• şənbə, 20 Aprel, 07:59
  • Baku Bakı 14°C

Konstitusiyaya dəyişikliklər dövlət idarəçiliyinə çeviklik gətirəcək

31.08.16 10:38 1301
Konstitusiyaya dəyişikliklər dövlət idarəçiliyinə çeviklik gətirəcək
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da ümumxalq səsverməsinin keçiriləcəyi haqda məlumat vermişdik. Konstitusiya Məhkəməsinin də Referendum Aktı layihəsinə müsbət rəy verməsindən sonra həmin gün üçün görülən hazırlıqlar davam etdirilir. Qeyd edək ki, vətəndaşlar "hə” desələr, bundan sonra prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzanacaq, prezident və deputatlığa namizədlər üçün olan minimal yaş həddi aradan qaldırılacaq. Dəyişiklər arasında vitse-prezidentlik postlarının yaradılması da var. Bundan əlavə, prezidentə parlamenti buraxmaq, vətəndaşları mülkiyyət hüququndan, vətəndaşlıqdan məhrum etmək kimi səlahiyyətlər də veriləcək. Bu haqda müxtəlif fikirlər səsləndirildiyini nəzərə alıb, mövzunu millət vəkilləri ilə müzakirə etdik və referendumun hansı nəticələrinin olacağı barədə rəylərini öyrəndik. Millət vəkili Çingiz Qənizadə qəzetimizə açıqlamasında dedi ki, Milli Məclisə üzv seçilməyin 18 yaşa endirilməsi normal qərardır. Çünki 18 yaşı tamam olan biri səsvermədə iştirak edirsə, deməli, ona səs də verilə bilər: "Prezidentin seçilməyə yaş həddini ardan qaldırması insan hüquq və azadlıqlarının təmin olunmasını daha da möhkəmləndirir. Həmçinin prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək. Bu müddət Avropa ölkələrində də var. Düşünürəm ki, həyata keçirilən siyasətin daha yaxşı nəticə verməsi üçün çox zamana ehtiyac var. Seçkilərin 5 ildən bir keçirilməsi xeyli maliyyə vəsaiti tələb edir. Bildiyiniz kimi, hazırda müəyyən qədər çətinlik var və dünyada maliyyə böhranı müşahidə olunur. Ona görə də bu addımı normal hesab edirəm”.
Ç.Qənizadənin fikrincə, vitse-prezidentlik postlarının yaradılması da labüd addımdır. Çünki prezidentin işləri, görüşləri çox olur: "Mən həm də "Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun üzvü kimi qeydiyyatdan keçmişəm. Referendumun təbliğatçısı kimi bu işdə yaxından iştirak edəcəyəm. Referendumdan sonra dövlətin idarəçiliyində daha çevik prosesin baş verdiyinin şahidi olacağıq. Prezident səlahiyyətlərinin müəyyən hissəsini vitse-prezidentlərə həvalə edəcək. Bu, daha operativ fəaliyyətə səbəb olacaq. Məsələn, prezident rayonda açılışlarda olur, daha sonra hansısa qonağı qəbul edir və ya hansısa bir ölkəyə işgüzar səfərə gedir. Yəni onun işgüzar qrafiki var. Bilirsiniz ki, dövlətimiz müəyyən siyasi proseslər üçün "maraqlı” ölkədir. Dövlətimizin öz maraqlarına xidmət etməsi üçün vitse-prezidentlik institutlarının yaradılması vacib idi. Prezidentin parlamenti hansı hallarda buraxa biləcəyinə gəlincə, bu məsələdə də müəyyən qaydalar var. Milli Məclis kollegial qurumların işinin pozarsa, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi hakimlərinin, hökumətin özünün formalaşmasının əleyhinə səs verib, "yox” deyərsə, o zaman prezident parlamenti buraxa bilər. Çünki Milli Məclisin bilərəkdən hər dəfə prezidentin təklif və qanunvericilik təşəbbüsünə qarşı çıxması dövlət orqanlarının işinin pozulmasına, idarəçilikdə ciddi boşluqların yaranmasına səbəb ola bilər. Prezidentin təklifi heç bir əsas olmadan qəbul edilməsə, bu, digər dövlət orqanlarını iflic vəziyyətə gətirəcəksə, parlament buraxıla bilər”.
Çingiz Qənizadə bildirdi ki, Konstitusiya dəyişikliyindən sonra vəzifəsinin öhdəsindən gələ bilməyən deputatların səlahiyyətlərinə xitam verilə biləcək: "Ediləcək dəyişiklikdə deputatların funksiyalarının yerinə yetirilməsi ilə bağlı bir məqam var. Belə ki, Milli Məclisin iclaslarında səsvermə hüququnu yalnız şəxs özü həyata keçirməlidir. Əks halda, deputatın səlahiyyətlərinə xitam verilə bilər. Bunu doğru qərar sayıram. Əgər deputat işini düzgün görmürsə, onun Milli Məclisdən kənarlaşdırılması normaldır. Bu qərar həm də onlarda məsuliyyət hissini artıracaq. Yəni deputatlar iclaslarda və qərarların qəbul edilməsində aktiv iştirak etməlidirlər. Qanunun qəbulunda iştirak etməmək birbaşa, məsuliyyətsizlikdir. Qısası, dəyişikliyi müsbət addım kimi dəyərləndirirəm”.
Millət vəkili Fəzail Ağamalı da Konstitusiyaya dəyişikliyin Azərbaycanda demokratik proseslərin inkişafına bir qədər də yardım edəcəyini düşünür: "Dəyişiklik insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni təqdim olunan və sentyabrda keçiriləcək Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib. Bəzi şəxslərin opponent xarakterli fikirlərinin heç bir əsası yoxdur. Azərbaycanda keçiriləcək referendum nəticəsində müəyyən çağırışlara cavab tapılacaq. Dəyişikliklər inkişafa ciddi töhfələr vermək üçün hüquqi əsaslar yaradacaq”.
Millət vəkili onu da qeyd etdi ki, prezident seçilmək üçün yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə söykənir: "18 yaşdan yuxarı özünü təsdiqləmiş şəxslər seçki prosesinə qatıla, etimad qazanaraq səs toplaya bilərlər. Prezidentin 7 illiyə seçilməsi də düzgün yanaşmadır. İdarəetmə sistemi daha da yaxşılaşacaq. Prezident məşğul olduğu vaxtda vitse-prezidentlər ona yardım edəcək”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər