• cümə, 19 Aprel, 23:16
  • Baku Bakı 24°C

Konstitusiyaya təklif olunan bütün düzəlişlər mütərəqqidir

20.07.16 10:33 2064
Konstitusiyaya təklif olunan bütün düzəlişlər mütərəqqidir
Prezident İlham Əliyev iyulun 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur. Qanunvericiliyə əsasən, Prezidentin təkliflərinə mahiyyəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasına onun dərc olunduğu gündən, yəni iyulun 18-dən ən geci 7 gün keçənədək başlanmalıdır. Prezident Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təklif ilə bağlı Konstitusiya Məhkəməsindən rəy almalıdır. Məhkəmə Prezidentin Konstitusiyanın mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair rəy verməkdən imtina edə bilməz. Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Konstitusiyanın tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul etməlidir. Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilməlidir.
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev bildirib ki, Prezident İlham Əliyevin Referendumla əlaqədar imzaladığı sərəncam bütün hallarda zərurətdən doğan addımdır. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın digər qanunları kimi ana qanunumuz olan Konstitusiyanın da bəzi hallarda yenilənməsinə, müasir dünyanın tələblərinə uyğun təkmilləşməsinə ehtiyac var: "Dünən bu sərəncamla tanış oldum, Referenduma tövsiyə olunan bəzi məqamları gözardı elədim və bir qanunvericilik orqanının nümayəndəsi, bir millət vəkili kimi ilkin gəldiyim qənaət bundan ibarət oldu ki, təklif olunan bütün düzəlişlər müdafiə olunmalıdır. Üstəlik, bir məqamı da altını çizərək qeyd etmək istəyirəm: Referendum ümumxalq səsverməsidir və bu proses nə ictimai-siyasi aktivin, nə də məmurun iradəsi ilə həllinə varmır. Yekunda xalq nə istəyirsə o istəyə uyğun da nəticə hasil olur. Yəni bu, yalnız ilkin mərhələdir, hələ qarşıda ictimai müzakirələr, debatlar, fikir mübadilələri olacaq. Son sözü isə hər zaman olduğu kimi xalq deyəcək. Təbii, qarşıdakı müddətdə destruktiv və uğursuz müxalifətin elə özləri kimi də uğursuz və arqumentsiz təpkiləri ilə üzləşə bilərik. Amma biz sona qədər səbrimizə hakim, qanunpərəstliyimizə sadiq olacağıq. Şəxsən öz adımdan deyirəm ki, Referendumla bağlı qərarı yüksək qiymətləndirirəm və bunu Azərbaycanın gələcəyi naminə atılmış ən mütərəqqi addımlardan biri hesab edirəm”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli də qəzetimizə açıqlamasında deyib ki, dövr və zamanın, tələblərin dəyişməsi, inkişafla əlaqədar olaraq Konstitusiyada müəyyən dəyişikliklərin edilməsi zərurətə çevrilib. Deputatın fikrincə, Konstitusiyaya dəyişiklik üçün irəli sürülən təkliflərdə ənənəvi postsovet və Qərb məkanlarındakı, o cümlədən ABŞ-dakı sistem nəzərə alınıb: "Vitse-prezidentlik məsələsinə baxsaq görərik ki, bu, Amerika sistemidir. Belə bir dəyişikliyin edilməsi zərurətdən yaranıb. Konstitusiyanın 107-ci maddəsinə əsasən Milli Məclis prezidentin səlahiyyətlərinə xitam verə bilərdi. Azərbaycanda Prezidentlik üsul-idarəsi olmasına baxmayaraq, Prezidentin Milli Məclisi buraxmaq səlahiyyəti yox idi. Ona görə də haqlı olaraq belə bir təklif edilir. Bu, Prezident Respublikasının yönünə uyğun haldır. Hazırkı Konstitusiyada Silahlı Qüvvələrin adı var idi, amma Milli Ordunun adı çəkilmirdi. Ona görə də Silahlı Qüvvələrin Azərbaycan Ordusu və digər silahlı birləşmələrdən ibarət olması haqqında müvafiq maddəyə təklif edilən düzəliş də yerindədir. 24-cü maddəyə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi barədə xüsusi bəndin əlavə edilməsi insan haqları sahəsində Konstitusiyanın daha da təkmilləşməsinə, inkişafa kömək edəcək. 29-cu maddəyə xüsusi mülkiyyətlə bağlı təkliflər də var. Burada xüsusi mülkiyyətin sosial öhdəliyinin yaranması, mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilinməsi məsələsi var. Biz son vaxtlar müşahidə edirdik ki, hektarlarla torpaq sahələri kimlər tərəfindənsə zəbt olunub və istifadəsiz saxlanılır. Lakin qanun həmin mülkiyyət sahiblərini müdafiə etdiyindən, o torpaq sahələrini onların əlindən almaq qeyri-mümkün idi. Siyasi tələb, sosial ədalət, torpaqlardan səmərəli istifadəni zərurətə çevirir və həmin torpaq sahiblərinin hüquqlarının məhdudlaşdırılmasını gündəmə gətirir. Ona görə də Konstitusiyaya bu istiqamətdə dəyişikliyi nəzərdə tutan bəndlər əlavə olunacaq. Bu və bu kimi bir çox təkliflər, referendum yolu ilə onların Konstitusiyada əksini tapması insan hüquq və azadlıqlarının təmin olunmasına, insan haqlarının inkişafına kömək edəcək. Burada Konstitusion hüququn inkişafı üçün meyarlar var”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər