AZE | RUS | ENG |

Kor bayquşun yuxusu

Kor bayquşun yuxusu
Həyatın elə məqamları var ki, yaşantılar, hadisələr insana yuxu kimi gəlir. O hadisələrin məğzinə doğru səmt aldıqca, mahiyyətinə vardıqca dürlü düyünlər başqa bir yuxuya qapı açır, beləcə bu zəncirvarı yuxular, yaşanmış "qeyri-reallıqlar” insanı daha da dolaşığa salır... Gərək zülmətə şirnikməyəsən...
 
"Süjet”, yaxud əvvəl hanı, son hanı?
Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır. Sağ qalan onun atasıdır, yoxsa əmisi –  bilinmir? Çölə çıxan – sağ qalan yaddaşını itirir və oğlunu (baş qəhrəmanı – görəsən o baş qəhrəmandırmı?) tanımır deyə, güman edirlər ki, ölən uşağın atasıdır. Beləcə, qəhrəman öz valideyninin sağ qaldığını, yoxsa öldüyünü ömrü boyu bilmir. 
Sonra bibisi qızı onu şərləyir, öpür, onunla gecələdiyini deyir və beləcə bu böhtan ucbatından o, həmin qızla evlənməli olur. Daim başqa kişilərlə yatıb ərinə üz göstərməyən həmin qadın onun bütün həyatını məhvərindən qoparır, saysız bədbəxtliklərinə havadar olur. Qadınını öldürdüyü gün ilk dəfə ər-arvad kimi sevişirlər və onların həzz anlarını qadının canına yeriyən bıçaq ağrısı kəsir. Qəhrəmanın sonrakı həyatı ağrıların xəyalata çevrilməsinə, yaddaşının onu dəliyə döndərməsinə gətirib çıxarır. Roman burda başlayırmı, bitirmi bilmək olmur...
 
Tül kimi sərhəd
Bu yuxudan, xəyalgörmədən sonra qəhrəman ayılır, onun gerçəkliyi, həqiqi yaşantıları yadına düşür. O, həm yuxuda gördüyü, həm də reallıqdakı cinayətinə görə məsuliyyət daşıyır. İndi onun həyatı öz kölgələrindən ibarətdir, hara qaçsa yaşadığı anlar – dolaşdığı xatirələr ipi onu təqib edəcək. Kölgəsə elə bir "bədən üzvü”dür ki, onu kəsib tullamaq olmur...
 
Yaddaş
Yaddaşın fəsli olmur... Hər kəs yaddaşının sabit iqliminə öyrəşir – gecəsiz, gündüzsüz, vaxtsız, havasız... Qəhrəman və müəllif eyni "yaddaş kanalı”ndadırlar. Bəlkə də müəllif qəhrəman, qəhrəman müəllifdir.
 
Təhkiyə
İki qadın xəyanəti – anasının əmisiylə aşnalığı və arvadının xəyanəti qəhrəmanı insanlıqdan çıxarır – kor bayquşa çevirir, o işıqlı dünyasını içinin qaranlığı ilə boyayır. Ancaq əsər boyu hər şey olub bitmiş, yaşanılmış və artıq geri qaytarılması mümkün olmayan anların ifadəsi kimi əks etdirilir. Xatirələr hamısı realizm, indiki anın təsviri isə magik realizm təsiri bağışlayır. Bu gün və dünən isə o keçmişin qaranlığı ilə mistikləşib. Sanki keçmiş indini əfsunlayıb, cəhənnəmə çevirib. Bir vaxtların adi hadisələri indiki zaman təhkiyəsində kabus təsiri bağışlayır. Yazıçı bu üsulla iki zaman, iki təhkiyə, iki keçid arasında qırılmaz əlaqə yaradır və bundan ona, ondan buna adlamaq məhz bu metodla təbii, axarlı görünür. 
 
Üslub
Roman başladığı yerdə bitib. Süjet zamanın irəliləməsi – vaxt axarı ilə tamamlanmır, qəhrəmanın içinə, yaddaşına doğru yol alır. Əsərin əsas hissəsini qəhrəmanın düşüncələri, daxili təbəddülatları təşkil edir – roman qəhrəmanın gözəllik vurğunu olması, bir qadını unuda bilməməsi yaddaşındakı insanların (atası, anası, əmisi, arvadı) xəyalında görünüb itməsi ilə başlayır, ancaq onun bu hallusunasiyalar, beynində formalaşdırdığı obrazların arxasında bəlkə də gerçək bir həyat tarixçəsi var. Xəyal daha gözəl görünənlər reallıq onun həyatını cəhənnəmə çevirən məqamdır. 

Qadın obrazı
O, öldürdüyü qadına sanki vurulur, bu (ayağısürüşkən arvadı) gözəlliyi öləndən sonra qəhrəmana təbii gəlir. Çünki sağ olanda o gözəllik başqalarını əyləndirməyə, həzli dəqiqələr yaşatmağa, "adamotunun dişi tayı kimi əks tərəfin bədəninə dolanmağa xidmət edirdisə”, öləndən sonra – o mənfur ruh, o murdar xislət həmin qadının canından çıxır və o qadın cismani gözəlliyi ilə, üzündəki cizgilərin təbiiliyi ilə qəhrəmanın gözü qarşısında yenidən "dirilir”. Fahişə ölümüylə məsum körpəyə çevrilir – çünki onu pis yola çəkən ruhu – xisləti daha onunla deyil, o ancaq yaradılış gözəlliyindən ibarətdir, artıq damarlarında qaynayan qanı onu şəhvətə səsləmir, donan qanı onu süstləşdirib, müqəddəs sükuta qərq edib. Sevdiyimiz mənfi xislətli insanlar bizdən ya ölümlə, ya da məcburi ayrılıqla uzaq düşəndə biz onları yenidən sevirik. Çünki daha ondan növbəti pislikləri görmürük, sanki vaxt keçdikcə, məsafə uzandıqca qəlbimizdə günahsızlaşır. Beləcə, qismən də olsa, qarşı tərəfi bağışlayırıq.
 
Çevrə
Qəhrəman öldürdüyü qadını doğrayıb çamadana yığır, çöldə bir qocaya rast gəlir və o qoca meyiti qəbiristanlığa aparıb, basdırır. Qəbirin yerindən bir kuzə çıxır, qoca onu zəhmətinin əvəzi kimi qəbul edir. O kuzə Rey şəhərindən qalıb. Qəhrəmanın illüziya təsiri bağışlayan yaşantılarının içində qəribə bağlılıq, ələləlik, zəncirvarilik var. Çünki anası uşaqkən qəhrəmanı bibisinin yanına qoyub, övladının əmisiylə özgə yurda köçəndə onun boynuna kobra zəhəri olan bir şüşə taxır. Bu şüşə həm atasının ölümünü, həm anasının vəfasızlığını, həm də ümumən ölümün varlığını ona unutdurmur. Ancaq o da atası kimi qadın xəyanətinin qurbanına çevrilir, anasından daha pis xislətli qadına ürcah olur, yaxın bildiyi insanlar onun qadını ilə həzli anlar keçirirlər. Deməli, xəbərdarlıq insanı xəyanətdən, vəfasızlıqdan qoruya bilmir. 

Belə bir nəğmə
Əsərdə qəhrəmanın qulağına tez-tez bu nəğmənin səsi gəlir:
 
Gəlin gedək a dostlar,
Bir qədər şərab içək,
Fürsəti qaçırmayaq –
əylənməyin vaxtıdır
Badələri qaldıraq,
Sağlıq deyib şənlənək!
Bu adi şərab deyil,
Şəhr-i-Rey şərabıdır.
 
Bu şərqini bir dəfə küçədən keçən keşikçilər oxuyur, sonra sövqi-təbii özü dilinin altında zümzümə edir,  bir gün sərxoş küçə gözətçisinin də bu mahnını mızıldadığını duyur. Məlum olur ki, həyatın ömür boyu ona pıçıldadığı ölüm şərqisidir, mahnıdakı "Rey şərabı”sa anasının onun boynundan asdığı "ölüm şərbəti”dir. Kim bilir, bəlkə qəhrəman onu vaxtında içməliydi ki, valideynlərinin yaşadıqlarını yaşamasın? Beləcə, ölüm onu şərdən, xəyanətlərdən qoruya bilərdi.
 
Birinci aldanış 
Romanı nəql edən yazardır. Romanda nəql olunanların əsər, yoxsa reallıq olması bilinmir. Qəhrəman sanki həm yazır, həm də yazılanları yaşayır, qəribəsi budur ki, sanki bütün olanlar – yazmaq və yaşamaq eyni anda baş verir. Bununla da əsərdəki zaman anlayışı sıfır nöqtəsinə dirənir, baxmayaraq ki, iki xətt də "seçilir”, vaxt tam şərtiləşir... 
 
İkinci aldanış
Qəhrəman tiryək istifadəçisidir. Baş verən hadisələr nə zaman hallanma, gözəgörünmə, nə zaman yuxu, nə zaman gerçəklikdir bunu bilmək müşküldür. Ancaq bu da aydındır aydın ki, onların hər biri var. Keçidlər elə qurulub ki, sərhədləri tapmaq başqa bir sərhəddi itirmək hesabına başa gəlir. Qəhrəman (həm də oxucu) birinci "tapdığını”, ikinciyə çatanda "bilməyərəkdən əlindən salır” və özü  də bunun fərqində olmur.  Və beləcə yuxarıdakı hər iki aldanışa "müəllif ustalığı” adı qoymalı oluram.
 
Üçüncü aldanış
Əsərin harada yuxu, harada xəyal, harada qarabasma, harada geçəklik, harada başqa bir bədii əsər olduğunun sərhədi itir. Bununla da məlum olur ki, oxucunun yadında saxladığı süjetin özü ənənəvi anlamda mövcud deyil. Belə olduğuna görə, bir sıra qəhrəmanlar da sanki yoxdur, yəni bütün qəhrəmanlar bəzən sadəcə təhkiyəçidirlər. 
 
İztirab və rüsvayçılıq
İnsan özü-özüylə tək qalanda qəddarlaşır. İnsan düşündükcə günahının daha çox olduğunun fərqinə varır. Hətta hər hansısa günahda dolayısıyla əli olduğunu kəşf edir. İnsan ətrafı üçün danışanda özünü təmizə çıxarsa da, ürəyində isə özünü günahlandırır. Çünki günah öz içimizdə iztirabdır, aşkarda rüsvayçılıq. Ona görə də qəhrəmanın əsəri öz ürəyinə pıçıldayır, romanın bu dərəcədə komplekssiz nəql edilməsi məhz təhkiyəçinin üzünü ürəyinə tutmasıyla bağlıdır.
 
Kafkaya tərəf
Fransa Kafkadan gəlmə nihilizm bu əsərin canına hopub. Əsərdə bircə günahsız, saf qəhrəman yoxdur. Qəhrəmanlar zamanı yox, anı idarə edənlərdir. Hər an isə günahla doludur. Kafkanın vurğunu olan, onun əsərlərini tərcümə edən Sadiq Hidayətin "Şərqin Kafkası” adlandırılması məhz bu cəhətlərə görə əbəs deyil. Əsərdə iki süjetin olması, o süjeti yaza-yaza öz əhvalatını da uydurmaq Kafkanın yaradıcılığında sıx rast gəlinən metoddur.
 
Kafkanın səmti
Sadiq Hidayətin "Kafkanın ismarıcı” əsəri var. Kafkanın "Cəza koloniyası” əsərini tərcümə edərkən bu yazını o əsərə giriş kimi qələmə alıb. S.Hidayət həmin məqalədə yazır: "Adəm övladı tək-tənhadır. Adı-sanı naməlum, doğmaca vətəni olmayan torpaqlarda yaşayır. Heç kəslə münasibət, könül bağlılığı yarada bilmir. Bunu özü də başa düşür. Hər şey onun baxışlarından da bəllidir. Ancaq nələrisə ört-basdır eləmək, özünü aldatmaq istəyir. Məsələn, deyək ki, şəxsiyyəti alçalır və daha onun üçün heç bir dəyər qalmır. Hətta düşüncələrində, davranışlarında belə azad deyil. Başqalarından çəkinir, özünü təmizə çıxarmaq istəyir. Bir səbıb uydurur, o səbəbi başqa bir səbəblə əlaqələndirir. Amma özü də səbəblərin əsirinə çevrilir. Çünki ətrafında hörülən ipdən kənara çıxa bilmir.
Bizə saysız tələlər qurulmuş dünyada itib-batmışıq. Ancaq və ancaq mənasızlıqla əhatələnmişik. Bu hal da bizdə ancaq qorxu-ürkü yaradır. Ancaq içinə sıxışdırıldığımız bu dəhlizdən başımızı dik tutub keçməliyik. Çünki hər tərəfimiz divardı və burda hər an yolumuzu kəsib bizi həbs edə bilərlər. Bizi başımızdan zəncirləndiyimiz məhkumluq həyatı qarabaqara izləyir. Qoyulan qayda-qanunlara nabələdik, bizə yol göstərməli olan adamı da tanımırıq. Kimə sığınmaq istəsək "Bu sənsən?” soruşub baş alıb öz işinin dalınca gedir. Deməli, özümüzə də qaranlıq qalan hansısa günah iş görmüşük, bildiyimiz şeylər də tam mənada bizə aydın deyil”.
Sadiq Hidayətin Kafkanın üslubunu bu şəkildə təhlil etməsi, əslində, dünyaya aid fikirləridir. Bu dünya həm Kafkanın ünvanıdır, həm bizim, həm də Sadiq Hidayətin... Əks halda, hər üçümüz bir ünvanda – yazıda  görüşə bilməzdik.
 
Fərid Hüseyn

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000