Konfutsi İnstitutunda Beynəlxalq Ailə Günü qeyd edilib
Azərbaycan Dillər
Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq
Ailə Gününə həsr olunmuş "Azərbaycan
və Çin uşaqlarının tərbiyəsi ənənələri” mövzusunda elmi tələbə seminarı
keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru
professor Rafiq Abbasov "Kitabi Dədə Qorqud” qəhrəmanlıq eposunda ailə ənənələrinə
verilən yüksək dəyər haqqında danışıb.
Bildirib ki, oğuzlar üçün ailənin əsas dəyəri uşaqlar sayılırdı,
valideynlərin vəzifəsi onların fiziki və mənəvi inkişafına xüsusi diqqət yetirməkdən
ibarət idi. R. Abbasov eyni zamanda
uşaqların yetişdirilməsində Konfutsizmin rolundan danışaraq, dahi çinli filosof
Konfutsinin "Dövlət böyük bir ailədir və ailə isə kiçik bir dövlətdir” sözlərini
xatırladıb.
Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi
Çen Siaocen "Uşaqlıq dövründən təhsil”,
"Sevgi və şiddət”, "Dürüstlük”, "Valideynlərin şəxsi nümunəsi” kimi prinsiplərə
əsaslanaraq, Çində ailə təhsilinin ənənələri haqqında danışıb. O, həmçinin qeyd
edib ki, Çinin ənənəvi təhsili müstəqil, çalışqan, nəzakətli və sədaqətli
uşaqların yetişdirilməsini qarşısına məqsəd qoyub.