Konfutsi İnstitutu ilə Şərqşünaslıq İnstitutu arasında müqavilə imzalanıb - Fotolar
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən
Konfutsi İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında müqavilə
imzalanıb. ADU-nun İnformasiya Departamentindən "Kaspi”yə bildirilib ki, müqaviləni
Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər
Baxşəliyeva, ADU-nun nəzdində Konfutsi İnstitutunun direktorları Li Jinhua və
Rafiq Abbasov imzalayıb.
Tədbirdə çıxış edən G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi
istiqamətləri barədə məlumat verib, institutda tədqiqatlar aparıldığını söyləyib.
Çinşünaslıq üzrə tədqiqatların institutda Asiya-Sakit Okean ölkələri regionu
şöbəsində aparıldığını bildirən G.Baxşəliyeva qonaqlara institut əməkdaşlarının
çinşünaslığa dair nəşr olunan kitablarını təqdim edib.
Şərqşünaslıq İnstitutunda Çinlə bağlı tədqiqatların aparılmasından məmnunluğunu
bildirən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Vey Cinhua ölkələrimiz arasında elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini
qeyd edib, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Şərqşünaslıq
İnstitutunun gələcək əməkdaşlığının səmərəli olacağına əminliyini ifadə edib.
O, eyni zamanda ölkələrimiz arasında əlaqələrin yaranmasında və inkişafında Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham
Əliyevin əvəzsiz xidmətlərini vurğulayıb.
Konfutsi İnstitutunun direktorları Li Jinhua və Rafiq Abbasov isə
çıxışlarında institutlar arasında əməkdaşlığın perspektivlərindən söz açıblar.
Tədbirdə həmçinin səfirliyin Siyasi məsələlər və ictimai əlaqələr
şöbəsinin müdiri Cen Hay Nin də iştirak edib.
Qeyd edək ki, müqavilədə birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi
işçilərin mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, Şərqşünaslıq
İnstitutunda ADU-nun nəzdində Konfutsi İnstitutunun fəaliyyətinin təmin edilməsi,
kitabların nəşri, Çin dilinin tədrisi üzrə xüsusi kursların təşkili, elmi ədəbiyyatla
və əlavə materiallarla təminat və s. məsələlər nəzərdə tutulub.