AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Konstitusiyaya dəyişiklik Paşinyanı xilas edəcəkmi?

Konstitusiyaya dəyişiklik Paşinyanı xilas edəcəkmi?

Təfsilat
03 İyul 2020, 12:45 186
Ermənistan parlamenti 5 il əvvəl qəbul edilən konstitusiyaya yeni dəyişiklikləri təsdiqlədi.

Qanunverici orqanın növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçirilməsi haqqında qanun layihəsi 81 deputatın lehinə səs verməsi ilə qəbul olundu.

Bu ölkə parlamentinin 132 üzvü var. Onlardan 88-i hakim "Mənim Addımım” Partiyasının təmsilçiləridir. Parlamentdə Çiçəklənən Ermənistanın 25, İşıqlı Ermənistanın isə 17 deputatı var. Bir deputat isə bitərəfdir. Müxalifətin iştirak etmədiyi müzakirə qanunsuz sayılır.

Onu da xatırlatmaq yerinə düşər ki, aprelin 5-də Konstitusiya Məhkəməsinin əvvəlki hakimiyyətdən qalan hakimlərin səlahiyyətlərinin dayandırılması ilə bağlı əsas qanuna dəyişiklik edilməsi üçün referendumun keçirilməsi planlaşdırılmışdı. Ümumxalq səsverməsinə çıxarılması nəzərdə tutulan layihə hakimlərə 70 yaşadək, hər birində 6 il müddətinə iki dəfə Konstitusiya Məhkəməsinə üzv seçilmək hüququ verəcək. Ancaq koronavirusla bağlı yaranmış vəziyyət referendumun qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olub.

Parrlamentdə qəbul edilən dəyişikliklərə əsasən, Qrayr Tovmasyan və 12 ildən artıq müddətdə bu qurumda işləmiş 3 hakimin səlahiyyəti dayandırılır. Ən mübahisəli və hakimiyyət üçün prinsipial məsələ məhkəmə sədrinin tutduğu vəzifədən uzaqlaşdırılması idi. Çünki o, keçmiş hakimiyyətin nümayəndəsi sayılır. Nikol Paşinyanın qərarlarının və hakim partiyanın parlamentdə qəbul etdiyi qanunlar Konstitusiya Məhkəməsi tərəfindən blok edilirdi.

Baş nazir ölkədə konstitusiya islahatı adı altında köhnə komandanın əsas fiqurlarından birini də zərərsizləşdirdi. N.Paşinyan və onun komandası düşünür ki, Q.Tovmasyan hakimiyyət daxilində müxalifətə, yaxud hakimiyyətdəki bəzi şəxslərin formalaşdırdığı qrupa başçılıq edir.

Parlamentin qərarından əvvəl N.Paşinyan bildirmişdi ki, ölkənin məhkəmə sistemində yaranmış böhranın səbəbi hakimlərin, o cümlədən Konstitusiya Məhkəməsi hakimlərinin əksəriyyətinin keçmiş hakimiyyət dövründə təyin edilməsi ilə bağlıdır: "Bu Konstitusiya Məhkəməsi xalqı deyil, Serj Sarkisyanın korrupsiyaya batmış rejimini təmsil edir və ləğv olunmalıdır”.

Onun sözlərinə görə, Q.Tovmasyan Serj Sarkisyanın "ömürlük hakimiyyət başında qalması üçün konstitusiya yazması” müqavilində 65 yaşına qədər məhkəmə sədri vəzifəsində oturmaq hüququ qazanıb.

Qrayr Tovmasyan 1970-ci il iyunun 8-də Ermənistanın Ararat vilayətinin Darakert kəndində anadan olub. O, ehtiyatda olan mayordur. 1998-ci ildən Rusiya-Erməni Universitetində dərs deyir. 2006-cı ildən Avropa Şurasının Yerevandakı məktəbində siyasi kurslarda mühazirə oxuyur. Özü də bu məktəbin məzunudur. 2010-cu il dekabrın 17-dən 2014-cü il aprelin 30-dək Ermənistanın ədliyyə naziri işləyib. 2017-ci il aprelin 2-də o vaxtkı hakim Respublikaçılar Partiyasından deputat seçilib. 2018-ci il martın 2-də Konstitusiya Məhkəməsinin üzvü təyin edilib və həmin il martın 21-dən isə məhkəmənin sədridir.

