• cümə, 19 Aprel, 09:24
  • Baku Bakı 13°C

“Konyak diplomatiyası”nın qurbanı olan demokratiya

14.01.19 19:28 516
“Konyak diplomatiyası”nın qurbanı olan demokratiya
Ermənistanda 20 ildən yuxarı bir müddətdə keçirilən seçkilər kütləvi saxtakarlıqla müşahidə olunsa da, beynəlxalq təşkilatlar bunu "demokratiyanın növbəti qələbəsi” kimi təqdim ediblər. Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı bu məsələyə xüsusi diqqət yetirib.
Belə ki, prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürüb: "Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada "konyak diplomatiyası”nı işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”.
Dövlət başçısı vurğulayıb ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın Ermənistanın xaricdə "konyak diplomatiyası” aparması faktını beynəlxalq birlik qarşısında qaldırmağa haqqı çatır: "Torpaqlarımızın bir hissəsini işğal edən Ermənistanda hər hansı bir demokratiyadan, konstitusiya quruluşundan danışmaq olmaz. Dövlət müstəqilliyinin 27 ilində bu ölkə hərbi xunta rejimi tərəfindən idarə olunub və hakimiyyətə də süngü, insan ölümü ilə gəlib. Ancaq maraqlı odur ki, Ermənistanda seçkiləri müşahidə edən Avropa təşkilatları bir qayda olaraq bu seçkilərə müsbət rəy veriblər. Elə isə sual oluna bilər. Nəyə görə buna göz yumulub və nəyə görə bu seçkilərə vaxtında düzgün qiymət verilməyib? Şübhəsiz ki, burada prezident İlham Əliyevin bildirdiyi kimi, "konyak diplomatiyası” rol oynayıb. Həmçinin xarici ölkələrdəki diaspor təşkilatları bir qayda olaraq Ermənistanı demokratik bir ölkə kimi qələmə verməyə çalışıblar. Azərbaycanın dövlət başçısının iradı bir daha göstərir ki, dünya birliyi ikili standartlardan əl çəkməlidir, hər şeyi öz adı ilə çağırmaq lazımdır.
A.Mirzəzadə əlavə etdi ki, dövlət başçısının iradlarına beynəlxalq təşkilatların reaksiya verəcəyini demək çətindir: "Amma bununla belə, Azərbaycan öz mövqeyini ortaya qoydu. Ermənistandakı seçkilərə müsbət qiymət verən beynəlxalq təşkilatlar, əlbəttə ki, bundan xəcalət hissi keçirməlidirlər”.

Milli Məclisin deputatı, professor Musa Qasımlı vurğuladı ki, Prezident İlham Əliyev nitqində Ermənistanda demokratiyanın mövcud olmadığını diqqətə çatdırdı: "Məlumdur ki, SSRİ dağıldıqdan sonra Ermənistanda keçirilən bütün seçkilər kobud şəkildə saxtalaşdırılıb, heç bir zaman ermənilərin iradəsini ifadə etməyib. Levon Ter-Petrosyan terrorçu, kriminal, uşaq qatili Robert Koçaryan tərəfindən devrildi. Ondan sonra hakimiyyətə gələn Serj Sarkisyan isə Nikol Paşinyan tərəfindən devrildi. Onların hər biri hakimiyyətə gəldikdən sonra keçirdikləri saxta seçkilərdə qələbə çalıblar. Dünən səs çoxluğu alan qüvvə bu gün - çevrilişdən az sonra keçirilən seçkidə parlamentdə yer qazana bilməyib. Bu, "Ermənistan demokratiyası”nın özünəməxsusluğu, seçki karikaturası və əslində gülünc bir vəziyyətdir. Lakin ən qəribəsi bəzi beynəlxalq təşkilatların həmin seçkiləri "demokratik” adlandırmasıdır. Onlar əvvəllər seçkilərdə böyük üstünlüklə qələbə qazanan qüvvənin parlamentdə nə üçün yer tuta bilməməsinin üstündən sükutla keçirlər. Bu, bir tərəfdən dünyada mövcud olan ikili standartlarla, digər tərəfdən isə Ermənistanın ənənəvi "konyak diplomatiyası” ilə bağlıdır. Burada seçki keçirilməzdən əvvəl hansı xarici ölkədən kimlərin müşahidəçi kimi gələcəyi, hansı rəylər yazacağı bəlli olur”.
Deputat hesab edir ki, satın alınmış və Ermənistana hazır hesabatlarla gələn həmin şəxslər əslində özlərini rüsvay edirlər, seçki müddətində erməni konyakının təsiri altında olurlar: "Ermənistanın xarici siyasətində məqsədə nail olmaq üçün ənənəvi yollardan biri məhz rüşvətlə ələ almaqdır. Rüşvət və korrupsiya Ermənistan hakimiyyəti ilə eyniyyət təşkil edir. Ermənistan hakimiyyəti dedikdə, ilk növbədə, rüşvət və korrupsiya göz önünə gəlir. Lakin Ermənistanın böhrandan çıxmasının əsas yolu qonşuları, ilk növbədə Azərbaycan ilə münasibətlərini normallaşdırmasından keçir. Bunun üçün əvvəlcə işğalçı ölkənin qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalı, işğal faktı aradan qaldırılmalıdır. Əgər bunlar baş verərsə, Ermənistan xalqı da normal şəraitdə yaşaya bilər. Əks təqdirdə, Ermənistanda ümumi böhran davam edəcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər