• çərşənbə axşamı, 19 mart, 09:16
  • Baku Bakı 8°C

“Konduktor”luqdan Azərbaycan millisinə gedən yol – Portret

21.04.17 12:30 4135
“Konduktor”luqdan Azərbaycan millisinə gedən yol – Portret

Futzal Azərbaycanda ən çox sevilən idman növlərindəndir. Son illər futzal, daha dəqiqi futzal üzrə milli komandamız azarkeşlərimizin diqqət mərkəzindədir. Yığmamız ötən il Kolumbiyada təşkil edilən dünya çempionatında 1/4 finaladək irəliləməklə, azarkeşlərin ümidlərini doğrultdu. Millimiz bir neçə gün öncə yenə ölkə futzalsevərlərini sevindirdi. Bakıda təşkil edilən Avropa çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina, Macarıstan və Albaniya ilə oyunlarda maksimum nəticə göstərən yığmamız gələn il Sloveniyanın paytaxtı Lyublyanada təşkil ediləcək Avropa çempionatının final mərhələsinə qrup qalibi kimi vəsiqə qazandı.

Həmişə braziliyalı legionerlərin fərqləndiyi millimizdə yerli futzalçıların da yaxşı mənada özünü göstərməsi isə ikiqat sevindirici məqamlardan idi. Millimizin oyunlarında özünü yaxşı tərəfdən göstərən futzalçılardan biri də Xətai Bağırov oldu. Bu dəfə sizə "Araz”ın üzvü, Bakıdakı seçmə mərhələdə meydana çıxdığı oyunlarda yığmamızın qrup qalibi olmasına vurduğu qollarla töhfə verən Xətai Bağırovu tanıdacağıq.
Çətin keçən uşaqlıq, futbola sevgi
Xətai Bağırov 1987-ci il, avqustun 15-də Ağdamda dünyaya göz açıb. Ancaq onun uşaqlığı Bakıda keçib. Xətainin ailəsi hələ Ağdam işğal olunmamışdan bir neçə il öncə paytaxta üz tutub. Ailəsi ilə Bakının Yasamal rayonunda yaşayan Xətainin uşaqlığı küçələrdə top qovmaqla keçirdi. O, uşaqlığını xatırlayarkən, "evə girirdik, çörəyimizi götürüb, yenidən çıxırdıq çölə, gedirdik futbol oynamağa” deyir. O, futbolu sevirdi. Çünki çətin uşaqlıq keçirən, maddi cəhətdən heç də yaxşı vəziyyətdə olmayan ailədə böyüyən Xətainin yeganə sığınacağı futbol idi. Bütün gününü dostları ilə Yasamalın "rezin polya”sında top qovmaqla keçirən yeniyetmə, bununla da məişət problemlərindən bir qədər uzaqda dururdu.
Dərs, iş... yenə futbol
Ancaq çox çəkmir ki, Xətai ailənin dolanışığı üçün özü də can yandırmaq fikrinə düşür. Bir gün dostlarından biri ona marşrut avtobusunda "konduktor” işləməyi təklif edir. Çətin vəziyyətdə olan ailəsinə yardım etmək istəyən Xətai dostunun təklifini qəbul edir və marşrut avtobusunda "konduktor” kimi çalışmağa başlayır. Bağırov həmin günləri hələ də xatırlayır. Hətta vaxtilə yanında çalışdığı sürücünü, Əliağa əmini unutmur, vaxt tapan kimi onunla görüşür: "Bir dostum var idi. Marşrutda "konduktor” işləyirdi. Mənə də məsləhət bildi. Bilirdim ki, ailəmə kömək etmək üçün pis vərdişlərdən uzaq durmalı, çalışıb evə xeyir verməliyəm. Dostum dedi ki, bir nəfər var, çox yaxşı insandır, gedək onun yanında işlə. Əliağa əminin yanında işləməyə başladım. Sağ olsun, mənə çox köməyi dəydi. İndi də onunla, uşaqları ilə görüşürəm. Allah ondan razı olsun. Onunla işləyə-işləyə məktəbə də gedirdim, boş vaxtım olanda isə məhəllədə top qovurdum”.
Məhəllədə yetişən istedad
Dostları daim ona futbola yazılmağı məsləhət bilirdilər. Xətaidə futbola olan həvəsi görən dostu ona xəbər vermədən Adil adlı bir nəfəri onun oyununa baxmağa çağırır. Futbolla əlaqəli olan həmin şəxs Bağırovdakı istedadı görür və ona futbola yazılmağı məsləhət bilir. Maraqlıdır ki, Xətai 15 yaşına kimi heç bir futbol məktəbi keçmir. Onun məktəbi məhəllə olur. Ancaq bu, ona öz istedadını göstərməyə mane olmur. 15 yaşından sonra məsləhətlərə qulaq asan Xətai "Qarabağ”ın aşağı yaş qruplarında məşqlərə getməyə başlayır. Lakin o, Ağdam klubunun heyətində oyunlara çıxmır, ancaq məşqlərlə kifayətlənirdi.
"Universitet”də başlayan peşəkar karyera
Xətai gənclik dövrünə kimi heç bir çempionatda çıxış etmir. Bir müddət sonra isə məhəllə futbolundan gəlmiş gəncin "Neftçi”nin əvəzedici komandasında çıxış etmək şansı yaranır. Lakin o, "ağ-qaralar”ın əvəzedici heyətindənsə, birinci dəstədə çıxış edən "Qafqaz Universiteti” komandasından gələn təklifi dəyərləndirir. O, universitet komandası ilə ilk peşəkar müqaviləsini bağlayır.
Beləliklə, peşəkar futbolun qapıları Xətainin üzünə açılır. Universitet komandasının heyətində birinci divizionda top qovan Bağırov, eyni zamanda Azərbaycan Bədən Tərbiyəsi İdman Akademiyasında da təhsil alırdı. Universiteti bitirdikdən sonra isə hərbi xidmətə yollanır. Əsgərlikdə olduğu müddətdə təxminən 5 ay futboldan ayrı qalan Xətai, sonradan hərbi hissələr arasında təşkil edilən yarışlarda çıxış edir. Hərbi xidmətini başa vurduqdan sonra futbola qayıtmağı planlaşdıran Bağırovun qarşısına özünü futzalda sınamaq şansı çıxır. Xətai bu şansı dəyərləndirir. Beləliklə, onun futzal karyerası başlayır. Növbəylə "Qala”, DST, "Ekol”, "Neftçi” futzal klublarında çıxış edən Xətai, ötən ildən ölkə futzalının flaqmanı sayılan "Araz”la anlaşır.
"Araz”ın xilaskarı
Onun Naxçıvan təmsilçisindəki ilk mövsümü uğurlu alınır. UEFA kubokunun Makedoniyada keçirilən seçmə mərhələsində "Tbilisi Dövlət Universiteti”, "Feniks” və "Jelezarets”lə oyunları yüzfaizli nəticə ilə başa vuran "Araz” qrup qalibi kimi elit-raunda vəsiqə qazanır. Xətai yeni klubunun uğurlu çıxışına 4 qolla töhfə verir. Qrup liderliyi uğrunda əsas mübarizə Kosova "Feniks”iylə "Araz” arasında gedir. Bu iki komandanın oyununda aşkar üstün olan Naxçıvan təmsilçisi heç cür kosovalıların qapısına yol tapa bilmirdi. "Araz” çoxsaylı qol vəziyyətləri yaratmasına baxmayaraq, matçdan futzalda az-az rast gəlinən 1:0 hesablı qələbə ilə ayrılır. Komandanın yeganə qoluna isə məhz Xətai imza atır.
Lakin elit-raund "Araz” üçün o qədər də uğurlu olmur. "Uqra” (Rusiya), "Nasional” (Xorvatiya) və "Hamburq”la (Almaniya) mübarizədə yalnız almanları məğlub edən, digər iki oyunda isə məğlub olan Naxçıvan təmsilçisi "dördlər finalı”ndan kənarda qalır.
Milliyə açılan qapı
Çıxış etdiyi klublarda özünü yaxşı tərəfdən göstərən Xətainin milliyə yolu 3 il öncə açılıb. O, ilk dəfə milliyə 27 yaşında, yığmamızın o vaxtkı baş məşqçisi Tino Peres tərəfindən dəvət alır. Peres Özbəkistana yoxlama oyunu keçirmək üçün yollanan milliyə Xətaini də dəvət edir. Sonradan Milton Luis və Biro Jadenin baş məşqçi olduğu yığmalara da mütəmadi olaraq çağırılır. Xətai ötən il Kolumbiyada təşkil edilən dünya çempionatında da yığmamızın heyətində yer alır. Millimiz tarixi ərzində ən yüksək nəticəyə imza ataraq, ilk dəfə qatıldığı DÇ-də 1/4 finaladək irəliləsə də, burda Portuqaliyaya uduzaraq (2:3) mübarizəni dayandırır.
Bu il isə Bakıda təşkil edilən Avropa çempionatının seçmə mərhələsində Xətai millidə diqqət mərkəzinə düşdü. Bosniya və Herseqovina, Macarıstan və Albaniya ilə bir qrupda mübarizə aparan yığmamız qrup qalibi kimi gələn il Sloveniyada təşkil ediləcək qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanır. Xətai millimizin qələbələrinə Albaniya ilə oyunda (5:0) 2, Macarıstanla matçda (6:1) isə 1 qolla töhfə verir.
Onun seçmə mərhələdə özünü yaxşı tərəfdən göstərməsi millimizin braziliyalı baş məşqçisi Biro Jadedə yerli futzalçılara inamı bir az da artırır. Braziliyalı mütəxəssis Albaniya ilə oyundan sonra açıqlamasında ölkəmizdə gələcəkdə güclü futzalçıların yetişəcəyinə inandığını deyib: "Komandaya dəvət etdiyim və birgə işlədiyim futzalçılara inanıram. Dünən Xətai Bağırov oynamadı, amma bu gün bütün oyunu meydanda keçirdi. Mümkün qədər hər bir oyunçuya meydana çıxması üçün şərait yaradırıq. Gələcəyə nikbin baxıram. Gənc oyunçularla işlədikcə, güclü futzalçılarımız yetişəcək. Azərbaycanlı oyunçular texniki oyuna üstünlük verirlər. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikasına görə ukraynalılarla müqayisə etmək olar”.
"Futzal mənə istədiyim həyatı verdi”
Xətai asudə vaxtını da çox vaxt dostları ilə futzal oynamaqla keçirir. Özünün sözlərinə görə, bu, vaxtını xoş keçirməklə yanaşı, formada qalmasına da şərait yaradır. O, "futzal sənə nə verib” sualını belə cavablandırdı: "İsa Atayev, Fərid Ələkbərov, Ramiz Çovdarov, Əjdər Mirzəliyev...adlarını çəkməklə bitməz. Bu cür dostlar qazandırıb. Sevdiyim işdir. Futzal mənə istədiyim həyatı verdi. Çox böyük pullar qazanmasam da, həyatda əldə etdiyim şeylərin çoxunu futzala borcluyam”.
Xətainin top oyununa olan sevgisi, hətta uzun müddət işsiz qaldığı dövrdə də bu idman növündə uğur qazanacağına inamını azaltmayıb. Özünün sözlərinə görə, əsgərlikdə olduğu zaman futboldan kənarda qalsa da, qayıtdıqdan sonra dost-tanışın kinayəsinə rəğmən, öz yolundan çəkilməyib: "Uşaq vaxtından çox prinsipial olmuşam, rəqabəti sevmişəm. Əsgərlikdən qayıtdıqdan sonra 6 ay işləmədim. Formamı qorumaq üçün idman akademiyasının stadionunda məşq edirdim. Məndən bir kurs aşağı olan uşaqlar mənə baxıb deyirdilər ki, sən hələ də qaçırsan, bezmədin? Ancaq mən heç vaxt bezmədim, eyni əzmlə məşqlərimi davam etdirdim”.
O, gələcək karyerası barədə sualın cavabında uzun müddət oynamaq istədiyini, bunun üçün özündə güc gördüyünü deyir. Nümunə kimi isə hazırda birinci divizionda çıxış edən Ağatahir Əzimovu göstərir. Deyir ki, hələ indi də onunla oynayanda yeni nə isə öyrənməyə çalışır.
Əsas hədəfləri
O, hazırda əldə etdikləri ilə kifayətlənmir. Əsas məqsədi isə "Araz”la və milli komanda ilə maksimuma nail olmaqdır: "Araz”ın heyətində ən azı "dördlər finalı”nda oynamaq istərdim. Milli ilə birlikdə keçən il yaxşı nəticəyə imza atdıq. Gələn il Avropa çempionatında çıxış edəcəyik. Həmin yarışda ən azı yarımfinala yüksəlmək istəyirəm. Məncə, millimiz buna qadirdir”.
Portret
Çox az insan 20 yaşınadək ciddi uğur qazanmadığı sahədə fəaliyyətini davam etdirir. Həyatının müəyyən dövründə hətta sevimli idman növündən kənarda qalan Xətai isə əzmlə arzusunun arxasınca gedib. Hələ uşaq vaxtından bir çox çətinliklərə sinə gərən Bağırov, hazırda millinin daimi üzvlərindən hesab edilir. Onun vurduğu hər qol isə sıravi azarkeşlərdə, millinin məşqçilər korpusunda yerli futzalçılara inam yaradır. Xətai istər millidə, istərsə də "Araz”ın heyətində beynəlxalq arenalarda vurduğu qollarla təkcə öz vəzifəsini yerinə yetirmir, həm də, azərbaycanlıların da futzalı bacardığını sübut edir.

banner

Oxşar Xəbərlər