Ehtimal etmək olar ki, N.Paşinyan 2 ildən sonra hakimiyyətini möhkəmləndirmək məqsədilə bir mərhələni də geridə qoya bildi. Amma "Mənim Addımım”ın lideri daha bir neçə addım atmazsa, qısa bir zamanda devriləcək.

N.Paşiyan hazırda ölkədə koronavirusla bağlı yaranan vəziyyətdən sui-istifadə edərək fövqəladə vəziyyət rejimini uzatmaqla şəraitə nəzarət etməyə çalışır. Hələlik buna nail olur. Ancaq 4 mln. ABŞ dolları girovu qarşılığında keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğv edilməsi, onun azadlığa buraxılması keçmiş hakimiyyəti, yeni müxalifəti və onun ətrafındakıları fəallaşdırıb.

Yeni müxalifət parlamentin konstitusiyaya dəyişiklikləri qəbul etməsini etirazla qarşılayıb və Baş Prokurorluq qarşısına toplaşıblar. Onlar bir neçə deputat və hökumət başçısı tərəfindən hakimiyyətin ələ keçirildiyinə dair müraciəti prokurorluğa təqdim ediblər.

Bu prosesin ən fəal iştirakçıları daşnaklar, sədri Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan olan yeni yaradılmış Vətən Partiyası və milyonçu deputat Qaqik Sarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyasının üzvləridir.

Ötən gün milyonçu partiya sədri Sarukyan və oğlu Niverin koronavirusa yoluxduğu barədə xəbər yayıldı. Bu yaxınlarda barəsində cinayət işi açılmış Q.Sarukyanın oğlu Niver Sarukyan dindirilmək üçün istintaq orqanına çağırıldığı zaman onun COVID-19-a yoluxduğu bəlli olub. Onların istintaqdan yayınmaq üçün infeksiyaya yoluxmadan bəhanə kimi istifadə etdikləri ehtimal olunur. Çünki R.Koçaryanın həbsi və azadlığa buraxılması yeni müxalifət üçün bir təcrübədir. Onlar vaxt və maliyyə itirməmək üçün həbsxanaya düşməməyə çalışırlar.

Koronavirus N.Paşinyanın da əlinə oynadı. O, ümumxalq səsverməsi ilə referendumda məğlub olacağından çəkinərək pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb, məsələni parlamentdə həll etməyə üstünlük verdi.

Nikolun və təmsil etdiyi siyasi qüvvənin "islahat”la bağlı işləri, yaxud öz nüfuzunu təsdiqləmək üçün görülməsi vacib olan əsas işlər başa çatmayıb. Heç şübhəsiz, bunlardan ən başlıcası prezidentlə baş nazirin səlahiyyətlərinin bölüşdürülməsidir. Hələ 2018-ci ilin yayında Ermənistan prezidenti Armen Sarkisyan ölkə konstitusiyasında hakimiyyətin fəaliyyətinin balanslaşdırılması məqsədilə əsas qanunda dəyişikliklər aparılmasının vacibliyini bildirmişdi. İndiki konstitusiya 2015-ci ilin dekabrında keçirilən referendumda qəbul olunmuşdu. Bu əsas qanun o vaxtkı prezident Serj Sarqsyanın baş nazir olması üçün hazırlandığından səlahiyyət bölgüsündə prezidentin "payı” az olub. "İnqilab"dan sonra Armen Sarkisyan səlahiyyətlərinin artırılmasını istəmişdi. Ancaq onun istəyi baş verənlər fonunda təxirə salınmışdı.

Onu da xatırladaq ki, 2018-ci ildə Dağlıq Qarabağla bağlı danşıqlarda Ermənistanı prezident, yoxsa baş nazirin təmsil etməsi mübahisəyə səbəb olmuşdu. İndi dövlət başçısı da öz iddiasını ortaya qoymağa başlayıb. A.Sarkisyan parlamentin iyunun 30-da "Konstitusiya Məhkəməsi haqqında” və bununla bağlı digər qanunlara qəbul etdiyi sənədləri imzalamayacağını bildirib. Bunu prezidentin baş nazir N.Paşinyana ismarıcı, yaxud ağ əlcək atması kimi də qəbul etmək olar.

A.Sarkisyan keçmiş hakimiyyətin mirasıdır. O, ya N.Paşinyana qoşulub səlahiyyət müddətini başa vurmalı, ya da müxalifətə qoşulmalıdır. Ölkə prezidentinin bu addımı daha çox müxalifətə meyil etməsindən xəbər verir. Belə görünür ki, A.Sarkisyanın köhnə komanda ilə birlikdə fəaliyyət göstərməsi üçün ismarıc gəlib, tövsiyə verilib. Çünki bir müddət əvvəl parlamentdəki qərbyönlü sayılan İşıqlı Ermənistan fraksiyasına hökumətlə müxalifət arasında seçim etmək təklif olunmuşdu. Bu baxımdan N.Paşiyan bir müddət həyata keçirəcəyi işi bir az tezləşdirə bilər. Başqa sözlə, dəyişikliyi imzalamaması A.Sarkisyanın prezidentliklə vidalaşmasına səbəb ola bilər.

R.Koçaryanın həbsdən çıxması N.Paşinyanın müxalifətini ruhlandırır. Baş nazir isə ona qarşı çıxanların məhv olacaqlarını bəyan edir.

Konstitusiyaya dəyişikliyin qəbulu isə hökumət başçısına əlavə stimul verib. Koçaryanla bağlı cinayət işi hələ bağlanmayıb. Bu baxımdan Nikol onu yenidən həbs etdirməklə müxalifəti məyus edə bilər. Yaxud Robertin tayı, yerlisi Serj Sarqsyanla bağlı yeni cinayət işi başlayaraq vəziyyəti öz xeyrinə dəyişə bilər. Bundan başqa, baş nazir Rusiya ilə danışığa gedər, Serj Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri, Paşinyanın siqaret, silah və briliant qaçaqmalçılığı ilə məşğul olduğunu açıqlayan Mikael Minasyanı Koçaryanla dəyişə bilər.

Bununla o, həm Rusiya ilə yaranmış gərginliyi azaldar, həm də müxalifəti daha bir müddət susdura, cəmiyyətdəki etirazçılara güc nümayiş etdirə bilər.

N.Paşinyan hələlik hakimiyyətini Konstitusiya Məhkəməsinin sədrindən xilas edib. Bununla ölkənin əsas qanunda nəzərdə tutulan islahatın bir mərhələsi hökumət üçün həyata keçmiş sayılır.

Beş ilə əvvəl - 2015-ci il dekabrın 6-da Ermənistanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilib. Səsvermədə iştirak edən vətəndaşların 63,35 faizi dəyişikliyin lehinə, 32,35 faizi əleyhinə səs verib. Həmin islahatla Ermənistan prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçib. Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçir. Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirir, silahlı qüvvələr hökumətə tabe olur, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edir.

Müstəqillik əldə etdikdən sonra Ermənistanın ilk konstitusiyası 1995-ci ildə qəbul olunub. Bundan 3 il sonra o vaxtkı prezidenti Ter-Petrosyan istefaya göndərilib. 2005-ci ildəki dəyiklikdən 3 il sonra R.Koçaryan hakimiyyəti Serj Sarqsyana təhvil versə də, ona qarşı cinayət işinin istintaqı davam edir. 2015-ci ildə baş verən dəyişiklikdən təxminən 3 il sonra S.Sarqsyan istefaya göndərildi. Halbuki o, dəyişiklik nəticəsində uzun müddətə hakimiyyətdə qalacağına ümid edirdi. Ancaq 2018-ci ilin yazındakı hadisələr ona 30 gündən artıq baş nazir olmasına imkan vermədi. Yeri gəlmişkən, S.Sarqsyanın məhkəməsi koronavirusa görə avqustun 6-dək təxirə salınıb. Prokuror bu qərara etiraz etsə də məhkəmənin hakimi koronavirusla bağlı şəraiti əsas göstərib.

Konstitusiyaya edilən son dəyişiklik N.Paşinyana hakimiyyətini gücləndirməyə, ömrünü uzatmağa imkan verəcək? Hələlik Ermənistanda müxalifətin ayaq səsləri daha aydın eşidirilir. Bəlkə, elə buna görə Armen Sarkisyan dəyişikliyi imzalamadı.