm. Təbliğatda milli təamlarımız və tanıdıcı bukletləri koreyalılara təqdim edirik və tədbirdə yeməklərin satışından əldə etdiyimiz qazancın bir hissəsini azərbaycanlılar adından xeyriyyə aksiyasına təqdim edirik”.

"Sağol” adlı yemək də var”

Nihat deyir ki, koreyalı tələbələrə Azərbaycan mədəniyyəti həqiqətən də çox maraqlıdır: "Koreya və Azərbaycan dili eyni dil qrupundandır: Altay dil qrupu. Bunu istər cümlələrin quruluşundan, istərsə də hərflərin səslənməsindən hiss etmək mümkündür. Koreyalı tələbələrin ən tez yadlarında qalan "sağ ol” sözüdür. Koreyalıların "sağol” adlı yeməkləri var”.
Müsahibimizin sözlərinə görə, koreyalılar onu TV proqramlarından tanıyırlar: "Koreyada Beynəlxalq Turizm Sərgisində Azərbaycan yeməklərini təqdim etdim. Çox gözəl oldu. Minlərlə koreyalıya Azərbaycanı tanıtmağa çalışdıq. İnsanların çoxu məni televiziya proqramlarından tanıdıqlarını və dəstəklədiklərini söyləyirdilər. Azərbaycanı tanıtmaq səbəbkarı olmaq həqiqətən də çox gözəl hissdir. Dediyim dərslər yaddan çıxsa belə, əminəm ki, bişirdiyim yeməyin dadını unutmazlar”.

Azərbaycanlı ailənin Koreyada missiyası

Nihat deyir ki, onun Koreyada Azərbaycanı tanıtmaq adına gördüyü işlər təkcə vətənpərvərlik deyil, həm də ailəsinin missiyasıdır: "Mən artıq illərdir belə könüllü işlə məşğulam. Əvvəllər təbii ki, vətəndaş olaraq borcumu yerinə yetirdiyimi düşünürdüm. Amma bu, vətənpərvərlikdən əlavə, artıq bizim ailənin Koreyadakı missiyasıdır. Biz ailəlikcə Koreyada Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq və bunun üçün əlimizdən gələni edirik”.
Məlumat üçün bildirək ki, Nihat həm də Koreyada ilk dəfə Azərbaycan restoranı açıb: "Mən əvvəl Koreyada ilk Azərbaycan restoranını da açmışdım, lakin gözlədiyimiz nəticələri əldə edə bilmədiyimiz üçün restoranı bağlamalı oldum. Həmin vaxt Koreyada Azərbaycan yaxşı tanınmadığına görə, alıcı kütləsi çox az idi. Amma artıq tədbirlərdə iştirak etdikcə, görürük ki, Koreyada Azərbaycanı sevənlər, Azərbaycana marağı olanlar çoxdur”.

"Koreyalılar ət qutabını çox sevir”

Nihat deyir ki, beynəlxalq sərgiyə azərbaycanlı ailə kimi koreyalılar tərəfindən xüsusi dəvət olunublar: "Həmin sərgi Beynəlxalq Turizm Eksposu idi və dünyanın müxtəlif ölkələrindən turizm şirkətləri gəlib öz ölkələrinin təbliğatını aparırdılar. Təbliğat yeməklərlə, suvenirlər və rəqslə və s. ilə aparılırdı. Biz də həmin tədbirin təşkilatçısından xüsusi dəvət aldıq və iştirak etməyə qərar verdik”.
Nihat sərgilədiyi yeməkləri həyat yoldaşı ilə birlikdə özü bişirir. Deyir ki, Koreyada ən çox bəyənilən yeməklərimiz qutab, qovurma, dolma və çörəkdir: "Yeməkləri bütün sərgilərdə özümüz bişiririk. Əvvəllər demək olar, ən çətin hazırlanan yeməklərdən tutmuş, bütün yeməkləri hazırlayırdıq. Amma artıq koreyalıların xoşladığı və tez hazırlana bilən yeməkləri hazırlayırıq. Ən çox bəyənilən qutab, qovurma, çörək, dolmadır. Düşünürəm ki, bir gün yenidən restoran açsam, qutab restoranın brendinə çevriləcək. Çünki koreyalılar çox bəyənirlər. Onlar göyərti xoşlamırlar. Ona görə mal və toyuq əti ilə qutablar hazırlamışdıq. Həmçinin çörəklər, kətə, pirojna, brauni, kekslər və suvenirlər də sərgiləyirdik”.


"Elşən, Əli adlı koreyalılar var”

Həmsöhbətimiz deyir ki, sərgidə koreyalılardan çox özləri təəccüblənib: "Koreyalılar bizi çox təəccübləndirdilər. Çünki müxtəlif ölkələrdən gəlib yeməklərimizin dadına baxanlar arasında artıq Azərbaycanda ən azı bir dəfə olanlar çox idi və Azərbaycan dilində bir-iki söz bilirdilər. Həmçinin müxtəlif ölkələrdən nümayəndə kimi gələn azərbaycanlılar da var idi. "Salam”, "yaxşı” sözlərini çox gözəl tələffüz edirdilər. Ən maraqlısı isə, Elşən, Əli adlı koreyalılar var idi”.
Nihat özü Koreyaya ilk dəfə gələndə, yeməklərlə bağlı çətinliyi olub. Deyir ki, əvvəllər məhz yeməklərə görə Koreyaya gəldiyi üçün peşman olub: "Mən ilk dəfə Koreya yeməyi yeyəndə, bura gəldiyimə peşman olmuşdum. Müəyyən müddət sonra artıq bütün yeməkləri doğmalaşdı. Evlilikdən sonra evdə çox vaxt Azərbaycan mətbəxinə üstünlük verir, gəzintiyə çıxdıqda isə, Koreya yeməklərini dadırıq”.
Nihatın məqsədi Koreya və Azərbaycan arasında körpü olmaqdır: "Azərbaycandan çıxarkən 18 yaşım var idi, heç bir şirkətdə işləməmişdim və ilk iş yerim də Koreyada olub. Yəni mənim hazırda işim çoxlarına çətin gələ bilər. Amma ilk karyera addımlarımı Koreyada atdığım üçün mənə normal gəlir. Bununla yanaşı, dostlardan uzaq yaşamaq çətindir və Koreya dilində nə qədər yaxşı danışsam da, ana dili başqadır. Mənim istəyim Koreya və Azərbaycan arasında bir körpü olmaqdır və bu yola davam edirəm”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər